Ana Sayfa > Karusel / Özəl / Qərbi Azərbaycan / Yazar2 > Amasiya (Ağbaba-Şörəyel) sevdalılarının elmi zəfəri:
Amasiya (Ağbaba-Şörəyel) sevdalılarının elmi zəfəri:Dünən, 23:07. Yazar: Semsi |
![]() 27 may 2026-cı il tarixində, "Mona Liza" şadlıq sarayının konfrans zalında baş tutan "Amasiya: Tarix, Dil və Kimlik Araşdırmaları" simpoziumu sadəcə bir elmi tədbir deyil, həm də köklərimizə qayıdışın, milli kimliyimizin təsdiqinin təntənəsinə çevrildi. "Keçmişimizi öyrənək, kimliyimizi qoruyaq, gələcəyimizi birlikdə quraq!" şüarı altında bir araya gələn ziyalılar və gənclər, unudulmaz bir günə imza atdılar. Tədbiri giriş sözü ilə açan Amasiya rayon Gənclər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Babayev Elvin, elmi axtarışların gələcək nəsillər üçün daşıdığı missiyanı önə çəkdi. Çıxış edən Amasiya Rayon İcmasının sədri, akademik, Əməkdar elm xadimi Abel Məhərrəmov simpoziumun ictimai-elmi əhəmiyyətini xüsusi vurğulayaraq, amasiyalı gənclərin bu cür mühüm tədbiri təşkil etmələrini, elmi axtarışlarla məşğul olmalarını böyük qürurla təqdir etdi. ![]() Bu tarixi məkanda çıxış edən şair-publisist, Qərbi Azərbaycan İcması Mərkəzi Aparatının elmi işçisi Şəmsi Qoca isə gənclərin bu təşəbbüsünü alqışlayaraq, gənclərin yaradıcılıq meyllərinin tarixi kimliyimizə yönəlməsinin mühüm hadisə olduğunu qeyd etdi. Şəmsi Qoca simpozium materiallarının gələcəkdə nəşr edilməsinin və təbliğinin vacibliyini bildirərək, ziyalılarımıza qarşı yönələn beşinci kolon nümayəndələrinə qarşı prinsipial mübarizə aparılmasının əhəmiyyətini də vurğuladı. Tədbirin təşkilatçılarından Orxan Sərvər oğlu Ələkbərov çıxışında simpoziumun əsas məqsədinin tariximizi və milli kimliyimizi araşdırmaq olduğunu bildirdi. O qeyd etdi ki, dil xalqın ruhudur, kimlik isə onun varlığının əsas sütunudur. Milli-mənəvi dəyərlərin qorunmasının yalnız alimlərin deyil, hər bir vətəndaşın məsuliyyəti olduğunu deyən Orxan Ələkbərov müasir dövrdə milli irsin dünyaya düzgün təqdim edilməsinin böyük əhəmiyyət daşıdığını xüsusi vurğuladı. Simpoziumun sədri, fəlsəfə doktoru Sahib Ramazanov çıxışında ilk olaraq iştirakçıları Qurban bayramı və qarşıdan gələn Müstəqillik günü münasibətilə təbrik etdi. O bildirdi ki, “Tarix, Dil və Kimlik Araşdırmaları Simpoziumu”nda iştirak edən hər bir qonağı salamlayır və bu tədbirin keçirilməsini böyük fəxr hissi ilə qarşılayır. Sahib Ramazanov qeyd etdi ki, Amasiyanın tarixi və mədəni kimliyinin müasir elmi yanaşmalarla öyrənilməsi gələcək tədqiqatlar üçün mühüm istiqamət yaradacaq. O, alimlərlə əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışdı və sonda elmi məruzələrlə çıxış edən alimlərə, tədqiqatçılara və gənclərə təşəkkürünü bildirdi. Qərbi Azərbaycan İcmasının əməkdaşı Əhməd Rzayev isə çıxışında deportasiya və sürgün tarixinin unudulmamasının vacibliyini qeyd etdi. O bildirdi ki, yalnız amasiyalıların deyil, ümumilikdə Qərbi azərbaycanlıların yaşadığı faciələrin yeni nəsil tərəfindən öyrənilməsi böyük əhəmiyyət daşıyır. Tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması milli yaddaşın qorunması baxımından vacibdir. Nuray Xıdırova (doktorant): "Amasiya rayon dialektinin türk dilləri ilə linqvistik paralelliyi" mövzusunda çıxış edərək, bölgənin dil qatındakı arxaik formaları təhlil etdi. O, dialektin ümumtürk dil sistemindəki yerini müəyyən edərək, bölgədəki qədim dil izlərinin qorunub saxlanılmasının