Ana Sayfa > Dünya > Avropadan Kiyevə niyə "hücum" başladı: Ukrayna savaşı "sonsuz müharibə"yə çevirilir
Avropadan Kiyevə niyə "hücum" başladı: Ukrayna savaşı "sonsuz müharibə"yə çevirilirBu gün, 19:19. Yazar: vasif |
![]() Əgər, Ukrayna və onun hərbi tərəfdaşları arasında siyasi ziddiyyətlər dərinləşərsə, bu, Rusiyanın geostrateji mövqeyini ciddi şəkildə gücləndirə bilər... Bütün bunlar isə Ukrayna savaşının yaxın gələcəkdə səngiməkdən daha çox, yeni, həm də daha amansız mərhələyə keçə biləcəyini göstərir... Ukrayna müharibəsinin yenidən intensivləşməkdə olduğu bir mərhələdə rəsmi Kiyevin bəzi Avropa ölkələri ilə münasibətlərində narazılıq əlamətləri sezilməyə başlayıb. Xüsusilə də, Ukrayna və Polşa arasında kifayət qədər ciddi ziddiyyətlərin olduğu müşahidə edilir. Və belə vəziyyətdən məmnun olan Rusiya isə hərbi əməliyyatların yaxın perspektivdə dayandırılacağına yönəlik mesajlar verir. Məsələ ondadır ki, Polşa prezidenti Karol Navrotski Ukrayna lideri Volodimir Zelenski ilə bağlı sərt ittihamlar irəli sürüb. Onun fikrincə, rəsmi Kiyevin Qərb ölkələri ilə münasibətləri korlaya biləcək davranışları Ukraynanın Avropa Birliyinə inteqrasiya prosesinə də mənfi təsir göstərir. Və bu, Rusiyanin Qərb ölkələrinə qarşı apardığı informasiya müharibəsində Kreml tərəfindən əlavə arqument kimi istifadə oluna bilər. Əslində, Ukrayna və Polşa arasında tarixi xarakterli ciddi problemlər mövcuddur. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinı başlamasından sonra bu problemlər müəyyən qədər arxa plana keçirilmişdi. Yəni, Polşa Rusiya təhlükəsinin təsiri altında Ukraynanın ən böyük siyasi və hərbi dəstəkçilərindən birinə çevrilmişdi. Ancaq savaş uzandıqca və Ukraynanın Avropa Birliyinə üzvlük perspektivi daha real göründükcə, Polşanın siyasi elitası tarixi problemlərin yenidən gündəmə gətirilməsinə xüsusi həvəs göstərir. Onu da qeyd etmək lazımdır ki, Polşa-Ukrayna ziddiyyətləri Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Kreml uzun müddətdir ki, Qərb koalisiyası daxilində mövcud olan fikir ayrılıqlarını qabartmağa və Rusiyanın maraqları üçün faydalı siyasi alətə çevirməyə çalışır. Yəni, Rusiya Ukraynanın Avropa Birliyinə inteqrasiya prosesində üzləşdiyi hər bir problemi kollektiv Qərbin vahid mövqeyinin zəifləməsi kimi təqdim edir. Ancaq buna baxmayaraq, mövcud vəziyyət onu göstərir ki, Polşa və Ukrayna arasındakı ziddiyyətlər hələlik strateji əməkdaşlığın tamamilə pozulması demək deyil. Əksinə, bu problemlər hazırda daha çox Polşa və Ukrayna arasında gələcək münasibətlərin hansı prinsiplər üzərində qurulmalı olduğu barədə müzakirələrlə məhdudlaşır. Çünki rəsmi Varşava Rusiya təhlükəsini ciddiyə alır. Kreml isə Ukrayna savaşında hələ də hərbi həll variantına üstünlük verir. Məsələ ondadır ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsi ilə bağlı verdiyi son açıqlamalar Qərbdə ciddi narahatlıq da doğurub. Çünki prezident Vladimir Putin bildirib ki, davam edən hərbi əməliyyatlar şəraitində Ukrayna ilə müharibənin nə vaxt başa çatacağını dəqiq söyləmək qətiyyən mümkün deyil. Və onun bu bəyanatı