Ana Sayfa > Özəl > Gülər Sultanzadə: "Qarabağ artıq xatirə deyil, yaşayan reallıqdır"

Gülər Sultanzadə: "Qarabağ artıq xatirə deyil, yaşayan reallıqdır"


Bu gün, 10:17. Yazar: azer
Gülər Sultanzadə: "Qarabağ artıq xatirə deyil, yaşayan reallıqdır"

Qarabağa dönüş artıq statistik rəqəm deyil. Bu dönüşün nəfəsi var, səsi var, insan taleyi var. Bunu Şuşanın Böyük Qaladərəsi kəndində bir daha görmək mümkün oldu. Cənab Prezident İlham Əliyevin kəndə səfəri zamanı səslənən sözlər, yaşanan duyğular, insanların baxışları bir həqiqəti açıq şəkildə göstərdi: Qarabağ artıq xatirə deyil, yaşayan reallıqdır.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz bildirib ki, otuz il həsrət çəkmiş insanların doğma evlərinə qayıtması yalnız köç prosesi deyil. Bu, bir xalqın öz yaddaşına, öz kökünə, öz mənəvi coğrafiyasına qayıdışıdır. Böyük Qaladərəsində ağbirçək bir qadının cənab Prezidentə dediyi “Ayağımız torpağımıza dəyib” cümləsi bəlkə də bütün bu qayıdışın ən dəqiq ifadəsi idi. Çünki insan üçün torpaq yalnız yaşadığı yer deyil, həm də kimliyidir. İllər boyu doğma kəndlərdən uzaqda yaşayan insanlar öz evlərinin ünvanını unutmadılar. Onlar şəhərlərdə yaşadılar, amma ürəklərində həmişə Qarabağın havasını, suyunu, dağlarını daşıdılar. Bu səbəbdən Böyük Qaladərəsindəki görüş sadəcə rəsmi tədbir təsiri bağışlamırdı. Orada dövlətlə xalq arasında çox dərin mənəvi bağ görünürdü. Cənab Prezident İlham Əliyevin sakinlərlə səmimi söhbəti, onların gündəlik yaşayışı ilə maraqlanması, kəndin gələcək inkişafı barədə danışması göstərirdi ki, Qarabağ məsələsi artıq yalnız hərbi və siyasi gündəm deyil. Bu gün əsas məsələ həmin torpaqlarda həyatın necə qurulacağıdır. Böyük Qaladərəsində görülən işlər də məhz bu məqsədə xidmət edir. Bərpa olunan evlər, çəkilən yollar, qurulan elektrik və su xətləri, salınan park və Bayraq meydanı bir kəndin yenidən dirçəldiyini göstərir. Vaxtilə dağıdılmış, viran qoyulmuş bir yaşayış məntəqəsində indi yenidən həyat başlayır. Uşaqların səsi eşidilir, həyətlərdə işıq yanır, insanlar gələcəyə plan qururlar.

Bu qayıdışın başqa bir mühüm tərəfi də sosial dirçəlişin başlanmasıdır. Çünki kəndə dönən insanlar yalnız öz evlərinə yerləşmirlər, onlar eyni zamanda kəndin gələcək həyatını formalaşdırırlar. Burada məktəblər açılacaq, yeni təsərrüfatlar yaranacaq, insanlar kənd təsərrüfatı, turizm və xidmət sahələrində fəaliyyət göstərəcəklər. Qarabağın təbii gözəlliyi və zəngin resursları bölgəni yaxın illərdə Azərbaycanın ən mühüm inkişaf mərkəzlərindən birinə çevirə bilər. Cənab Prezidentin Turşsu, Şuşa və Laçın istiqamətində aparılan layihələri xüsusi vurğulaması da göstərir ki, bu bölgənin gələcəyi yalnız yaşayış məkanı kimi deyil, həm də iqtisadi və turizm potensialı baxımından strateji əhəmiyyət daşıyır. Qarabağ artıq təkcə keçmişin ağrılı yaddaşı deyil, gələcəyin böyük inkişaf platformasına çevrilir. Bu mənzərənin ən təsirli tərəfi isə insanların daxili rahatlığı idi. Sakinlərdən birinin “Bakıda belə rahat olmurduq” deməsi təsadüfi deyildi. Qarabağın təbiəti insanlara təkcə gözəllik yox, mənəvi sakitlik də qaytarır. Cənab Prezidentin “Buranın havası özü dərmandır” sözləri də məhz bu hissin ifadəsi idi. Əslində Böyük Qaladərəsində baş verənlər bütövlükdə Azərbaycanın son illərdə keçdiyi yolun kiçik modelidir. Bir vaxtlar işğal xəbərləri ilə sarsılan ölkə bu gün azad edilmiş torpaqlarda quruculuq aparır. Bir vaxtlar didərgin düşən insanlar indi öz kəndlərində qonaq yox, ev sahibidir. Bu dönüş həm də dövlət iradəsinin nəticəsidir. Qarabağın bərpası təkcə iqtisadi layihə deyil. Bu, milli ləyaqətin bərpasıdır. Azərbaycan öz torpaqlarını geri qaytarmaqla kifayətlənmədi, həmin torpaqlarda həyatın yenidən başlamasını da təmin etdi. Dünyada müharibədən çıxmış bir çox bölgələr illərlə xarabalıq olaraq qalır. Qarabağda isə həyat qısa müddətdə yenidən qurulur.

Cənab Prezident İlham Əliyevin Böyük Qaladərəsində səsləndirdiyi fikirlərdə bir mühüm xətt açıq görünürdü: Azərbaycan artıq qalib dövlət psixologiyası ilə yaşayır. Bu qalibiyyət yalnız döyüş meydanında əldə olunmuş uğur deyil. Əsl qələbə insanın öz evinə qayıtmasıdır. Əsl qələbə kənddə yenidən ocaq yanmasıdır. Əsl qələbə yaşlı bir ananın doğma torpaqda rahat nəfəs almasıdır. Bu gün Qarabağda qurulan hər ev, çəkilən hər yol, yandırılan hər işıq gələcəyə verilən mesajdır. O mesaj isə çox sadədir: bu torpaqlarda həyat əbədi olacaq. Böyük Qaladərəsində insanlar yalnız evlərinə qayıtmadılar. Onlar illərdir gözlədikləri mənəvi bütövlüyə qovuşdular. Qarabağın dağları, meşələri, bulaqları yenidən öz sahiblərini qarşıladı-deyə Gülər Sultanzadə fiktini yekunlaşdırıb.
Geri dön