Ana Sayfa > Karusel / Özəl / Qərbi Azərbaycan / Yazar5 > Ruhun işığında:
Ruhun işığında:Bu gün, 14:14. Yazar: Semsi |
![]() Poeziya bəzən insanın öz içindəki sonsuzluğu kəşf etməsi, bəzən də kainatla söhbətin ən səmimi formasıdır. Əslən Qərbi Azərbaycandan olan, o torpağın müqəddəs nisgilini və qədimliyini ruhunda yaşadan Lamiyə Cəlilova, Bakı şəhərində dünyaya göz açıb. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini həm bakalavr, həm də magistr pilləsi üzrə fərqlənmə diplomları ilə başa vuran müəllif, hazırda 170 nömrəli məktəbdə gənc nəslə ana dilimizin zənginliyini və ədəbiyyatımızın incəliklərini aşılayır. Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi sözün məsuliyyətini və gücünü dərindən hiss edən şairin dünyası, göylərin ənginliyindən süzülüb gələn nur damlaları kimidir. Lamiyənin şeirləri Tanrını hər açılan səhərdə, ananın isti nəfəsində, küləyin saçlarda rəqsində görən bir könülün etirafıdır. Onun poeziyasında ilahi eşq və bəşəri mərhəmət vəhdət təşkil edir. Məsələn, "Ürəyi vardı" şeirində müəllif insanın varlığını mərhəmət anlayışı ilə tamamlayır: Çörək qırıntıları vardı ciblərində, Qəfil uçub gələn quşlar üçün. Bu misralar insanın kiçik bir qayğı ilə belə kainata necə işıq saça biləcəyini göstərir. Eyni humanist mövqe “Xoşbəxt olacaqsanmı?” şeirində bir manifest kimi səslənir: Ciblərində çörək qırıntısı daşı, İnsan, Soyuqda üşüyən quşları yedirmək üçün... Ancaq İnsan olacaqsan. Burada xoşbəxtlikdən daha yüksək bir amalın, yəni "İnsan qalmağın" vacibliyi vurğulanır. Müəllifin şeirlərindəki ən maraqlı fəlsəfi çalarlardan biri də ümidsizliklə mübarizədir. O, bu düşüncəsini belə ifadə edir: Bağlanan qapı ardında qalan arzuların Açılan pəncərədə cücərən ümidlərindədi. Bu misralar bizə qapıların bağlandığı yerdə pəncərələrin açıldığını xatırladır. Lamiyənin qadın obrazı isə fırtınaya meydan oxuyan bir azadlıq rəmzidir: Rəqs et, qadın! Əllərini qaldır və qu kimi süz, rəqs et! Barmaqların üzərinə qalx və göylərə toxun, Qolların qanadların olsun. Bu misralar insanın daxili azadlığını və həyata olan sonsuz sevgisini tərənnüm edir. Onun şeirləri yalnız söz yığını deyil, insanın daxili dünyasını təmizləyən və onu mənəvi bir yüksəlişə çağıran saf bir çeşmədir. Bunu Lamiyənin aşağıda dəyərli oxuculara təqdim etdiyimiz poetik nümunələrindən də görmək olar. Şəmsi Qoca Şair-publisist Mən Tanrını görürəm.... Tanrı... Tanrı... O, açılan sabahda, sərin mehdən dalğalanan zəmidə, Küləkli havada uçmağa cəhd edən quşların mücadiləsində, duasındadı... Anamın isti nəfəsində, yanında olduqda belə onun üçün darıxmağımdadı... Açılan səhərdə, ağlayan yağışlardadı. Göz yaşının duzlu daddığının fərqinə varan bir körpə təbəssümündədi. Bağlanan qapı ardında qalan arzuların açılan pəncərədə cücərən ümidlərindədi. Hər gün açılan səhərdədi, hər gün düşən gecədədi. Tanrı Qaf dağına zəncirlənmiş