Ana Sayfa > Özəl > Rusiya və Ukrayna gizli hazırlıqda: Görüş üçün Bakı da namizədlər arasındadır

Rusiya və Ukrayna gizli hazırlıqda: Görüş üçün Bakı da namizədlər arasındadır


Bu gün, 20:24. Yazar: vasif
Rusiya və Ukrayna gizli hazırlıqda: Görüş üçün Bakı da namizədlər arasındadır


Rusiya və Ukrayna arasında döyüşlər davam etsə də, son günlər diplomatik müstəvidə diqqətçəkən siqnallar verilir. Ekspertlərin fikrincə, həm Moskva, həm də Kiyev müharibənin yaratdığı ağır nəticələri nəzərə alaraq mümkün danışıqlar üçün zəmin formalaşdırmağa çalışır.

Siyasi analitik Aqşin Kərimovun sözlərinə görə, Vladimir Putinin Volodimir Zelenskiyə münasibətdə ritorikasını yumşaltması və Ukrayna liderinin birbaşa görüş təklifi verməsi təsadüfi deyil. Hər iki tərəf gələcək danışıqlara daha güclü mövqedən getmək üçün həm diplomatik, həm də hərbi sahədə fəaliyyətini davam etdirir.

Ekspert hesab edir ki, Rusiyanın cəbhədə irəliləyiş tempi əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib. Eyni zamanda Ukraynanın Rusiya daxilində həyata keçirdiyi pilotsuz aparat və kəşfiyyat əməliyyatları Kreml üçün əlavə təzyiq yaradır.

Bununla yanaşı, Ukrayna da ciddi çağırışlarla üz-üzədir. Canlı qüvvə çatışmazlığı, Qərbin dəstəyi ilə bağlı qeyri-müəyyənlik və daxili siyasi narazılıqlar Kiyev üçün risk faktorları olaraq qalır.

Analitikin fikrincə, Putin və Zelenskinin görüşü tamamilə istisna edilmir. Belə bir görüşə ev sahibliyi edə biləcək ölkələr sırasında Türkiyə, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir.

Lakin ekspert vurğulayır ki, mümkün danışıqların gündəmə gəlməsi müharibənin yaxın vaxtlarda dayanacağı anlamına gəlmir. Əksinə, hər iki tərəf diplomatik masaya daha üstün mövqedən əyləşmək üçün hərbi əməliyyatları davam etdirməyə çalışır.
Geri dön