Ana Sayfa > Manşet / Siyasət > Praqmatik enerji strategiyası dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq amilidir
Praqmatik enerji strategiyası dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq amilidirDünən, 22:35. Yazar: azer |
![]() Müasir Azərbaycanın beynəlxalq nüfuzu, iqtisadi qüdrəti və regional liderlik mövqeyi haqqında danışarkən enerji siyasətinin rolunu xüsusi vurğulamaq lazımdır. Son otuz ildən artıq müddətdə həyata keçirilən məqsədyönlü enerji strategiyası təkcə iqtisadi inkişafın deyil, həm də siyasi müstəqilliyin, milli təhlükəsizliyin və beynəlxalq əməkdaşlığın əsas sütunlarından birinə çevrilib. Prezident İlham Əliyevin iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı bu siyasətin uğurlarını, əldə olunan nəticələri və gələcək perspektivləri nümayiş etdirir. Bu gün dünyanın aparıcı enerji platformalarından biri hesab olunan “Bakı Enerji Həftəsi”nin əsası 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi ilə qoyulub. Zaman keçdikcə bu sərgi inkişaf edərək daha geniş miqyas alıb və nəticədə çoxsaylı beynəlxalq tədbirləri, konfransları, biznes forumlarını və əməkdaşlıq platformalarını özündə birləşdirən “Bakı Enerji Həftəsi”nə çevrilib. Bu mötəbər tədbir artıq dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndəni bir araya gətirərək enerji sahəsində qlobal dialoqun mühüm mərkəzlərindən biri kimi çıxış edir. 1996-cı ilin iyun ayında imzalanmış “Şahdəniz” müqaviləsi isə Azərbaycanın qaz strategiyasında yeni dövrün başlanğıcı oldu. Dünyanın ən böyük qaz yataqlarından biri hesab olunan “Şahdəniz” layihəsi sonrakı illərdə təkcə ölkənin deyil, bütövlükdə Avrasiyanın enerji xəritəsinin yenidən formalaşmasına mühüm təsir göstərdi. Bu gün Azərbaycan qazının beynəlxalq bazarlara çıxarılması və enerji təhlükəsizliyinə töhfə verməsi məhz həmin strateji qərarın nəticəsidir. Prezident İlham Əliyevin çıxışında vurğulanan məsələlərdən biri də ölkənin makroiqtisadi göstəricilərinin yüksək səviyyədə olması idi. Son illərdə həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan regionun ən dayanıqlı iqtisadiyyatlarından birinə çevrilib. Aparıcı beynəlxalq reytinq agentliklərinin ölkəyə investisiya dərəcəli reytinq verməsi iqtisadi sabitliyin və maliyyə dayanıqlığının beynəlxalq səviyyədə tanındığını təsdiqləyir. Yoxsulluğun 5 faiz səviyyəsinə enməsi, işsizliyin minimum göstəricilər sırasında olması və sosial rifahın yüksəlməsi həyata keçirilən siyasətin real nəticələridir. Maliyyə müstəqilliyinin təmin olunması istiqamətində atılan addımlar nəticəsində bu gün xarici borcun ümumi daxili məhsuldakı payı cəmi 6 faizdən bir qədər çoxdur. Bu göstərici dünyanın ən aşağı borclanma səviyyələrindən biri hesab edilir. Bütün uğurların əsasında təbii sərvətlərdən səmərəli və düşünülmüş şəkildə istifadə dayanır. Dövlət Neft Fondunda və Mərkəzi Bankda formalaşdırılmış strateji ehtiyatlar bu siyasətin ən mühüm nəticələrindəndir. Hazırda ölkənin strateji ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Bu göstərici iqtisadi təhlükəsizliyin təmin olunması baxımından son dərəcə vacibdir. Belə maliyyə imkanları qlobal iqtisadi dəyişikliklər və enerji bazarlarında baş verən dalğalanmalar fonunda ölkənin dayanıqlığını təmin edir. Eyni zamanda, investorlarla qarşılıqlı faydalı əməkdaşlıq modelinin yaradılması enerji sektoruna böyük həcmdə xarici sərmayələrin cəlb edilməsinə imkan verib. Milli maraqlara söykənən praqmatik siyasət nəticəsində həm investorlar, həm də dövlət üçün faydalı olan əməkdaşlıq mühiti formalaşdırılıb. Enerji strategiyasının ən mühüm nəticələrindən