Prometeyin əbədi əzabında, əbədi doğuluşundadı. Tanrı Sizifin bitməyən əzabındadı. Tanrı hər yerdədi! Vicdanımızda, ruhumuzda, qəlbimizdədi... Mərhəmətimizdə, səxavətimizdədi... Və mən Onu görürəm! Və mən Onu görürəm... Şükranlığımda görürəm, ümidlərimdə görürəm, Hər an qəlbimdə səslənən musiqidə görürəm! Mən Tanrını görürəm! Anamın isti əllərində, qayğıkeş gözlərində görürəm, Mənim üşün dua edən səsində, nəfəsində görürəm, Atamın saçıma çəkdiyi mehriban əllərində görürəm. Mən Tanrını görürəm... Hər kədərimdə qucağına sığınıb Onunla etdiyim söhbətlərdə görürəm... Qəlbimə qoyduğu çəhrayı ümidlərdə görürəm... Saçlarımda rəqs edən küləklərdə görürəm... Ala gözlərimdə yaşıl titrəmələrdə görürəm. Mən Allahı görürəm! O mənim özümdədi, O sənin özündədi, O bütün Yaradılışdadı. İçimdə Günəş doğdu, içimdə ümid doğdu, Rəngi çəhrayı...kölgəsi qızılı... Mən Tanrını görürəm ! Mən Tanrını görürəm! Görürəm ! Bakı. 06.12.2025 Bir musiqi var... Bir musiqi var, çalınır qəlbimdə gecə-gündüz, Bir musiqi var, yol gəlir min illərdi söz-söz. Göz yaşlarım ilmə olur, daha sonra xalça üstə naxış olur, Ovudur, isidir, gah yandırır, gah ağrıdır, Süzülür qəlbimdən ovuclarıma, Qurudur onları dəli küləklər, saçlarıma çələng toxuyan dəli küləklər. İçimdə bir Sarı gəlin gəzir, Elə asta, elə zərif, elə məsum. İçimdə bir cünun gəzir, qəlbi insandan incik, ruhu Tanrı səcdəsində... Bir mahnı var, çalınır qəlbimdə, Bir mahnı var yolun sonunacan mənlə. Açır içimdə güllər, açır içimdə sözlər, Aylı gecəyə güzgü olur sakit sular. Sonra... daha sonrası olmur... Nağılları yalan olan dünyada daha sonrası olmur... Bakı. 10.01.2026 Ürəyi vardı... ...Çörək qırıntıları vardi ciblərində, Qəfil uçub gələn quşlar üçün. Mərhəməti vardı qəlbində, Üşüyəni, inciyəni, yıxılanı qorumaq üçün, Çünki ürəyi vardı... Çünki ürəyi vardı... Bakı. 15.02.2026 *** Xoşbəxt olacaqsanmı? Köksündə ürək daşı, İnsan, Yıxılanı qaldırmaq, ruhunu sarmaq üçün. Ciblərində çörək qırıntısı daşı, İnsan, Soyuqda üşüyən quşları yedirmək üçün. Xoşbəxt olacaqsanmı? Bilmirəm... Ancaq İnsan olacaqsan. Bakı. 15.02.2026 *** Al yelkənli gəmi Başını dik tut! Və küçənin günəşli tərəfilə addımla. Addımla, tələs! Tələs yaşamağa, tələs rəqs etməyə, Unutma: Ən gözəl rəqs üçün Özün Özünə bəssən. Rəqs et yağışla, rəqs et küləklə, rəqs et Günəşlə. Şükr et! Sev! Yaşa! Sev Yaradanı! Sev Yaradılışı! Sev Ana-Atanı! Bu müqəddəs sevgi üçün şükr et Tanrıya! Sanki bir quş lələyi kimi çəkisiz ol, Ümidlərini açılan səhərə və Tanrının yoluna çıxardığı xeyirxah İnsanlara bağla. Kömək et, kömək al... Həyatlara toxun təbəssümünlə, xeyirxah niyyətinlə, işığınla, Həyatlara toxun! Addımla, bəzən qaç, qaça bildiyin qədər, Buzlu havada təngisin nəfəsin. Ürəyin döyünsün, təbəssümün qara, yağışa, küləyə qarışsın. Kədərin ardından gələn hüzuru, xoşbəxtliyi gözlə, Unutma! Gözlədiyin Al yelkənli