Ana Sayfa > Özəl > Gülər Sultanzadə: "Azərbaycan–Türkiyə müttəfiqliyinin siyasi zirvəsi"
Gülər Sultanzadə: "Azərbaycan–Türkiyə müttəfiqliyinin siyasi zirvəsi"Bu gün, 13:16. Yazar: azer |
![]() Dövlətlərin tarixində elə qərarlar olur ki, onların əhəmiyyəti yalnız imzalandığı günün siyasi gündəliyi ilə məhdudlaşmır. Belə qərarlar gələcək onilliklərin strateji kursunu müəyyən edir, yeni siyasi baxış formalaşdırır və bütöv regionların inkişaf istiqamətlərinə təsir göstərir. Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi də məhz bu mahiyyəti daşıyan tarixi sənədlərdən biridir. Bu sənəd iki qardaş ölkə arasında münasibətlərin hüquqi çərçivəsini genişləndirməklə yanaşı, dövlətlərarası əməkdaşlığın yeni modelini də ortaya qoymuşdur. Şuşada atılan imza əslində siyasi münasibətlərin adi inkişaf mərhələsi deyildi. Burada diqqəti çəkən əsas məqam müttəfiqlik anlayışının məzmununun daha da genişləndirilməsi idi. Çünki söhbət yalnız ikitərəfli əlaqələrin inkişafından getmirdi. Burada qarşılıqlı təhlükəsizlik, ortaq siyasi maraqlar, iqtisadi inteqrasiya, regional sabitlik və gələcək strateji hədəflər vahid platformada birləşdirilmişdi. Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib. Müsahibimiz bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa Bəyannaməsi ilə bağlı səsləndirdiyi fikirlər bu məqamı aydın şəkildə ifadə edir: "İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb." Bu yanaşmanın mühüm cəhəti ondan ibarətdir ki, burada keçmişə qayıdış deyil, keçmişdən gələcəyə doğru uzanan siyasi xətt görünür. Tarixi yaddaş siyasi strategiyaya çevrilir və ortaq dəyərlər dövlət siyasətinin mühüm elementinə çevrilir. Son illərdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan proseslər göstərir ki, regional əməkdaşlıq modelləri qlobal təsir imkanlarının formalaşmasında mühüm rol oynayır. Ayrı-ayrı dövlətlərin təkbaşına fəaliyyət imkanları məhdudlaşdıqca, strateji ittifaqların əhəmiyyəti daha da artır. Azərbaycan–Türkiyə münasibətləri bu baxımdan fərqli nümunə hesab olunur. Çünki burada tərəfdaşlıq formal siyasi münasibətlər üzərində deyil, qarşılıqlı etimad və uzunmüddətli strateji maraqlar üzərində qurulmuşdur. Şuşa Bəyannaməsi məhz bu münasibətləri daha yüksək səviyyəyə daşıdı. Xarici siyasət sahəsində əlaqələndirilmiş fəaliyyət mexanizmləri, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, təhlükəsizlik məsələlərində ortaq yanaşmalar və iqtisadi əməkdaşlığın genişləndirilməsi yeni siyasi mərhələnin əsas xüsusiyyətlərindən birinə çevrildi. Müasir dövrün əsas məsələlərindən biri enerji təhlükəsizliyi ilə bağlıdır. Enerji resursları artıq yalnız iqtisadi imkan deyil, həm də siyasi təsir vasitəsi kimi çıxış edir. Azərbaycan və Türkiyə bu istiqamətdə həyata keçirdikləri layihələrlə regionun enerji xəritəsinə yeni məzmun qazandırmışdır. Enerji marşrutlarının şaxələndirilməsi, yeni layihələrin həyata keçirilməsi və tranzit imkanlarının genişləndirilməsi hər iki ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə mühüm təsir göstərir. İqtisadi əməkdaşlıq sahəsində qarşılıqlı investisiyaların genişlənməsi də xüsusi diqqət çəkir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri, sənaye potensialının inkişafı və müasir infrastrukturun qurulması yeni iqtisadi imkanlar yaradır. Bu proses yalnız Azərbaycanın iqtisadi inkişafına xidmət etmir. Eyni zamanda regionda yeni investisiya mühitinin formalaşmasına və beynəlxalq iqtisadi əlaqələrin genişlənməsinə də şərait yaradır. Şuşa Bəyannaməsinin mühüm istiqamətlərindən biri də təhlükəsizlik və müdafiə məsələləridir. Son illərin siyasi hadisələri göstərdi ki, təhlükəsizlik anlayışı artıq daha geniş məna daşıyır. Buraya hərbi qüdrətlə yanaşı, texnoloji imkanlar, informasiya təhlükəsizliyi və koordinasiya mexanizmləri də daxildir. Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi əməkdaşlığı, birgə təlimlər və müasir texnologiyaların tətbiqi gələcək təhlükəsizlik sisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsinin başqa mühüm tərəfi isə onun gələcəyə hesablanmış siyasi xarakter daşımasıdır. Sənəddə əks olunan prinsiplər qısa müddətli məqsədlər üçün deyil, uzunmüddətli strateji baxış əsasında müəyyənləşdirilmişdir. Cənab Prezident İlham Əliyevin səsləndirdiyi digər fikir də bu strateji baxışın mahiyyətini açıqlayır: "Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir." Bu istiqamət artıq müəyyən olunub. Azərbaycan və Türkiyə arasında münasibətlər yeni mərhələyə daxil olub və bu mərhələ təkcə iki ölkənin maraqlarını deyil, regionun təhlükəsizliyi, inkişafı və gələcək siyasi arxitekturasını da özündə birləşdirir. Şuşada imzalanmış sənəd siyasi qərar olmaqla yanaşı, həm də böyük dövlət iradəsinin ifadəsidir. Bu iradə isə regional sabitliyi möhkəmləndirən, əməkdaşlıq imkanlarını genişləndirən və gələcək inkişafın strateji xəritəsini müəyyən edən yeni siyasi zirvənin əsasını təşkil edir- deyə Gülər Sultanzadə fiktini yekunlaşdırıb. Geri dön |