biri ölkənin hərbi-siyasi və iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə artmasıdır. Enerji layihələrindən əldə olunan gəlirlər hesabına müasir infrastruktur yaradıldı, sosial layihələr həyata keçirildi, regionların inkişafına böyük vəsait yönəldildi. Bununla yanaşı, güclü müdafiə potensialının formalaşdırılması üçün də zəruri maliyyə imkanları yaradıldı. Vətən müharibəsində qələbənin əsasında ilk növbədə xalqın iradəsi, vətənpərvərlik ruhu və ordunun peşəkarlığı dayanırdı. Lakin müasir ordu quruculuğu üçün güclü iqtisadi baza da mühüm amillərdən biri idi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik: “Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər”. Müasir dövrdə enerji təhlükəsizliyi qlobal gündəliyin əsas mövzularından biridir. Dünyanın müxtəlif bölgələrində baş verən geosiyasi hadisələr enerji təchizatının etibarlılığını daha da ön plana çıxarır. Belə şəraitdə Azərbaycan etibarlı tərəfdaş və məsuliyyətli enerji təchizatçısı kimi xüsusi əhəmiyyət daşıyır. Son onilliklər ərzində həyata keçirilən irimiqyaslı layihələr bu sahədə möhkəm infrastruktur formalaşdırıb. Bakı–Supsa kəməri isə Xəzər neftinin Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasına imkan yaratdı. Bakı–Tbilisi–Ceyhan neft kəməri Xəzər hövzəsini Aralıq dənizi ilə birləşdirən ilk strateji enerji marşrutu oldu. Daha sonra Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin reallaşdırılması ilə 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi sistemi yaradıldı. Bu gün həmin sistem Avropanın enerji təhlükəsizliyinin əsas komponentlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də qaz ixrac coğrafiyasının genişlənməsi olub. Bir il əvvəl Azərbaycan qazını 12 ölkə alırdısa, hazırda bu rəqəm 16-ya yüksəlib. Həmin ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji xəritəsində tutduğu strateji mövqenin göstəricisidir. Hazırda bir sıra Avropa dövlətləri enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan qazına xüsusi önəm verir. Gələcəkdə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi, “Abşeron” yatağı və digər perspektivli layihələr hesabına hasilatın daha da artırılması nəzərdə tutulur. Bu amillər həm ixrac imkanlarının genişlənməsinə, həm də qlobal enerji təhlükəsizliyinə verilən töhfənin artmasına şərait yaradacaqdır. Azərbaycan bu gün yalnız enerji istehsalçısı deyil, həm də mühüm tranzit ölkədir. Xəzər dənizinin şərq sahilində yerləşən tərəfdaş dövlətlərlə əməkdaşlıq regionun enerji və nəqliyyat imkanlarını daha da genişləndirir. Hazırda Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisi vasitəsilə beynəlxalq bazarlara çıxarılır. Bu əməkdaşlıq Avrasiya məkanında iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir. Yaxın gələcəkdə təbii qaz sahəsində də analoji əməkdaşlıq mexanizmlərinin formalaşması mümkündür. Bu amil ölkəmizin Avrasiya enerji məkanında strateji əhəmiyyətini daha da artıracaqdır. Son otuz il ərzində həyata keçirilən enerji siyasəti iqtisadi tərəqqinin, sosial rifahın, hərbi qüdrətin və beynəlxalq nüfuzun əsas mənbələrindən biri olub. Bu siyasət nəticəsində Azərbaycan qlobal enerji bazarında etibarlı tərəfdaş, Avropanın enerji təhlükəsizliyinin mühüm təminatçısı və regionun aparıcı iqtisadi mərkəzlərindən birinə çevrilib. Yeni qaz yataqlarının istismarı, yaşıl enerji layihələrinin genişləndirilməsi, beynəlxalq enerji marşrutlarının inkişafı və Mərkəzi Asiya ilə əməkdaşlığın dərinləşdirilməsi qarşıdakı dövrdə də Azərbaycanın qlobal enerji sistemində rolunu daha da gücləndirəcəkdir. Bədəl Bədəlov Milli Məclisin deputatı Geri dön |