Kremlin yaxın vaxtlarda hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını göstərən önəmli mesajlardan biri kimi qəbul edilir. Qərb siyasi dairələrinin qənaətinə görə, əgər, Rusiya yaxın vaxtlarda siyasi həll perspektivinə inanmış olsaydı, Kreml müharibənin başa çatması ilə bağlı daha konkret mesajlar verməyə çalışardı. Halbuki, prezident Vladimir Putin hazırda Rusiya qoşunlarının bütün istiqamətlər üzrə hücum əməliyyatlarını davam etdirdiyini qabartmağa daha çox üstünlük verir. Və bu, Kremlin savaşın nəticəsini ilk növbədə siyasi-diplomatik masada deyil, məhz döyüş meydanında müəyyən etmək niyyətində olduğunu göstərir. Maraqlıdır ki, Rusiya lideri bir tərəfdən Kremlin danışıqlardan imtina etmədiyini desə də, digər tərəfdən, hazırda real sülh danışıqlarının aparılmadığını da etiraf edib. Bu baxımdan, onun ziddiyyətli mövqeyi Kremlin son illərdə tətbiq etdiyi siyasi taktikanın davamı kimi görünür. Belə ki, Rusiya həm beynəlxalq ictimaiyyətə sülh danışıqlarına açıq olduğunu göstərməyə çalışır. Və eyni zamanda, hərbi əməliyyatları davam etdirərək, daha əlverişli mövqelər əldə etməyə can atır. Digər tərəfdən, prezident Vladimir Putinin NATO-ya və kollektiv Qərbə ünvanlanan xəbərdarlığı ən diqqətçəkən məqamlardan biridir. Belə ki, Kreml sahibi Rusiyaya qarşı birbaşa hərbi təhlükə yaradan bütün obyektlərin qanuni hədəf hesab ediləcəyini vurğulayıb. Bu xəbərdarlıq ilk növbədə Ukraynaya silah və kəşfiyyat dəstəyi göstərən NATO ölkələrinə ünvanlanmış mesaj kimi görünür. Kreml uzun müddətdir ki, Qərbin Ukraynaya hərbi yardımının münaqişəni uzatdığını iddia edir. Və bu dəstəyin müəyyən mərhələdə Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yarada biləcəyini qabardır. Eyni zamanda, prezident Vladimir Putin Rusiyanın hava hücumundan müdafiə sistemlərini məhv etmək niyyətində olan Qərb dövlətlərini, ölkəsinin onları "yerlə-yeksan etmək üçün bütün vasitələrə malik olması" ilə hədələyib. Onun bu aqressiv təhdidləri isə Kremlin strateji çəkindirmə siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Çünki bu, Ukrayna ilə yanaşı, Qərb ölkələrinə də Rusiyanın savaş potensialının geniş olduğunu göstərməyə hesablanıb. Bütün bunlar onu göstərir ki, Ukrayna savaşı ətrafında geopolitik vəziyyət getdikcə, daha mürəkkəb xarakter alır. Bir tərəfdən, Ukraynanın ən yaxın hərbi tərəfdaşlarından biri olan Polşa ilə münasibətləri yenidən korlanmağa başlayıb. Digər tərəfdən isə Rusiya hərbi əməliyyatların davam etdirilməsində israrlı olduğunu nümayiş etdirir. Təbii ki, belə qəliz proseslər Avropa təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı da ciddi suallar yaradır. Əgər, Ukrayna və onun hərbi tərəfdaşları arasında siyasi ziddiyyətlər dərinləşərsə, bu, Rusiyanın geostrateji mövqeyini gücləndirə bilər. Ancaq əksinə, Qərb koalisiyası daxili ziddiyyətləri nəzarətdə saxlaya bilərsə, Rusiyanın uzunmüddətli hədəflərinə çatması daha da çətinləşmiş olacaq. Və bütün bunlar Ukrayna savaşının yaxın gələcəkdə səngiməkdən daha çox, yeni, həm də daha amansız mərhələyə keçə biləcəyini göstərir.musavat.com Geri dön |