Ana Sayfa > Özəl > “Marsel” UEFA təhlükəsi ilə üz-üzə: Avropa Liqasından kənarlaşdırıla bilər

“Marsel” UEFA təhlükəsi ilə üz-üzə: Avropa Liqasından kənarlaşdırıla bilər


3-06-2026, 11:30. Yazar: vasif
“Marsel” UEFA təhlükəsi ilə üz-üzə: Avropa Liqasından kənarlaşdırıla bilər


Fransanın məşhur futbol klubu “Marsel” UEFA-nın maliyyə qaydaları ilə bağlı ciddi problemlə üzləşib. Klubun Avropa turnirlərində iştirakı təhlükə altına düşə bilər.

Məlumata görə, “Marsel” bir neçə il əvvəl UEFA qarşısında maliyyə sabitliyinin təmin olunması ilə bağlı öhdəlik götürsə də, son mövsümlərdə qeydə alınan böyük maliyyə itkiləri qurumun diqqətini yenidən kluba yönəldib.

Bildirilir ki, son üç mövsüm ərzində klubun zərəri nəzərdə tutulan həddi əhəmiyyətli dərəcədə aşaraq 157 milyon avroya çatıb. Bu səbəbdən UEFA yaxın günlərdə klubun maliyyə vəziyyətini ətraflı araşdıracaq.

Ekspertlərin fikrincə, “Marsel” rəhbərliyi yaranmış vəziyyəti əsaslandırmaq üçün Fransa çempionatında televiziya yayım hüquqları bazarında yaşanan maliyyə problemlərinə istinad edə bilər.

Lakin UEFA təqdim olunacaq izahatları qənaətbəxş hesab etməzsə, klubu cərimə, transfer məhdudiyyəti və hətta Avropa Liqası yarışlarından kənarlaşdırılma kimi ciddi sanksiyalar gözləyə bilər.

Futbol ictimaiyyəti indi UEFA-nın yekun qərarını gözləyir. Bu qərar “Marsel”in növbəti mövsümdə Avropa səhnəsində çıxış edib-etməyəcəyini müəyyənləşdirə bilər.
Geri dön