Ana Sayfa > Aia TV > Qalib Rəhimli:Ömrünü şeirə, sevgisini insanlara çevirən Dağlarqızı Güləndam

Qalib Rəhimli:Ömrünü şeirə, sevgisini insanlara çevirən Dağlarqızı Güləndam


Bu gün, 12:25. Yazar: azer
Qalib Rəhimli:Ömrünü şeirə, sevgisini insanlara çevirən Dağlarqızı Güləndam

Şəfalı əllərin, sazın və sözün işığında yaşayan bir ömrdən qeydlər

Bəzən insan ömrü bir kitabdan daha maraqlı, bir dastandan daha təsirli olur. Elə insanlar var ki, onların keçdiyi həyat yolu zamanın daş yaddaşına çevrilir, çəkdikləri ağrılar isə sözə dönərək gələcək nəsillərə ötürülür. Belə insanların varlığı cəmiyyət üçün bir məktəb, bir örnək, bir mənəvi sərvətdir.
Borçalının dumanlı dağlarından başlayıb İncə dərəsinin qoynuna qədər uzanan bir ömür yolu var. Bu yolun hər döngəsində bir həsrət, bir mübarizə, bir səbr dastanı dayanır. Anasını erkən yaşlarda itirən bir qızın körpə çiyinlərinə yüklənən ailə məsuliyyəti, bacı-qardaş sevgisi naminə qurban verilən arzular, insanlara təmənnasız uzanan şəfalı əllər və bütün bunların içindən boy verən poeziya...


Bu, Güləndam Dağlarqızının həyat hekayəsidir. O, sadəcə şeir yazan bir qadın deyil. O, sazın telində köklənən duyğuların, dağların sinəsində böyüyən nisgilin, analıq məhəbbətinin, qəriblik ağrısının və insan sevgisinin dilə gəlmiş halıdır. Onun hər misrasında yaşanmış bir ömür nəfəs alır, hər bəndində keçilmiş yolların izi görünür. Buna görə də Güləndam Dağlarqızının yaradıcılığına nəzər salarkən biz yalnız şeirləri deyil, bütöv bir taleyi, bütöv bir ömür fəlsəfəsini oxuyuruq. Onunla bağlı əldə etdiyim materiallar (elə burdaca materialların və fotoların əldə edilməsində böyük məhəbbəti və bacarığı, istedadı ilə operativlik göstərən Qazax MKS-nin Qazaxbəyli kənd bölməsinin müdiri Sevinc xanım Bayramovaya xüsusi təşəkkürümü bildirirəm) göstərir ki, Güləndam Dağlarqızının yaradıcılığı onun həyatının davamıdır. O, əvvəlcə ömür kitabını yaşayıb, sonra həmin kitabın səhifələrini şeirə çevirib. Bu səbəbdən onun poeziyasında süni bəzək-düzək, mürəkkəb poetik oyunlar deyil, həyatın özü danışır. Beləcə də Güləndam Dağlarqızı ömrünü şeirə, şeirini insanlara çevirən qadın.kimi yazıldı ruhuma və könül dünyama.


Borçalı mahalının Ormeşan dağlarının qoynunda dünyaya göz açan Güləndam Dağlarqızının ömür yolu adi bir insan taleyindən daha çox xalq dastanını, rəvayət və hekayələrini xatırladır. Bu ömürdə ana itkisi var, qardaş-bacı məsuliyyəti var, qəriblik ağrısı var, dağ həsrəti var, insanlara təmənnasız xidmət var. Elə buna görə də onun hər misrası yaşanmış bir hadisənin, hər bəndi çəkilmiş bir ahın, hər şeiri isə ömür kitabının növbəti səhifəsinin ifadəsidir. Güləndam xanım haqqında danışarkən ilk növbədə onun şair olduğunu demək kifayət etmir. O, sazın ruhunu anlayan söz adamıdır. O, insanların ağrısını öz ağrısı bilən mərhəmət sahibidir. O, şəfalı əlləri ilə insanların dərdinə məlhəm olan el anasıdır. O, həyatın ən sərt sınaqlarından keçərək sınmayan, əksinə daha da möhkəmlənən Azərbaycan qadınının canlı obrazıdır.
Anasını uşaq yaşlarında itirməsi onun taleyində silinməz iz buraxıb. Bir çox insanın uşaqlığı oyuncaqlar və qayğısız günlərlə xatırlanırsa,


