Ana Sayfa > Siyasət > Bütün saatlar Bakıya işləyir və ya Şərqdən Qərbə şölələnən işıq qapısı

Bütün saatlar Bakıya işləyir və ya Şərqdən Qərbə şölələnən işıq qapısı


Bu gün, 15:42. Yazar: azer
Bütün saatlar Bakıya işləyir və ya Şərqdən Qərbə şölələnən işıq qapısı

Son illər beynəlxalq enerji bazarlarında baş verən proseslər göstərdi ki, enerji təhlükəsizliyi məsələsi artıq milli təhlükəsizlik anlayışının ayrılmaz hissəsinə çevrilib. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışında neft və qaz sektoruna qarşı uzun müddət aparılan tənqidlərin aktuallığını itirdiyini vurğulaması da məhz bu reallıqla bağlıdır.
Avropada enerji böhranı və qlobal təchizat zəncirində yaşanan çətinliklər bir daha sübut etdi ki, ənənəvi enerji mənbələri yaxın onilliklər ərzində dünya iqtisadiyyatının əsas dayaqlarından biri olaraq qalacaq.

Böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, Azərbaycan beynəlxalq dialoq, qlobal əməkdaşlıq məkanı kimi mövqeyini günbəgün möhkəmləndirir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin say tərkibinə, əhatə etdiyi mövzulara diqqət yetirdikdə malik olduğu təcrübələrini bölüşmək, hədəflərə doğru birgə addımlar atmaq istəyi daha aydın görünür.
Rəsmi Bakı bir tərəfdən neft və qaz ehtiyatlarından səmərəli istifadə edir, digər tərəfdən isə bərpaolunan enerji sahəsinə böyük həcmdə investisiyalar yatırır. Bu yanaşma enerji keçidinin radikal deyil, mərhələli və praqmatik şəkildə həyata keçirilməsinin mümkünlüyünü nümayiş etdirir. Əslində, Azərbaycanın enerji siyasəti hazırda bir çox inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi təqdim olunur.

Ümumilikdə 46 ölkədən 276 şirkəti bir araya gətirən “Bakı Enerji Həftəsi” Azərbaycanın enerji sektorunda qazandığı uğurların, təcrübənin, həmçinin bu sahəyə artan beynəlxalq marağın bir daha təqdimatı oldu. Bu, ölkələrin sayına görə sərgi tarixində rekord göstəricidir. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Daimi iştirakçılar isə ümumilikdə sərgi sahəsinin 40 faizini əhatə edir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq ənənəvi keçirilən bu tədbir illər keçdikcə coğrafiyasını daha da genişləndirir, hər dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsi üçün iştirakçı ölkələr, şirkətlər arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi tarixə “Əsrin müqaviləsi” kimi yazılan sazişin imzalanmasında mühüm dönüş nöqtəsi oldu.

İlk sərgi Azərbaycanın enerji diplomatiyasında əhəmiyyətli rol oynadı. Bu gün “Bakı Enerji Həftəsi”nin özündə birləşdirdiyi üç mötəbər tədbirin hər biri - 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” ölkəmizin enerji sektorunda keçdiyi inkişaf yolunu təqdim edir.

Birmənalı şəkildə vurğuıanmalıdır ki, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir.
Dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarında Azərbaycanın enerji təcrübəsindən geniş bəhs edir və bu çağırışı səsləndirir ki, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır.

Bircə faktı qeyd etmək kifayətdir ki, ötən tədbirdə Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyi qeyd edilmişdi. Bu gün isə həmin rəqəm 16-ya çatıb. Onların 10-u Avropa İttifaqına üzv ölkələrdir. Azərbaycanın təbii qaz ixracı həm həcm, həm də coğrafiya baxımından genişlənir. Prezident İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət yönəldərək qeyd edib ki, ölkələrin sayı, əlbəttə, artacaq. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız, görərsiniz ki, biz dünyada birinciyik. Qlobal enerji təhlükəsizliyinə töhfəmiz artacaq.

Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərqə, Afrikaya və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək.
Eyni zamanda, “SOCAR-ın müxtəlif regionlarda həyata keçirdiyi layihələr Azərbaycanın iqtisadi təsir imkanlarının genişləndiyini göstərir və ölkənin beynəlxalq iqtisadi münasibətlər sistemində yeni mərhələyə keçdiyini nümayiş etdirir. Qlobal enerji bazarında rəqabətin artdığı, yeni enerji marşrutlarının formalaşdığı bir dövrdə Azərbaycanın təcrübəsi göstərir ki, təbii sərvətlər yalnız düzgün idarə olunduğu halda uzunmüddətli inkişaf mənbəyinə çevrilə bilər. Bakı Enerji Həftəsində səsləndirilən mesajlar da məhz bu yanaşmanın gələcək illərdə davam etdiriləcəyini göstərir

“Bakı Enerji Həftəsi” bu gün ənənəvi enerji sektoru ilə yanaşı, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrində də mövcud imkanların təqdimatında əhəmiyyətli rol oynayır.“Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlərdə aparılan müzakirələr, müasir dövrün çağırışlarına uyğun olaraq səylərin birləşdirilməsinə yönələn addımlar qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Çıxışlarda bir daha vurğulandı ki, Bakı enerji tərəfdaşlıqlarının gələcəyinin müzakirə olunduğu bir məkandır.

Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri

Geri dön