Ana Sayfa > Manşet / Siyasət / Özəl > Azərbaycanın dünya enerji xəritəsindəki qızıl imzası

Azərbaycanın dünya enerji xəritəsindəki qızıl imzası


Bu gün, 13:04. Yazar: azer
Azərbaycanın dünya enerji xəritəsindəki qızıl imzası

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri

Azərbaycanın bugünkü inkişafı və gələcək yüksəlişi möhkəm bir təmələ söykənir. 2026-cı il iyunun 1-də rəsmi açılışı baş tutan "Bakı Enerji Həftəsi", müstəqil Azərbaycanın dünyaya açılan ilk və ən böyük qapısı olan, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə imzalanan "Əsrin müqaviləsi"nin uğurlu davamıdır. Bu tarixi addım dövlətimizin müstəqilliyini əbədiləşdirəcək enerji strategiyasının memarlıq layihəsi idi. Bu gün qürurla deyə bilərik ki, Ümummilli Liderin qoyduğu bu böyük siyasi xətt onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə daha da təkmilləşərək yeni zirvələrə çatıb. Cənab İlham Əliyev bu irsi sadəcə qoruyub saxlamayıb, onu qlobal enerji təhlükəsizliyinin mərkəzində dayanan, dünyanın enerji xəritəsini dəyişən qüdrətli bir gücə çevirib. Bakı Enerji Həftəsi məhz bu böyük inkişaf yolunun təntənəsidir.

Xəzər Neft və Qaz Sərgisi ilə başlayan bu yol artıq "Bakı Enerji Həftəsi" kimi qlobal bir platformaya çevrilib. 1996-cı ilin iyununda imzalanan tarixi "Şahdəniz" müqaviləsi və onun əsasında qurulan nəhəng enerji memarlığı bu gün onlarla ölkənin enerji təhlükəsizliyinin qarantıdır. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Birləşmiş Krallığın Baş naziri Kir Starmerin bu tədbirə göndərdikləri məktublar sadəcə nəzakət deyil, Azərbaycanın qlobal enerji səhnəsindəki aparıcı və əvəzolunmaz rolunun dünyaya verilən mesajıdır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji məsələlərinin yenidən sağlam məcraya qaytarılması və faydalı qazıntılara olan ehtiyacın siyasi spekulyasiyalardan təmizlənməsi məhz dövlətimizin prinsipial mövqeyinin nəticəsidir.

Dünya enerji keçidinin astanasındadır, lakin reallıqları inkar etmək olmaz. Uzun illərdir neft və qaz hasil edən ölkələrə qarşı bəzi qüvvələr tərəfindən tətbiq edilən əsassız damğalamalar artıq tarixdə qalmalıdır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Azərbaycanın mövqeyi çox aydındır: biz bərpaolunan enerji mənbələrinə sərmayə yatırır və "yaşıl" gələcəyi qururuq, lakin bunu ənənəvi enerji resurslarımızın verdiyi iqtisadi güc hesabına həyata keçiririk. Ölkələr təbii sərvətlərinə görə deyil, həmin sərvətlərdən əldə olunan gəlirləri xalqın rifahına, təhsilə, səhiyyəyə və dövlətin güclənməsinə necə xərclədiklərinə görə dəyərləndirilməlidirlər. Azərbaycan bu mənada dünyaya örnək olan parlaq bir nümunədir.

1994-cü illə müqayisə etdikdə, Azərbaycanın hansı uçurumdan zirvəyə yüksəldiyini aydın görmək olar. O zamanlar elektrik enerjisini və qazı idxal edən, ərazisinin 20 faizi işğal altında olan, yoxsulluğun geniş yayıldığı bir ölkədən bu gün xarici borcunu öz ehtiyatları ilə 18 dəfə üstələyən, yoxsulluğu və işsizliyi 5 faizə endirən iqtisadi bir gücə çevrilmişik. Bu, İlham Əliyev siyasətinin nəticəsidir. Milli maraqları üstün tutan bu müdrik yanaşma və beynəlxalq investisiyalara açıq qapı siyasəti bizə sadəcə iqtisadiyyat deyil, həm də çox güclü bir ordu qurmağa imkan verdi. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin arxasında məhz bu illərin gərgin və əzmli əməyi dayanır.

Cənub Qaz Dəhlizi — TANAP və TAP kəmərləri təkcə boru xətləri deyil, onlar Xəzərlə Aralıq dənizini, Azərbaycanla Avropanı bağlayan bir "qızıl damar"dır. 3500 kilometrlik bu infrastruktur nəhəngi bu gün Avropanın enerji təhlükəsizliyinin sığortasıdır. Azərbaycan qazının 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzvünə çatdırılması dövlətimizin qlobal miqyasda oynadığı geosiyasi rolu təsdiqləyir. İndi SOCAR öz sərmayələri ilə Yaxın Şərqə, Afrikaya və Mərkəzi Asiyaya çıxış əldə edib. Biz artıq yalnız investisiya qəbul edən deyil, həm də beynəlxalq bazarlarda sərmayə qoyan aparıcı qüvvəyə çevrilmişik.

Bizim qaz ehtiyatlarımız növbəti yüz il üçün kifayətdir, lakin Azərbaycan öz məsuliyyətini dərk edərək bərpaolunan enerjiyə də böyük önəm verir. Günəş və külək enerjisi üzrə hədəflədiyimiz 8 giqavatlıq güc, "Qara dəniz Enerji Kabeli" layihəsi və Mərkəzi Asiyadan uzanan yaşıl enerji dəhlizi Azərbaycanın gələcək vizyonunun göstəricisidir. Zəngəzur dəhlizi isə bütün bu böyük coğrafi əlaqələrin yeni nəfəsi olacaq.

"Bakı Enerji Həftəsi" sadəcə bir tədbir deyil, bu, Azərbaycanın gələcəyə baxışının və qlobal tərəfdaşlıq fəlsəfəsinin platformasıdır. Əldə etdiyimiz nailiyyətlər yüksək diplomatik fəaliyyətimizin və milli maraqlarımızın təntənəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara doğru inamla irəliləyir. Əminik ki, aparılan müzakirələr və qəbul edilən qərarlar təkcə ölkəmizin deyil, bütün tərəfdaşlarımızın rifahına xidmət edəcək. Azərbaycanın ulduzu daha parlaq yanacaq və enerji diplomatiyamız dünya tarixində yeni, möhtəşəm səhifələr yazmaqda davam edəcək. Gələcək – praqmatik, müdrik və inamlı addımlar atanlarındır!
Geri dön