Ana Sayfa > Manşet / Siyasət > Bakı Enerji Həftəsi: Azərbaycanın enerji diplomatiyasının gücü və yeni geosiyasi reallıqlar

Bakı Enerji Həftəsi: Azərbaycanın enerji diplomatiyasının gücü və yeni geosiyasi reallıqlar


Bu gün, 18:03. Yazar: azer
Bakı Enerji Həftəsi: Azərbaycanın enerji  diplomatiyasının gücü və yeni geosiyasi reallıqlar

Prezident İlham Əliyev iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edib. Ölkə Başçısının səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq təkcə enerji resurslarına malik ölkə deyil, həm də qlobal enerji təhlükəsizliyinin formalaşmasında mühüm söz sahibinə çevrilmiş etibarlı tərəfdaşdır. Bakı Enerji Həftəsi enerji məsələlərinin müzakirə olunduğu iqtisadi platforma olmaqla yanaşı, eyni zamanda mühüm siyasi və diplomatik əhəmiyyət daşıyan beynəlxalq tədbirdir. Müxtəlif qitələri təmsil edən dövlət rəhbərlərinin, hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların və aparıcı şirkətlərin Bakıda bir araya gəlməsi Azərbaycanın regional əməkdaşlıq və qlobal dialoq məkanı kimi artan nüfuzunu nümayiş etdirir. Bu tədbir ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu strateji mövqeni, etibarlı tərəfdaş imicini və enerji diplomatiyası vasitəsilə formalaşdırdığı siyasi təsir imkanlarını bir daha təsdiqləyir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, Dövlət başçısının “Bakı Enerji Həftəsi”ni qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biri adlandırması heç də təsadüfi deyil. Uzun illərdir ki, Bakı dünyanın enerji siyasətini müəyyən edən əsas platformalardan birinə çevrilib. Burada qəbul olunan qərarlar, aparılan müzakirələr və qurulan tərəfdaşlıqlar regional çərçivələri aşaraq beynəlxalq enerji bazarlarına təsir göstərir. Bu gün Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq nüfuzunun, enerji diplomatiyasının və strateji tərəfdaşlıq siyasətinin mühüm göstəricisidir.
Prezident İlham Əliyevin çıxışında ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları müraciətlərə xüsusi diqqət yetirməsi də Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu nümayiş etdirir. Bu fakt onu göstərir ki, Azərbaycan enerji sahəsində müxtəlif siyasi mərkəzləri bir araya gətirə bilən nadir ölkələrdən biridir. Qlobal miqyasda geosiyasi qarşıdurmaların dərinləşdiyi bir dövrdə Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunması ölkəmizin balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun nəticəsidir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də enerji siyasətinə münasibətdə formalaşan yeni yanaşmalarla bağlı oldu. Dövlət başçısı bildirdi: “Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.”

Bu fikirlər enerji təhlükəsizliyi ilə yaşıl keçid arasında balansın qorunmasının vacibliyini bir daha gündəmə gətirir. Azərbaycan hər zaman bəyan edib ki, bərpaolunan enerji mənbələrinin inkişafı vacib olsa da, dünya iqtisadiyyatının sabit fəaliyyəti üçün ənənəvi enerji resursları hələ uzun müddət mühüm rol oynayacaq. Son illər Avropada baş verən enerji böhranları da bu reallığı təsdiqlədi. Məhz buna görə Azərbaycan həm neft-qaz sektorunu inkişaf etdirir, həm də yaşıl enerji layihələrinə böyük investisiyalar yatırır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji uğurlarının başlanğıc nöqtəsinə də nəzər salaraq vurğuladı ki, “Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı.” Dövlət başçısı həmin dövrün mürəkkəb reallıqlarını xatırladaraq qeyd etdi ki, ölkə iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, işğal, qaçqın problemi və ağır sosial vəziyyətlə üz-üzə idi. Prezidentin sözləri ilə desək: “Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi.”

Bu baxımdan 1994-cü ildə Ümummilli Llider Heydər Əliyevin uzaqgörənliyi ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın müasir inkişaf tarixinin dönüş nöqtəsi oldu. Həmin müqavilə yalnız enerji layihəsi deyildi; o, Azərbaycanın iqtisadi müstəqilliyinin, beynəlxalq əməkdaşlığının və gələcək inkişaf strategiyasının əsasını qoydu.
Prezident İlham Əliyev bu gün əldə olunan nəticələri qiymətləndirərək bildirdi: “Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.”

Həqiqətən də, Azərbaycan enerji gəlirlərini yalnız iqtisadi göstəricilərin yaxşılaşdırılmasına deyil, insan kapitalının inkişafına, müasir infrastrukturun qurulmasına, regionların inkişafına və dövlətin sosial siyasətinin gücləndirilməsinə yönəldib. Bu gün ölkəmizin əldə etdiyi nailiyyətlər enerji resurslarının səmərəli idarə edilməsinin və uzunmüddətli strateji planlaşdırmanın uğurlu nümunəsi kimi beynəlxalq səviyyədə diqqətlə öyrənilir.

Bakı Enerji Həftəsi bir daha təsdiqlədi ki, Azərbaycan qlobal enerji xəritəsində etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin təminatçısı və mühüm geosiyasi aktor kimi mövqeyini davamlı şəkildə möhkəmləndirir. Prezident İlham Əliyevin çıxışında səslənən mesajlar isə ölkəmizin enerji siyasətinin yalnız bugünkü deyil, həm də gələcək onilliklərin inkişaf istiqamətlərini müəyyənləşdirən strateji baxışa əsaslandığını nümayiş etdirdi. Bu baxış Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmaqla yanaşı, ölkəmizin regional və qlobal proseslərdə rolunun güclənməsinə xidmət edir. Millət vəkili Tamam Cəfərova belə deyib.
Geri dön