Ana Sayfa > Özəl > Səmərqənddə yaşayan azərbaycanlı professor Səxavət Ociyevin 75 illiyi Bakıda qeyd olundu
Səmərqənddə yaşayan azərbaycanlı professor Səxavət Ociyevin 75 illiyi Bakıda qeyd olunduBu gün, 14:30. Yazar: azer |
![]() Bakı şəhərində Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetinin professoru, Özbəkistanın Turan Elmlər Akademiyasının akademiki Səxavət Ociyevin 75 illik yubileyi və Ömür kitabı: yaşananlar və yazılanlar adlı kitabının təqdimat mərasimi keçirilib. Turan Elmlər Akademiyasının Azərbaycan Filialının təşkilatçılığı ilə baş tutan tədbirdə elm, mədəniyyət və media nümayəndələri, ziyalılar, jurnalistlər, ictimai xadimlər, həmçinin yubilyarın ailə üzvləri iştirak ediblər. Tədbir Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələrin inkişafına töhfə verən görkəmli alim və ziyalıların bir araya gəldiyi əlamətdar görüş kimi yadda qalıb. Mərasim Dövlət himnlərinin səsləndirilməsi və Ulu Öndərimizin, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. Tədbiri giriş sözü ilə açan akademik Sabir Tağıyev yubilyarın həyat və fəaliyyətindən geniş məruzə edib. İlk söz alan alimimiz, "Turan" EA-nın akademiki Əsgər Zeynalov Səxavət Ociyevin türk dünyasının ortaq mənəvi dəyərlərinin qorunması, elmin inkişafı və gənc nəslin maariflənməsi istiqamətində uzun illər ərzində həyata keçirdiyi fəaliyyətdən danışıb. Qeyd edib ki, alim həm elmi-pedaqoji fəaliyyəti, həm də ictimai fəaliyyəti ilə türk dünyasında böyük hörmət qazanıb. General-mayor, "Turan" EA-nın akademiki Elbrus Orucov professorun çoxşaxəli yaradıcılığından, Özbəkistan və Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edib. O, bildirib ki, professorun elmi araşdırmaları, məqalələri və kitabları türk xalqlarının ortaq tarixi və mədəni irsinin öyrənilməsində mühüm əhəmiyyət daşıyır. Məşhur 91-lər hərəkatının tanınmış simalarından olan Munis Bayramov çıxışında Səxavət Ociyevin türk dünyasının elm və mədəniyyət sahəsində mühüm xidmətlər göstərdiyini vurğulayıb. O bildirib ki, yubilyarın fəaliyyəti yalnız Özbəkistanla məhdudlaşmır, bütövlükdə türk xalqları arasında mənəvi körpülərin qurulmasına xidmət edir. Tədbir çərçivəsində yubilyarın yeni nəşr olunan Ömür kitabı: yaşananlar və yazılanlar adlı kitabının təqdimatı da keçirilib. Kitab haqqında məlumat verən, kitabın ön söz müəllifi, TAİB İdarə Heyətinin üzvü, "Öztürk" qəzetinin redaktoru, "Qızıl qələm" mükafatı laureatı Əli Qarayev çıxışında bildirib ki, əsərdə müəllifin həyat yolu, elmi fəaliyyəti, xatirələri, düşüncələri və müxtəlif dövrlərdə yaşadığı hadisələr öz əksini tapıb. Nəşr həm bioqrafik, həm də ədəbi-publisistik baxımdan oxucular üçün maraqlı mənbədir. Mərasimdə iştirak edən ziyalılarda Namiq Hacıyev, Afət Süleymanova, Reyhan İbrahimova, Rizvan Sadıqov da öz çıxışlarında yubilyarla bağlı təəsüratlarını danışıblar. Onlar qeyd ediblər ki, belə ziyalıların fəaliyyəti gələcək nəsillər üçün örnəkdir və onların irsi daim yaşadılmalıdır. Ömür kitabı: yaşananlar və yazılanlar əsərinin müəllifin zəngin həyat yolunu və həyat fəlsəfəsini əks etdirən dəyərli mənbə olduğu bildirilib. Çıxışların sonunda yubilyarı 75 illik yubileyi münasibətilə təbrik edərə,k ona uzun ömür, möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıblar. Tədbirdə Səxavət Ociyevin ailə üzvləri də iştirak ediblər. Yubilyarın yaxınları çıxış edərək onun ailə dəyərlərinə bağlı, qayğıkeş insan və nümunəvi ata olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, Səxavət Ociyev uzun illər ərzində həm elmi fəaliyyəti, həm də insani keyfiyyətləri ilə ailəsinin və ətrafındakı insanların böyük hörmətini qazanıb. Ailə üzvləri tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Turan Elmlər Akademiyasının Azərbaycan Filialına və iştirakçılara təşəkkür edərək, yubilyara göstərilən diqqət və ehtiramın onlar üçün xüsusi qürur hissi yaratdığını vurğulayıblar. Tədbirin sonunda Səxavət Ociyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib, Azərbaycan xalqına olan dərin sevgisini ifadə edib. Sonda yubilyara xatirə hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkdirilib və tədbir Azərbaycan nemətləri ilə bəzədilmiş süfrədə davam etdirilib. Qeyd edək ki, Səxavət Ociyev 1951-ci ildə Azərbaycanın Cəlilabad rayonunda anadan olmuş, hələ gənc yaşlarından qədim Səmərqəndə gəlmiş, zavodda fəhlə işləmiş, sonra isə indi fəaliyyət göstərdiyi universiteti bitirmişdir. Bir müddət Səmərqənd Dövlət Arxivinin direktoru olmuşdur. 1991-ci ildən SDU-da çalışır. Burada işlədiyi müddətdə kollektivin dərin hörmətini qazanmış, 100-dən artıq kitab, monoqrafiya və məqalə yazmış, əsərləri Özbəkistanda və Azərbaycanda nəşr olunmuşdur. Geri dön |