Ana Sayfa > Siyasət > Aqrar sahədə məhsuldarlığın yüksəldilməsi əsas hədəflərdəndir

Aqrar sahədə məhsuldarlığın yüksəldilməsi əsas hədəflərdəndir


Bu gün, 17:15. Yazar: azer
Aqrar sahədə məhsuldarlığın yüksəldilməsi əsas hədəflərdəndir

“Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.” Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə onu da bildirdi ki, ikinci vacib amil genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axındır. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Regional İnkişaf  proqramlarının məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır. Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik: “Bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır. Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən-ilə azalır. Bizim 4 mindən çox məktəbimiz var, bəlkə də bir az az, bir az çox. Onların təqribən deyə bilərəm ki, 80-85, bəlkə də 90 faizi təmir edilib, nə qədər məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik”.
Dövlət başçısı İlham Əliyev kənd təsərrüfatının inkişaf mərhələlərindən geniş bəhs etdi. Vurğuladı ki, kənd təsərrüfatının inkişafı ilə əlaqədar birinci proqramı qəbul edəndə soyuducu anbarların yaradılması məsələsi çox kəskin dayanmışdı. Çünki bu olmadan məhsulu saxlamaq mümkün deyil. Son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. Onların mütləq əksəriyyəti güzəştli, azfaizli kreditlər hesabına yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır.
Müşavirədə diqqət göstərilən digər məsələ ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində atılan addımlar və əldə edilən uğurlu nəticələr oldu. Qeyd edildi ki, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur. Baramaçılıq faktiki olaraq əldən getmişdi. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində  baramaçılığı da bərpa etdik. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdı. Beləliklə, bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi.
Kənd təsərrüfatının inkişafının prioritetliyi qəbul edilən Dövlət Proqramlarında özünün aydın ifadəsini tapır. Əsas çağırışlardan biri təbii ki, ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən yeni- “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan dövr ərzində müəyyənləşdirilən hədəflər və onların icra mexanizmləri öz əksini tapıb. Sənəddə bu mühüm məqam qeyd edilir ki, aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir, intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin,  ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq,  akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa  əsaslanan, rəqabətqabiliyyətli inkişaf modelinə keçidin  təmin edilməsi prioritetdir.
Hazırkı dövrdə əsas hədəflərdən birinin məhz işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı olduğunu nəzərə alsaq, bu ərazilərə qayıdacaq sakinlərin məşğulluğunun təmin edilməsi üçün  həmin torpaqların  malik olduqları iqtisadi potensialdan səmərəli istifadənin vacibliyi özünü daha aydın şəkildə nümayiş etdirir. Bütün bunların hamısı yeni Dövlət Proqramında qeyd edilib.
Bu günədək görülən işlər və onların əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər bir daha qeyri-neft sektorunun inkişafının iqtisadi siyasətimizin əsas tərkib hissəsi olduğunu nümayiş etdirir. 
 
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Geri dön