Ana Sayfa > Siyasət > Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib


Bu gün, 21:43. Yazar: azer
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib

Bakı Enerji Həftəsi çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"u keçirilir və bu tədbirlər Azərbaycanın enerji sektorunda qazandığı uğurların nümayiş etdirilməsi, yeni tərəfdaşlıqların qurulması və qlobal enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu mətbata Milli Məclisin üzvü Azər Badamov açıqlayıb.

"Bakı Enerji Həftəsinə qlobal maraq ildən-ilə artmaqdadır", - o bildirib və əlavə edib ki, tədbirdə 46 ölkədən 276 şirkət iştirak edir.

Deputat vurğulayıb ki, bu şirkətlərin təxminən 60 faizini xarici şirkətlər təşkil edir: "Eyni zamanda sərgidə iştirak edən şirkətlərin əhəmiyyətli hissəsinin yeni iştirakçılar olması Azərbaycanın enerji sektoruna beynəlxalq biznes dairələrinin artan marağını göstərir.

Tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Beynəlxalq Neft və Qaz Sərgisinin yaranma tarixindən, ölkə iqtisadiyyatının inkişafında oynadığı roldan və Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən bəhs edib. Prezident öz çıxışında neft və qaz sektorunda əldə olunan nailiyyətlərlə yanaşı, yaşıl enerji sahəsində həyata keçirilən layihələr və qarşıda duran strateji hədəflər haqqında da geniş məlumat verib".

Deputatın sözlərinə görə, bu gün yaşıl enerjinin inkişafı yalnız ekoloji məsələ deyil, eyni zamanda, iqtisadi təhlükəsizliyin, enerji dayanıqlığının və milli rəqabətqabiliyyətliliyinin əsas amillərindən biridir. "Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır", - o qabardıb.

A. Badamov Qara dənizin dibi ilə Avropaya yaşıl enerji kabelinin çəkilməsi layihəsi, Gürcüstan, Türkiyə və Bolqarıstan vasitəsilə yeni enerji marşrutlarının formalaşdırılması, eləcə də Zəngəzur dəhlizi üzərindən yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində işlərin davam etdirildiyini bildirib:

"İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin "yaşıl enerji zonası" elan edilib. Bu ərazilərdə bərpa olunan enerji potensialının reallaşdırılması məqsədilə genişmiqyaslı layihələr həyata keçirilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə 360 meqavatdan artıq hidroenerji gücü bərpa olunub, əlavə olaraq təxminən 300 meqavat gücündə hidroelektrik stansiyaların yenidən qurulması və istifadəyə verilməsi istiqamətində işlər aparılır.

Bununla yanaşı, beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq çərçivəsində yeni layihələr reallaşdırılır. BP şirkəti ilə Cəbrayıl və Zəngilan rayonlarında günəş və külək elektrik stansiyalarının tikintisi istiqamətində işlər davam etdirilir. Nəticədə Qarabağ və Şərqi Zəngəzurda istehsal olunacaq yaşıl enerji yalnız regionun enerji təminatını gücləndirməyəcək, həm də ixrac potensialının artırılmasına xidmət edəcək".

Deputat bu kontekstdə Zəngəzur dəhlizinin əhəmiyyətini qabardıb. "İnşa ediləcək Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin yeni və strateji qolu kimi çıxış edəcək", - A. Badamov diqqətə çatdırıb və qeyd edib ki, dəhliz vasitəsilə yalnız yükdaşımalar deyil, həm də enerji, yaşıl enerji və rəqəmsal kommunikasiya xətləri həyata keçiriləcək.

Bu isə Azərbaycanın tranzit və logistika imkanlarını daha da genişləndirəcək, ölkənin regional və qlobal əhəmiyyəti artıracaq. Deputatın fikrincə, Azərbaycanın enerji siyasətinin əsas uğurlarından biri də dünya okeanlarına birbaşa çıxışı olmayan ölkə kimi enerji resurslarının beynəlxalq bazarlara çatdırılması üçün uğurlu diplomatik və iqtisadi əməkdaşlıq modelini formalaşdırmasıdır:

"Məhz qonşu və tərəfdaş ölkələrlə qurulan etibarlı münasibətlər nəticəsində Azərbaycan neft və qazını dünya bazarlarına çıxarmağa nail olub, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilib.

Bu baxımdan 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar da xüsusi əhəmiyyət daşıyır. Həmin razılaşmalar Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində siyasi və iqtisadi zəminin möhkəmləndirilməsinə xidmət edir və layihənin strateji əhəmiyyətini daha da artırır. Bununla da Zəngəzur dəhlizi təkcə regional deyil, Avrasiya məkanının əsas nəqliyyat və enerji marşrutlarından birinə çevrilmək potensialı qazanır.

Beləliklə, Azərbaycan Asiya ilə Avropa arasında beynəlxalq nəqliyyat, enerji və kommunikasiya dəhlizlərinin kəsişdiyi mühüm geostrateji mərkəzə çevrili".
Geri dön