Ana Sayfa > Özəl > Alimlər Günəş sistemində itmiş nəhəng planetin izlərini tapdı

Alimlər Günəş sistemində itmiş nəhəng planetin izlərini tapdı


Dünən, 23:11. Yazar: vasif
Alimlər Günəş sistemində itmiş nəhəng planetin izlərini tapdı


Astronomlar erkən Günəş sistemində əvvəllər məlum olmayan daha bir nəhəng planetin mövcud olmuş ola biləcəyini açıqlayıblar.

Beynəlxalq tədqiqat qrupu hesab edir ki, bu sirli buz nəhəngi milyardlarla il əvvəl Günəş sistemində formalaşıb, lakin sonradan güclü qravitasiya qarşılıqlı təsirləri nəticəsində ulduzlararası fəzaya atılıb.

Alimlərin araşdırmasına görə, həmin planetin cazibə qüvvəsi Uranın peyklərinin orbitlərinə ciddi təsir göstərərək onların toqquşmasına və xarici Günəş sisteminin indiki görünüşünün formalaşmasına səbəb olmuş ola bilər.

Tədqiqat çərçivəsində erkən Günəş sisteminin yüzlərlə kompüter modeli təhlil edilib. Nəticələr göstərib ki, bəzi ssenarilərdə Günəş ətrafında dörd deyil, beş və ya altı nəhəng planet mövcud olub. Sonrakı dövrlərdə isə bu planetlər arasında baş verən qravitasiya qarşıdurmaları nəticəsində onlardan biri sistemdən tamamilə uzaqlaşıb.

Araşdırma zamanı müəyyən edilib ki, Uranın peyk sistemində müşahidə olunan bəzi xüsusiyyətlər məhz belə bir nəhəng planetin təsiri ilə izah oluna bilər. Planetin yaxın keçidi peyklərin orbitlərini pozaraq onların bir-biri ilə toqquşmasına səbəb olub və nəticədə yeni peyklərin yaranmasına gətirib çıxarıb.

Mütəxəssislər bildirirlər ki, əgər bu nəzəriyyə təsdiqlənərsə, Günəş sisteminin tarixinin düşündüyümüzdən daha mürəkkəb olduğu ortaya çıxacaq. Beləliklə, milyardlarla il əvvəl sistemimizi tərk edən nəhəng bir planet bu gün yalnız orbitlərdə və peyklərin quruluşunda qalan izlərlə öz varlığını hiss etdirə bilər.
Geri dön