Ana Sayfa > Gündəm > Milli Məclisin deputatı Asif Əsgərovun Zaqatala rayonunda vətəndaşlarla və şəhid ailələri ilə görüşləri davam edir
Milli Məclisin deputatı Asif Əsgərovun Zaqatala rayonunda vətəndaşlarla və şəhid ailələri ilə görüşləri davam edirBu gün, 10:27. Yazar: azer |
![]() Milli Məclisin deputatı Asif Əsgərovun Zaqatala rayonunda vətəndaşlarla və şəhid ailələri ilə görüşləri davam edir. aia.az xəbər verir ki, növbəti vətəndaş qəbulu Zaqatala rayonunun Kəpənəkçi kəndində keçirilib. Qəbulda Yeni Azərbaycan Partiyası Zaqatala Rayon Təşkilatının sədri Fərid Ramazanov, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri də iştirak ediblər. Qəbul zamanı kənd sakinlərinin müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətrafında geniş müzakirələr aparılıb. Sakinlərin əsas müraciətləri elektrik təsərrüfatının yaxşılaşdırılması, torpaq məsələləri, sosial-məişət problemləri və digər məsələlərlə bağlı olub. Qaldırılan bəzi məsələlər yerində araşdırılaraq həllini tapıb, millət vəkilinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib və nəzarət götürülüb. Qəbul zamanı daxil olan müraciətlər əsasında bir sıra aztəminatlı ailələrə maddi yardım göstərilib. Daha sonra Kəpənəkçi kəndində qəzalı vəziyyətdə olan məktəb binasına da baxış keçirilib. Kənd sakinlərinə məlumat verilib ki, Elm və Təhsil Nazirliyinə ünvanlanan çoxsaylı müraciətlər və aparılan müzakirələr nəticəsində Kəpənəkçi kənd tam orta məktəbinin yenidən qurulması məsələsi nazirliyin cari il üzrə tədbirlər planına daxil edilib. Plana əsasən, qəzalı məktəb binasının yerində cari il ərzində modul tipli yeni məktəb binasının tikintisinə başlanılması nəzərdə tutulur. Günün ikinci yarısında millət vəkili Asif Əsgərov Aşağı Tala kəndində Vətən uğrunda canından keçmiş şəhid Şabanov Şabanın ailəsini ziyarət edib. Görüş zamanı ailənin qayğı və problemləri ilə maraqlanılıb, onların fikir və təklifləri dinlənilib. Qeyd olunub ki, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulur. Şəhid ailələrinə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır. Görüşlər zamanı həm vətəndaşlar, həm də şəhid ailəsi ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara, şəhid ailələrinə və həssas sosial qruplara göstərdiyi yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər. Millət vəkili Asif Əsgərov vətəndaşların müraciətlərinin operativ araşdırılması, mövcud problemlərin həlli, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması və insanların qayğılarının diqqətdə saxlanılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdiriləcəyini bildirib. Geri dön |