Ana Sayfa > Siyasət > Azərbaycan dövlətçiliyinin xilas günü
Azərbaycan dövlətçiliyinin xilas günüBu gün, 14:37. Yazar: azer |
![]() “Azərbaycanın müasir tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız bir siyasi hadisə ilə məhdudlaşmır, bütöv bir dövlətçilik mərhələsinin əsasını təşkil edir. 15 İyun – Milli Qurtuluş Günü məhz belə taleyüklü tarixlərdəndir. Bu gün Azərbaycan xalqının müstəqil dövlətçilik idealını qoruyub saxladığı, ölkənin parçalanma və müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyduğu dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü ilin 15 iyununda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkənin siyasi həyatında yeni bir dönəm başlandı. Sonrakı hadisələr göstərdi ki, həmin gün qəbul olunan qərarlar yalnız mövcud böhranın aradan qaldırılmasına deyil, həm də respublikanın gələcək inkişaf modelinin formalaşdırılmasına xidmət edib”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan son dərəcə mürəkkəb daxili və xarici çağırışlarla üzləşmişdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkədə iqtisadi tənəzzül dərinləşir, dövlət idarəçiliyi sistemi isə ciddi böhran yaşayırdı. Ayrı-ayrı silahlı dəstələrin fəaliyyəti, separatçı meyillərin güclənməsi, hakimiyyətdaxili qarşıdurmalar və siyasi qeyri-sabitlik ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ilin yayında yaranmış vəziyyət artıq təkcə idarəçilik böhranı deyil, milli təhlükəsizlik və dövlətçilik xarakteri daşıyırdı. Azərbaycanın müstəqilliyinin taleyi sual altında idi. Həmin dövrün hadisələrini təhlil edən ekspertlər və siyasi müşahidəçilər yekdil şəkildə qeyd edirlər ki, respublikamız öz tarixinin ən ağır sınaqlarından birini yaşayırdı. Belə bir mürəkkəb şəraitdə xalqın ümidləri Naxçıvanda fəaliyyət göstərən görkəmli dövlət xadimi Heydər Əliyevə yönəlmişdi. Zəngin siyasi təcrübəyə və yüksək idarəçilik bacarığına malik olan Heydər Əliyev xalqın və siyasi dairələrin çoxsaylı çağırışlarına cavab verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi. “Bu qayıdış Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi. İyunun 15-də Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi ölkənin xilası prosesinin əsasını qoydu. Sonralar həmin tarix Milli Qurtuluş Günü kimi dövlət bayramı elan edildi. Ümummilli Lider bu vəzifədə ilk çıxışlarından etibarən dövlət müstəqilliyinin qorunmasını əsas prioritet seçdi və bütün fəaliyyətini Azərbaycanın müstəqil, güclü və sabit dövlət kimi tərəqqisinə həsr edəcəyini bildirdi. Məhz bu siyasi kurs sonrakı onilliklər ərzində ölkənin inkişaf strategiyasının təməlinə çevrildi”,-deyən millət vəkilinin sözlərinə görə, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə, ilk növbədə ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində ardıcıl tədbrilər həyata keçirildi. Qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, dövlət institutları möhkəmləndirildi, hüquqi dövlət quruculuğunun əsasları yaradıldı. 1994-cü ildə əldə olunan atəşkəs ölkədə iqtisadi və siyasi islahatların aparılması üçün əlverişli şərait formalaşdırdı. Elə həmin il imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi inkişafının təməlini qoyaraq ölkəni beynəlxalq enerji xəritəsində mühüm aktora çevirdi. Sevinc Fətəliyeva qeyd edib ki, Heydər Əliyevin müəllifi olduğu enerji strategiyası Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi, xarici investisiyaların cəlb olunmasına imkan yaratdı və ölkənin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Siyasi sabitlik və iqtisadi yüksəliş paralel şəkildə gedərək müasir Azərbaycan dövlətinin sütunlarını formalaşdırdı. Onun sözlərinə görə, Milli Qurtuluşla başlanan inkişaf yolu sonrakı illərdə Azərbaycanı regionun aparıcı siyasi, iqtisadi və hərbi güclərindən birinə çevirdi. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadi potensialın gücləndirilməsi, müasir Silahlı Qüvvələrin formalaşdırılması və balanslaşdırılmış xarici siyasət ölkənin strateji imkanlarını genişləndirdi. “Bu xüsusda, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması Milli Qurtuluşdan sonra formalaşdırılan dövlətçilik strategiyasının ən mühüm nəticələri kimi qiymətləndirilir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət və güclü ordu siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə uğurla davam etdirildi. Nəticədə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu gün Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramının uğurlu icrası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı Milli Qurtuluş ideyalarının real təcəssümüdür”, - deyən deputat əlavə edib ki, müasir dövrdə 15 İyun yalnız tarixi hadisənin ildönümü deyil, dövlətçilik ənənələrinin, siyasi sabitliyin, milli həmrəyliyin və müstəqil inkişaf kursunun simvoludur. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu məhz Milli Qurtuluş Günü ilə sıx bağlıdır. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional və qlobal təşəbbüslərin fəal iştirakçısı kimi çıxış edir. Ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, Orta Dəhlizin inkişafı, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəallığı, Qlobal Cənubla əməkdaşlıq siyasəti və mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir. “Tarixi proseslərə bugünkü reallıqlar prizmasından baxdıqda aydın görünür ki, 15 İyun 1993-cü il iflasın və böhranın deyil, ölkənin gələcək inkişaf istiqamətini müəyyən edən, müstəqil dövlətçiliyin qorunmasını təmin edən və Azərbaycanın qalib, suveren dövlət kimi formalaşmasının əsasını qoyan strateji dönüş nöqtəsidir. Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında dövlətçiliyin xilası, sabitliyin bərpası və müasir inkişaf yolunun başlanğıcı kimi daim yaşayacaq. Bu tarixdən başlanan yol isə Azərbaycanı müstəqillikdən qüdrətli dövlətə, qurtuluşdan isə Zəfərə aparan şərəfli tarixi salnaməyə çevrilib”,-deyə deputat vurğulayıb. Geri dön |