gəmilər gələcək! Gələcək! Azad ol, məlhəm ol külək kimi... Əs, coş! Bir gün, əlbət, gözlədiyin qırmızı yelkənli gəmilər gələcək! Azad ol, məlhəm ol külək kimi, əs, coş... Bir gün gözlədiyin al yelkənli gəmilər gələcək, Azad ol, məlhəm ol külək kimi, əs, coş, Bir gün gözlədiyin al yelkənli gəmilər gələcək! Gələcək! Mütləq Gələcək! Bakı. 15.02.2026 Qadın Rəqs et, qadın! Əllərini qaldır və qu kimi süz, rəqs et! Barmaqların üzərinə qalx və göylərə toxun, Qolların qanadların olsun, Çırpın, üsyan et, uç uça bildiyin qədər. Yellər belə sənə çatmasın, çata bilməsin, Üz , balıqlar belə izinə düşməsin. Şeirlər yaz gecələr, səhərlərin gecələrin güzgüsü olsun. Hər misran quşların qanadında , dimdiyində duaya çevrilsin, Çatsın Tanrıya. Ruhun göylərdə süzsün. Bəyaz libaslı qadın, süz qu kimi azadca, hürcə. Əllərin havada rəsm cizsin: Sən və Mən. Rəsm çəkən qadın, çək bəşərin ağrısını, Körpələrin qorxu dolu baxışlarını, Ata-anaların çarəsiz, ağrı dolu gözlərini. Çək müharibələri, çək çiçəyə həsrət susuz səhraları, Çək dənizlərə, səhralara həsrət dünyanı. Çək zəhmətdən qabar olmuş əllərin rəsmini, Çək sevgi adlı müqəddəs tablonu. Saçları payız qadın, yaz, bəstələ, rəsm çək Və yaşa! Və sev! Və hiss et ! Bir quşun dimdiyində dua kimisən, Hamıdan gizlisən, hamıdan daha aşkarsan. Dənizsən, buzlu havada uçmağa mücadilə edən fırtına quşundan daha üsyankarsan. Bəzən doğan Günəşsən, bəzən çörək ətrisən, Doğmasan mənə. Rəqs et, qadın, yaz-yarat , qadın. Şeirlər toxu, mahnılar oxu və xoşbəxt ol, qadın! Əs, coş, dalğalan, ləpələn! Hər Günəşin doğuşuyla yenidən doğul, qadın! Ovuclarına yağan qarlar duan olsun, Göylərdən düşən işıq qəlbinə hüzur və sevgi gətirsin. Yaşa, xoşbəxt ol! Aç əllərini, qollarını bir qu kimi, Ya dağlar arasında qıy vuran qartallar kimi. Rəqs et, ayaqların yerdə, əllərin göylərə doğru. Duam ol, doğmam ol, mənim ol, xoşbəxt ol! Əs, coş, dalğalan, ləpələn! Hər Günəşin doğuşuyla yenidən doğul, qadın! Ovuclarına yağan qarlar duan olsun! Göylərdən düşən işıq qəlbinə hüzur və sevgi gətirsin. Yaşa, xoşbəxt ol! Aç əllərini, qollarını bir qu kimi, Ya dağlar arasında qıy vuran qartallar kimi. Rəqs et, ayaqların yerdən üzülsün, əllərin Göylərə doğru... Əllərin Tanrıya doğru... Duam ol, doğmam ol, mənim ol, xoşbəxt ol! Duam ol, doğmam ol, mənim ol, xoşbəxt ol! Bakı. 09.03.2026 Və oyanıram... Bir ağ kəpənək hərlənir başım üstə, Günəşdən saralmış saçlarım uçuşur göylərə doğru. Bir quş ötür hardasa, Bir qurd baxır Göylərə doğru. O kəpənək mənəm, Dimdiyində dua ötən o quş mənəm ! Gözləri mavidən mavi o qurd mənəm! Bir qurdun mavi gözlərindən baxıram Göylərə, ...Və oyanıram... Başım üzərində qanad çalır kəpənəklər... Rəngi çəhrayı, qızılı, mavi, ağ, məxəri, min bir naxışlı... ... Və oyanıram... Qanad çalıram bir qızın günəş işığında parlayan, uçuşan qızılı telləri arasında.... Bakı. 27.05.2026 Geri dön |