Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarova: Stereotipləri və sosial normaları dəyişdirmək üçün ilk növbədə cəmiyyətin düşüncə tərzi dəyişməlidir

Sahibə Qafarova: Stereotipləri və sosial normaları dəyişdirmək üçün ilk növbədə cəmiyyətin düşüncə tərzi dəyişməlidir


Bu gün, 19:06. Yazar: azer
Sahibə Qafarova: Stereotipləri və sosial normaları dəyişdirmək üçün ilk növbədə cəmiyyətin düşüncə tərzi dəyişməlidir

"Stereotipləri və sosial normaları dəyişdirmək üçün ilk növbədə cəmiyyətin düşüncə tərzi dəyişməlidir. Gender bərabərliyini qəbul etməyən yanaşmalar aradan qaldırılmalı, cəmiyyətlər qadın və kişi bərabərliyini əsas dəyər kimi qəbul etməyə təşviq edilməlidir".

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında çıxışı zamanı səsləndirib.
Spiker qeyd edib ki, mədəni təşəbbüslər vasitəsilə gender bərabərliyi dəyərlərinin təşviqi və media vasitəsilə maarifləndirmənin artırılması təsirli üsullardır. Lakin o, təhsilin davranışların dəyişdirilməsindəki gücünə dərin inam bəslədiyini qeyd edib. Buna görə də təhsilə, maarifləndirməyə və gənclərin bu prosesə cəlb olunmasına xüsusi diqqət göstərilməsinin vacibliyini ifadə edib.
Çıxışda o da qeyd olunub ki, təhsil yalnız düşüncə tərzini dəyişmir, eyni zamanda qadınların siyasətdə, iqtisadiyyatda və digər sahələrdə güclənməsinə mane olan əngəlləri də aradan qaldırır.
Milli Məclisin sədri həmçinin qeyd edib ki, heç kim kişi və qadınların fərqli olduğunu inkar etmir. Lakin bu, onların bərabər olmadığı anlamına gəlmir. Reallıq ondan ibarətdir ki, qadınların səlahiyyətləndirilməsi artıq dayanıqlı inkişafın, daha güclü cəmiyyətlərin və institutların qurulmasının prioritet istiqamətlərindən biri kimi qəbul edilir.
Sahibə Qafarova deyib ki, parlament üzvləri olaraq bizlər qanunvericiliyi ən mühüm alət kimi qəbul edirik. Çünki qanunvericilik zəruri normativ-hüquqi çərçivələri müəyyən edir. Lakin biz eyni zamanda anlayırıq ki, təkcə qanunvericilik arzu olunan nəticələri təmin edə bilməz. Bunun üçün bütün cəmiyyəti əhatə edən yanaşmaya əsaslanan daha sistemli və hərtərəfli münasibətə ehtiyac var.
Geri dön