Güləndam xanımın uşaqlığı məsuliyyət və fədakarlıqla yadda qalıb. O, ana itkisini yaşadığı gün ailənin böyük dayağına çevrilib. Bacı-qardaşlarına həm bacı, həm ana olub. Öz arzularını qurban verərək qardaşının təhsil almasına şərait yaradıb. Bəlkə də elə buna görə onun şeirlərində ana mövzusu xüsusi həssaslıqla işlənir. Çünki o, ananı yalnız sevən deyil, ananın yoxluğunu ömrünün hər günündə yaşayan insanlardan biridir. Onun həyatının başqa bir maraqlı tərəfi isə insanlarda heyrət doğuran şəfalı əlləridir. Hələ məktəb illərində yıxılıb ayağı çıxmış sinif yoldaşına yardım etməsi və bunun uğurla nəticələnməsi sanki gələcəkdə ona veriləcək missiyanın ilk işarəsi idi. Sonralar yüzlərlə insan onun qapısını ümidlə döyəcək, Güləndam xanım isə hər kəsə mərhəmətlə yanaşacaqdı. Bu mənada onun həyatı ilə yaradıcılığı arasında sərhəd yoxdur. Həyatında nə yaşayıbsa, şeirində də onu yaşadıb.


Dağlardan başlayan poeziya

Güləndam Dağlarqızının poeziyasında ilk diqqəti çəkən məqam dağ obrazıdır. Dağ onun üçün sadəcə coğrafi məkan deyil. Dağ onun uşaqlığı, yaddaşı, vətəni, keçmişi və kimliyidir.
"Unutmayın dağları" şeiri bu baxımdan onun yaradıcılığının ən xarakterik nümunələrindən biridir.

"Dərəsində, təpəsində izim var,
Mən ölsəm də o torpaqda gözüm var..."


Bu misralarda sadəcə doğma yurda sevgi deyil, insanın öz köklərinə bağlılığı ifadə olunur. Şairə yaxşı anlayır ki, torpaq unudulanda tarix də unudulur. Ona görə də şeirin təkrar olunan "Yalvarıram, unutmayın dağları" çağırışı əslində gələcək nəsillərə ünvanlanmış vəsiyyətdir. Dağlar burada-onun yaradıcılığında yaddaşın simvoluna çevrilir.

Ana ağrısının poeziyaya çevrilməsi

Güləndam Dağlarqızının yaradıcılığında ən təsirli mövzulardan biri ana mövzusudur. Onun "Ana" şeirindəki sadə misralar böyük bir taleyi ifadə edir:

Anam məni doğanda,
Qəm-kədərə bələyib.
Ömürümün yollarına,
Qəriblik də çiləyib.


Bu misraların gücü onların sadəliyindədir. Burada poetik mürəkkəblik yoxdur. Amma çox təbii və güclü həyat həqiqəti var. "Ana gileyi" şeirində isə şairə artıq yaşlı bir ananın dilindən danışır. Burada müasir dövrün ağrılı sosial problem, valideynlərin tənhalığı öz əksini tapır.

"Canımnan yaranan övladlar hanı?"

Bu sual təkcə bir ananın deyil, minlərlə valideynin ürək harayı kimi səslənir. Şairə burada ananın övlad üçün çəkdiyi əziyyətləri sadalayır və sonda insanı vicdanı ilə üz-üzə qoyur.



Qəribliyin poetik fəlsəfəsi

Güləndam Dağlarqızının yaradıcılığında qəriblik mövzusu da xüsusi yer tutur.
"Qəriblik" şeirində o, qəribliyi təkcə fiziki uzaqlıq kimi yox, mənəvi ağrı kimi təqdim edir.
"
Acı soğan tək büzüşüb,
Dərdi cana salan canım."


Bu bənzətmə xalq düşüncəsindən gələn son dərəcə təbii və təsirli bir obrazdır. Qəriblik burada insanın ruhunu yavaş-yavaş sıxan bir hiss kimi təqdim edilir.

Vətən sevgisinin poetik ifadəsi

"Görüm əldə bayraq tutanda səni" şeirində şairə vətənpərvərlik duyğularını ifadə edir. Fəridə Ləmana həsr olunan bu şeirdə dostluq, sənətə hörmət və vətən sevgisi vəhdət təşkil edir.

Sərhədlər aşırsan sən Vətən üçün,
Hamı irəliyə bir kəfən üçün.
İlham əmr edərsə, bir zəfər üçün,
Görüm əldə bayraq tutanda səni!


Burada bayraq sadəcə dövlət rəmzi deyil. Bayraq qürurun, zəfərin və milli birliyin rəmzidir.

Təbiətin dilini bilən şairə

"Bənövşə" və "Qartal" şeirləri göstərir ki, Güləndam xanım təbiət obrazları vasitəsilə insan talelərini ifadə etməyi bacarır. "Bənövşə"də boynu bükük çiçək əslində həyatda əziyyət çəkmiş, lakin saflığını qoruyan insanın obrazına çevrilir. "Qartal" şeirində isə azadlıq, qüdrət və faciə bir araya gəlir.


