Ana Sayfa > Manşet / Özəl / Qərbi Azərbaycan > Şamaxıda "Elləroyuğu Yaylaq Festivalı":
Şamaxıda "Elləroyuğu Yaylaq Festivalı":Bu gün, 14:56. Yazar: Semsi |
![]() 31 may tarixində Şamaxının füsunkar Qızmeydan kəndi, Azərbaycanın zəngin mədəniyyətini və sarsılmaz tarixi yaddaşını özündə ehtiva edən, ruhlara qanad verən möhtəşəm bir mədəniyyət hadisəsinə ev sahibliyi etdi. Akademik Abel Məhərrəmovun rəhbərliyi ilə keçirilən “Elləroyuğu yaylaq festivalı”, sadəcə bir el şənliyi deyil, həm də kökümüzə, mənəviyyatımıza və əzəli yurd yerlərimizə mənəvi qayıdışın, milli birliyin ən ali təzahürü kimi tarixə yazıldı. Ağbaba-Şörəyel mahalı Azərbaycanın zəngin tarixi coğrafiyasının ayrılmaz bir parçası, qədim Oğuz-Türk mədəniyyətinin beşiyi və mənəvi qalasıdır. Bu torpaqların hər qarışı, hər toponimi qədim türk izlərini və minillik dövlətçilik ənənələrini özündə yaşadır. Regionun mədəni simasını formalaşdıran Ağbaba-Çıldır aşıq mühiti isə sadəcə bir musiqi məktəbi deyil, xalqımızın fəlsəfi dünyagörüşünü, əxlaqını və tarixi yaddaşını sazın və sözün dili ilə gələcək nəsillərə ötürən canlı bir kitabdır. Festival çərçivəsində təşkil olunan “Kəndimizin Tarixi Yaddaşı” sərgisi qonaqlara əcdadlarımızın ruhunu və bu zəngin irsin əsrlər boyu necə qorunub saxlanıldığını əyani şəkildə nümayiş etdirdi. ![]() Tədbirin rəsmi və bədii hissəsində xüsusilə vurğulandı ki, bütün bu tarixi təşəbbüslərin, yurd yerlərimizin bir araya gəlməsinin və milli birliyimizin sarsılmaz bir yumruğa çevrilməsinin ideya müəllifi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcmasının sədri və millət vəkili Əziz Ələkbərli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov öz çıxışlarında birmənalı şəkildə qeyd etdilər ki, cənab Prezidentin Qərbi Azərbaycana qayıdışa dair tarixi çıxışları və "Qayıdış Konsepsiyası" bu gün milyonlarla soydaşımızı vahid amal ətrafında birləşdirən işıqlı bir yoldur. Məhz bu dahi strateji baxışın nəticəsidir ki, bu gün Ağbaba-Şörəyel elləri öz kimliyini daha qürurla bəyan edir və doğma torpaqlara qayıdışın mənəvi hazırlığını yüksək səviyyədə təşkil edir. ![]() Giriş nitqində akademik Abel Məhərrəmov tədbirin məhz Şamaxının Qızmeydan kəndində keçirilməsinin dərin rəmzi və mənəvi məna daşıdığını xüsusi vurğuladı. O qeyd etdi ki, ilk növbədə, bu yerlərin təbiəti, əsrarəngiz alp çəmənlikləri uzaq Ağbabanı xatırladır və insanı doğma yurdun havası ilə nəfəs almağa sövq edir. İkinci bir tərəfdən, bu kənd Ağbaba-Şörəyel camaatının sıx məskunlaşdığı bir məkan olduğu üçün seçilmişdir. Akademik Abel Məhərrəmov bu yanaşmanı belə izah etdi: "Bu dəfə onları Bakıya dəvət etməmişik, özümüz ellərimizin, camaatımızın yanına gəlmişik" – bu sözlər isə festivalın həm də bir mənəvi qovuşma və el-oba birliyinin təntənəsi olduğunun ən bariz nümunəsi idi. ![]() Festivalın ən mühüm məqamlarından biri, Ağbaba-Çıldır aşıq mühitinin sonuncu azman nümayəndəsi Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyi idi. Akademik Abel Məhərrəmov tədbirin keçirilməsindəki həm maddi, həm də mənəvi dəstəyini "Böyük Qayıdışa verilən müqəddəs töhfə" kimi qiymətləndirdi. O, çıxışında vurğuladı ki, bu fəaliyyətlər xalqımızın öz kökünə, elinə-obasına olan tükənməz sevgisinin ifadəsidir və bu istiqamətdəki fəaliyyət böyük şövqlə davam etdiriləcəkdir. