Ana Sayfa > Özəl > BTQ dəmir yolu xətti yeni imkanlarla istifadəyə verildi

BTQ dəmir yolu xətti yeni imkanlarla istifadəyə verildi


Bu gün, 14:20. Yazar: vasif
BTQ dəmir yolu xətti yeni imkanlarla istifadəyə verildi


Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsindən sonra rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin yüksək səviyyəli rəsmiləri, eləcə də nəqliyyat, dəmir yolu və logistika sahəsinin nümayəndələri iştirak ediblər. Mərasimdə üç ölkənin rəsmiləri çıxış edərək layihənin region üçün strateji əhəmiyyətini vurğulayıblar.

Açılış zamanı BTQ xəttinin simvolik istifadəyə verilməsi mərasimi keçirilib və layihənin inkişaf mərhələlərini əks etdirən təqdimat nümayiş olunub.

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən mühüm beynəlxalq nəqliyyat layihələrindən biridir. Son illərdə xəttin Gürcüstan hissəsində aparılan yenidənqurma və modernləşdirmə işləri nəticəsində onun yükdaşıma imkanları əhəmiyyətli dərəcədə artırılıb.

Yenilənmədən sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib. Bu isə marşrutun beynəlxalq yükdaşımalar üçün daha cəlbedici olmasına şərait yaradır.

Mütəxəssislər hesab edirlər ki, BTQ xəttinin genişləndirilmiş imkanlarla tam fəaliyyətə başlaması Orta Dəhlizin rəqabət qabiliyyətini artıracaq, Asiya ilə Avropa arasında yük daşımalarının həcmini yüksəldəcək və Azərbaycanın tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.
Geri dön