linqvistik əhəmiyyətini əsaslandırdı. Anar Həmidov (tarix üzrə fəlsəfə doktoru, BDU-nun müəllimi): "Ağbaba-Şörəyel bölgəsində azərbaycanlıların tarixi irsi və deportasiya mərhələləri" mövzusunda arxiv sənədlərinə əsaslanan geniş tədqiqatını təqdim etdi. O, bölgənin demoqrafik tarixini və zaman-zaman məruz qaldığı deportasiya proseslərini dövrlər üzrə konkret faktlarla işıqlandırdı. Babayev Elvin (fəlsəfə üzrə fəlsəfə doktoru, BDU-nun əməkdaşı): "Orxon əlifbası ilə qədim türk damğaları arasındakı bağlılıq" mövzusunda çıxış edərək, epigrafik abidələrimizin təkamülünü təhlil etdi. O, qədim türk damğalarının simvolik mənalarını və onların Orxon-Yenisey abidələri ilə olan genetik əlaqəsini elmi dəlillərlə izah etdi. Ələkbər Mirzəyev (BDU-da dekan müavini, doktorant): "Amasiya rayonunun geoloji quruluşunun tarixi-mədəni inkişafda rolu" mövzusunda çıxış edərək, təbii landşaftın insan məskunlaşmasına və bölgənin mədəni-iqtisadi inkişafına təsirini təhlil etdi. O, coğrafi mühitin formalaşdırdığı tarixi şəraiti yeni perspektivdən – geoloji və sivilizasiya kəsişməsində təqdim etdi. ![]() Səbuhi Şamilov (BDU-nun əməkdaşı): "Amasiya türkləri: tarixi coğrafiyadan milli kimliyin qorunmasına qədər – dil, yaddaş və irs" mövzusunda çıxış etdi. O, tarixi yaddaşın itirilməməsinin milli kimliyin qorunmasında həlledici amil olduğunu vurğulayaraq, dilin və mədəni irsin ötürülməsindəki davamlılıq mexanizmlərini şərh etdi. Aytəkin Abbasova (ADU-nun müəllimi, doktorant): "Amasiya türkləri kontekstində dil-kimlik-tarix triadası: nəzəri və praktik yanaşma" mövzusunda çıxış edərək, bu üç komponentin bir-birini tamamlayan sistem olduğunu göstərdi. O, dilin və tarixi yaddaşın milli kimliyin bərqərar olunmasında oynadığı rolu nəzəri və praktik nümunələrlə əsaslandırdı. Fəridə Almuradova (tədqiqatçı): "Keçmişdən gəlirik, gələcəyə gedirik" mövzusunda çıxış edərək, tarixi varislik konsepsiyasını fəlsəfi müstəvidə nəzərdən keçirdi. O, keçmişin təcrübəsinin gələcəyin qurulmasında necə bir estetik və etik bələdçi rolunu oynadığını xüsusi vurğuladı. ![]() Ülviyyə Əskərova (tədqiqatçı): "Türk dilinin tarixi inkişafı və Balkanlarda Osmanlı dövrünün dilə təsiri" mövzusunda çıxış edərək, dilimizin qlobal miqyasda yayılma və qarşılıqlı təsir arealını geniş təhlil etdi. O, tarixi proseslərin dilin fonetik və leksik inkişafına təsirini müqayisəli şəkildə izah etdi. Amil Orucov ( BDU tarix fakültəsinin tələbəsi, tədqiqatçı): "Amasiyada əsas etnik qrup olan Qarapapaqlar (Tərəkəmələr)" mövzusunda etnoqrafik məruzə etdi. O, bu elatın qədim köklərini, sosial quruluşunu və məişət mədəniyyətini folklor xəzinəsinin dərinliklərindən gələn dəlillərlə geniş şəkildə təqdim etdi. ![]() Simpozium bir daha təsdiqlədi ki, gənclərlə iş və onların elmi potensialının üzə çıxarılması strateji əhəmiyyət daşıyır. Akademik Abel Məhərrəmovun bu sahədəki çoxşaxəli xidmətləri, gənclərə olan səmimi qayğısı, onların milli kimliyimiz və tariximiz haqqındakı araşdırmalarını yüksək qiymətləndirib təşviq etməsi, hətta yeri gəldikdə maliyyə dəstəyi göstərməsi iştirakçılarda dərin və unudulmaz təəssüratlar oyatdı. Akademik öz çıxışında bildirdi ki, bu gün keçirilən simpozium gələcəkdə daha geniş müstəvidə təşkil ediləcək beynəlxalq konfranslar üçün bir "tramplin" rolunu oynamalıdır. Tədbirin sonunda simpozium iştirakçıları xatirə fotoşəkli çəkdirdilər. Azər Məmmədov aia.az Geri dön |