Ana Sayfa > Karusel / Özəl / Qərbi Azərbaycan > Vətən səmasının əbədi sakini şəhid mayor Murad Məmmədovun ocağı ziyarət olunub
Vətən səmasının əbədi sakini şəhid mayor Murad Məmmədovun ocağı ziyarət olunubDünən, 19:30. Yazar: Semsi |
![]() Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini uca tutmaq, onların bizlərə əmanət qalan ailələrinə dayaq olmaq hər birimizin mənəvi borcudur. Bu istiqamətdə Amasiya Rayon İcmasının Qadınlar Şurası hər zaman böyük fəallıq və həssaslıq nümayiş etdirir. Şura üzvləri rayon icmasının rəhbərliyi ilə birgə mütəmadi olaraq şəhid ailələrini, qazilərimizi və müharibə veteranlarını ziyarət edir, onların qayğıları, ehtiyacları ilə yaxından maraqlanır. İcmanın fədakar qadınları hər bir qəhrəman ocağını doğma bilərək, şəhid analarının hüznünü və qürurunu bölüşməyi özlərinə mənəvi vəzifə hesab edirlər. Bu nəcib ənənənin davamı olaraq, Amasiya Rayon İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə növbəti xeyirxah ziyarət reallaşıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən, xidməti vəzifəsini yerinə yetirərkən təlim uçuşu zamanı şəhidlik zirvəsinə ucalan hərbi pilot, mayor Murad Məmmədovun ailəsi ziyarət edilib. Bu görüş həm dərin bir hüznün, həm də şəhidimizin ruhuna olan sonsuz ehtiramın və qürurun təzahürünə çevrilib. ![]() Azərbaycan dövləti və xalqı hər zaman şəhidlərimizin xatirəsini uca tutur, onların ailələrini tək qoymur və hər bir qəhrəmanın adını yaddaşlara həkk edir. Mayor Murad Məmmədovun ailəsinə edilən bu ziyarət də həmin böyük diqqətin və mənəvi dəstəyin növbəti nümunəsidir. Görüşdə şəhidimizin anası Mürvət xanım, digər bir qəhrəmanımızın — şəhid Orxan Hüseynovun anası, həkim-pediatr Xalidə Hüseynova, Amasiya Qadınlar Şurasının sədri Teyfə Zilfiqarova ilə bərabər, qədirbilən xalqımızın nümayəndələri yaxından iştirak ediblər. Ziyarətçilər arasında Oxçoğlu kənd icmasından Zoya Əliyeva, Məhəbbət xanım, Flora xanım,Güllübulaq kənd icmasından Nazxanım Mustafayeva, Bağdagül xanım və Natavan xanım, Mağaracıq kənd icmasından Tamam xanım və Bahar xanım yer alıblar. ![]() Görüşün ən təsirli və yaddaqalan məqamları şəhid mayorun doğma ocağında, onun xatirələri ilə dolu olan otağında yaşanıb. Anası Mürvət xanım qonaqlara Muradın şərəfli, lakin erkən yarım qalmış həyat yolundan bəhs edib. O, sadəcə göylərə aşiq bir pilot deyil, həm də incə ruhlu bir sənətkar idi. Mürvət xanım oğlundan geriyə qalan, onun daxili dünyasını, arzularını və hisslərini əks etdirən rəsmləri qonaqlara təqdim edib. Muradın böyük sevgi və zövqlə ərsəyə gətirdiyi əl işləri ziyarətçiləri dərindən mütəsir edib. Hər bir fırça zərbəsində, hər bir naxışda bir qəhrəmanın Vətənə, təbiətə və insana olan sonsuz sevgisi boy göstərirdi. Göylərin hakimi olan bir hərbiçinin rənglərin dilində danışması onun necə zəngin bir qəlbə sahib olduğunun sübutu idi. ![]() Ziyarət zamanı çıxış edənlər şəhid Murad Məmmədovun və bütün şəhidlərimizin Vətən uğrunda göstərdikləri şücaət, fədakarlıq və mərdliyi yüksək qiymətləndiriblər. Vurğulanıb ki, canını torpağa fəda edən oğulların xatirəsi xalqımızın yaddasından heç vaxt silinməyəcək, onların adı gələcək nəsillərə örnək olacaqdır. Görüşün sonunda şəhid ailəsinə dərin hüznlə başsağlığı verilib, onlara Tanrıdan səbir, dözüm və mətanət arzulanıb. Bu addım bir daha sübut etdi ki, Vətən göylərini qoruyan mərdi-məydan oğullar heç vaxt unudulmur, onların ailələri isə bütün Azərbaycanın doğması, əzizidir. Allah şəhidimiz mayor Murad Məmmədova rəhmət eləsin! Ruhun şad olsun, göylərin əbədi şahini! Şəmsi Qoca Geri dön |