Ana Sayfa > Ölkə > SOCAR-ın vitse-prezidenti: AÇG təkcə neft layihəsi deyil, çoxşaxəli enerji platformasıdır
SOCAR-ın vitse-prezidenti: AÇG təkcə neft layihəsi deyil, çoxşaxəli enerji platformasıdırBu gün, 13:52. Yazar: azer |
![]() “Azəri-Çıraq-Günəşli” (AÇG) artıq sadəcə neft layihəsi deyil, çoxşaxəli enerji platformasıdır. Bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Upstream – yeni perspektivlər” adlı sessiyada çıxışı zamanı deyib. “Kəşfiyyat fəaliyyətləri vacibdir və hasil olunan ehtiyatların əvəzlənməsi üçün zəruridir. Lakin sənayedə baş verən əsas dəyişiklik mövcud aktivlərdən maksimum səmərə əldə etmək istiqamətindədir. Bunun ən yaxşı nümunələrindən biri “Azəri-Çıraq-Günəşli” layihəsidir. Təkcə dünən AÇG-də qaz layihəsinin uğurla həyata keçirilməsini qeyd etdik. Maraqlıdır ki, AÇG son 30 il ərzində dünyanın ən böyük neft yataqlarından biri kimi tanınıb. Lakin artıq ona yalnız neft yatağı kimi baxmaq düzgün olmazdı. Bu gün AÇG-ni neft və qaz istehsalını özündə birləşdirən strateji enerji infrastrukturu kimi qiymətləndiririk”, - deyə o qeyd edib. Babək Hüseynov bildirib ki, AÇG kimi yetkin yataqlarda belə, bütün mövcud texnologiyaların artıq tətbiq olunduğunu düşünmək düzgün olmazdı: “Əksinə, hələ böyük potensial mövcuddur. SOCAR olaraq region operatorlarına ünvanladığımız əsas çağırışlardan biri üfüqi və çoxşaxəli quyuların daha geniş tətbiqi idi. Operator tərəfdaşlarımız bu çağırışı qəbul etdilər və ötən il hər iki texnologiya AÇG-də uğurla tətbiq olundu. Artıq AÇG-də üfüqi quyular qazılır və yataq tarixində ilk dəfə çoxşaxəli quyu texnologiyası tətbiq edilib. Bu texnologiyaların əhəmiyyətini nəzərə alsaq, onların yatağın gələcək inkişafı üçün yeni imkanlar açdığı aydın görünür. Daha əvvəl əlçatmaz hesab edilən ehtiyatlara çıxış əldə edilir, hasilat səmərəliliyi artır və yatağın inkişafı üçün tamamilə yeni perspektivlər formalaşır. Bu texnologiyalar AÇG kimi nəhəng yataqların növbəti inkişaf mərhələsinə keçidində mühüm rol oynayacaq”. Geri dön |