Huş başından getmiş idi,
Taleyinmi bitmiş idi.
Əcəlinmi yetmiş idi?
Niyə vaxtsız öldün, qartal?


Bu sual yalnız quşa deyil, vaxtsız itirilən dəyərlərə, insanlara və ümidlərə ünvanlanmış kimi görünür.

Elin şairəsi

Güləndam Dağlarqızının "Kəndimiz", "Aslanbəyli", "Müəllim" kimi şeirlərində isə xalq şeirinin ənənələri açıq görünür. Bu şeirlərdə müəllif öz kəndinin insanlarını, müəllimlərini, zəhmət adamlarını unutmur. O, poeziyanı yalnız şəxsi hisslərin ifadəsi kimi yox, həm də el yaddaşının qorunması vasitəsi kimi görür. Onun şeirlərində tez-tez rast gəldiyimiz kənd adları, bulaqlar, dağlar, yaylaqlar gələcək nəsillər üçün bir növ mənəvi xəritə rolunu oynayır.


Sözün sonu

Güləndam Dağlarqızının yaradıcılığı klassik ədəbiyyatın mürəkkəb poetik konstruksiyalarına söykənmir. Onun əsas gücü səmimiyyətdədir. O, yazmır ki, şair kimi tanınsın. O, yaşadıqlarını ürəyindən gəldiyi kimi dilə gətirir. Buna görə də onun şeirlərində oxucu ilk növbədə anasını itirmiş bir qızı, bacılarına və qardaşına ana olmuş bir qadını, dağlarını unutmayan bir yurddaşı, insanlara şəfa verməyə çalışan mərhəmətli bir ürəyi olan müəllifi görür. Onu oxuduqca açıqca görünür ki, 69 illik ömrün sınaqları onun qəlbini sərtləşdirməyib, əksinə daha da kövrəldib. Elə buna görə Güləndam Dağlarqızının poeziyası oxucuya kitab səhifəsindən deyil, insan qəlbindən gələn bir səs kimi çatır. Bu səs dağların səsi qədər qədim, ana laylası qədər doğma, saz havası qədər kövrəkdir. Və həmin səs bizə bir həqiqəti xatırladır: bəzi insanlar şeir yazmırlar, öz ömürlərini şeirə çevirirlər. Güləndam Dağlarqızı da məhz belə insanlardandır.


Güləndam Dağlarqızının ömür kitabının səhifələrini vərəqlədikcə bir daha anlayırıq ki, insanı ucaldan nə var-dövlət, nə şöhrət, nə də ad-sanıdır. İnsanı ucaldan onun qəlbində daşıdığı mərhəmət, ətrafına bəxş etdiyi sevgi və arxasında qoyduğu mənəvi izdir. Güləndam xanım ömrünün ağır sınaqlarından keçərək sınmayan, əksinə hər ağrısını bir hikmətə, hər kədərini bir şeirə çevirən insanlardandır. Onun şəfalı əlləri insanların yarasına məlhəm olduğu kimi, qələmindən süzülən misralar da könüllərə təsəlli verir. O, dağları unutmayan, anasını unutmayan, doğulduğu torpağın qoxusunu misralarında yaşadan, insan sevgisini həyat amalına çevirən bir el qadınıdır. Bəlkə də buna görə onun şeirlərini oxuyarkən sözlərdən çox ürəyin döyüntüsünü eşidirsən. Hər misranın arxasında bir ömür dayanır. Bir ananın həsrəti, bir bacının fədakarlığı, bir el qızının məğrurluğü, bir şair qəlbinin kövrəkliyi görünür.


İllər ötəcək, zaman dəyişəcək, yeni nəsillər yetişəcək. Amma dağların qoynunda doğulan, insanların qəlbində özünə yurd salan belə insanların adı yaşayacaq. Çünki mərhəmətlə yaşanan ömürlər unudulmur. Səmimiyyətlə yazılan sözlər köhnəlmir. Güləndam Dağlarqızının həyat yolu da, poeziyası da bizə bir həqiqəti xatırladır: insanın ən böyük sərvəti arxasında qoyduğu yaxşılıqdır. O yaxşılıq ki, bir gün şeirə çevrilir, bir gün xatirəyə, bir gün də insanların dilində dualaşaraq yaşayır. Elə buna görə Güləndam Dağlarqızının ömrü yalnız yaşanmış bir həyat deyil, insanlığa, mərhəmətə və sevgiyə həsr olunmuş kövrək bir dastandır. Bu dastanın misraları isə hələ uzun illər insanların qəlbində yaşayacaq.



Qalib Rəhimli

Geri dön