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ustad aşıq haqqında danışarkən onun sazını xalqımızın əyilməz iradəsinin səsi adlandırdı, Şamaxı İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov isə Qızmeydanda süzülən Ağbaba havasının bütöv Azərbaycanın nəfəsi olduğunu vurğuladı. Millət vəkili, professor Hikmət Babaoğlu isə Aşıq İsgəndər Ağbabalı irsini milli kimliyimizin strateji yaddaşı kimi dəyərləndirdi. Professorlar Məhərrəm Qasımlı, Mahirə Hüseynova və Avtandil Ağbabalı isə elmi yanaşmaları ilə Ağbaba-Çıldır aşıq məktəbinin Azərbaycan mədəniyyətindəki bənzərsiz yerini bir daha təsdiqlədilər. ![]() Festivalın qonaqları arasında yer alan akademik Adil Qəribov isə öz çıxışında bu mötəbər toplantının tarixi əhəmiyyətini xüsusi vurğulayaraq, belə bir formatın ilk dəfə təşkil olunmasının əlamətdar hadisə olduğunu qeyd etdi. Akademik, Ağbaba-Şörəyel camaatının fəxrlə adını çəkdiyi, hər zaman özünün sarsılmaz dövlətçilik mövqeyi, vətənə və xalqa olan tükənməz sədaqəti ilə örnək olan akademik, Əməkdar elm xadimi Abel Məhərrəmovun bu nəcib təşəbbüsünə görə ona dərin minnətdarlığını ifadə etdi. Adil Qəribov vurğuladı ki, Abel Məhərrəmovun fəaliyyəti sadəcə elmi uğurlarla məhdudlaşmır, o, həm də milli kimliyimizin qorunması, tariximizin və toponimlərimizin gələcək nəsillərə ötürülməsi istiqamətində dövlətçilik maraqlarını hər şeydən uca tutan, məsuliyyətli və vətənpərvər bir ziyalı nümunəsidir. Belə bir festivalın məhz onun rəhbərliyi ilə gerçəkləşməsi, milli birliyimizin möhkəmlənməsinə və dövlətimizin ali məqsədlərinin el-oba səviyyəsində təbliğinə verilən ən böyük töhfələrdən biri kimi dəyərləndirildi və tələbə yoldaşı olan Abel müəllimlə fəxr etdiyini xüsusi vurğuladı. Bütün çıxışları diqqətlə dinləyən tədbir iştirakçılarının simasında yaşanan kövrək duyğuların ahəngi qəlbləri riqqətə gətirdi. ![]() Nahar fasiləsində Şəmsi Qocanın və İmran Güllübulaqlının şeirlərinə bəstələnmiş mahnılar ifa olunarkən məclis duyğulu anlar yaşadı; bu musiqilər hər bir ağbabalıya doğma yurdun həsrətini yaşatdı. Şəmsi Qocanın “Əsrin saz yaddaşı: Aşıq İsgəndər Ağbabalı” monoqrafiyası və Ağbabalı alim və tədqiqatçıların, şairlərin Aşıq İsgəndər Ağbabalıya həsr olunmuş məqalələrindən və şeirlərindən ibarət “Aşıq İsgəndər Ağbabalı – 100” kitabı iştirakçılara hədiyyə edilərkən, Qəşəm İsaoğlu, Telman Gülsehran və usta Naibin qara zurnada ifa etdikləri ecazkar el havaları, ağsaqqalların və gənclərin birgə ifa etdikləri Ağbaba yallısı festivalın zirvə nöqtəsinə çevrildi. ![]() Tədbirin ən qürurverici məqamlarından biri Qərbi Azərbaycan İcmasının sıralarının genişlənməsi oldu. İcmanın üzvlüyünə qəbul olunan kənd sakinlərinə təqdim edilən vəsiqələr və döş nişanları sadəcə sənəd deyil, tarixi ədalətin bərpası yolunda atılan mətin bir addımın simvolu idi. Təşəkkürnamələrlə təltif olunan soydaşlarımızın sevincinə qoşulan kənd sakinləri akademik Abel Məhərrəmova və icra başçısı Tahir Məmmədova göstərdikləri yüksək təəssübkeşliyə görə dərin minnətdarlıqlarını bildirdilər. Aşıq Faxfur Gülməmmədov isə ailə adından atasının xatirəsinə göstərilən bu ali ehtirama görə təşkilatçılara və qonaqlara təşəkkür etdi. ![]() Festivalın finalı elin birliyinə vurulan bir möhür, Böyük Qayıdışın zəfər marşı kimi səsləndi. Meydanda səslənən qədim el havaları, Ağbaba-Çıldır mühitinin ruhunu yaşadan həzin nəğmələr və igidlərin coşqu ilə ifa etdiyi rəqslər hər kəsin qəlbində dərin izlər buraxdı. Doğma yurdun nisgili, keçmişin şirin xatirələri və gələcəyə olan tükənməz inamın bir araya gəldiyi bu məqamlarda kövrək, duyğulu anlar yaşandı; gözlərdə dolan yaşlar, əslində, Ağbabaya qovuşacağımız o müqəddəs günün müjdəçisi idi. ![]() Akademik Abel Məhərrəmovun sözləri ilə desək, bu gün Qızmeydanın havası ilə Ağbabanın nəfəsi birləşdi; çalınan sazın sədası gələcək nəsillərə ötürülən bir əmanətdir ki, o torpaqlar sahiblərini gözləyir və qayıdış günü əbədi bir həqiqət kimi bizə çox yaxındır. Bəli, Ağbaba bizimdir, Ağbaba keçmişimiz, bu günümüz və ən əziz, ən əlçatan gələcəyimizdir. Bu festival, tariximizin yaddaşına qızıl hərflərlə yazıldı və hamıya bir daha xatırlatdı ki, sazın harayı olduğu müddətcə, yurd yerlərimiz unudulmayacaq, xalqımız öz əzəli torpaqlarına qayıdacaqdır. Azər Məmmədov Aia.az Geri dön |