Ana Sayfa > Karusel / Manşet / Gündəm / Özəl / Seçilənlər-9 > Şərqin sönməz İstiqlal məşəli:
Şərqin sönməz İstiqlal məşəli:Bu gün, 13:00. Yazar: Semsi |
![]() Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Tarixin yaddaş vərəqləri millətlərin taleyini bəzən qanla, bəzən göz yaşları, bəzən isə misilsiz qəhrəmanlıq dastanları ilə yazır. Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsində elə bir qızıl səhifə var ki, o, sadəcə bir xalqın deyil, bütövlükdə Şərq dünyasının, müsəlman aləminin siyasi təfəkküründə intibah yaratdı. Bu şərəfli tarix xalqımızın müstəqillik əzminin, azadlıq eşqinin və milli kimlik şüurunun ən ali təzahürü olan 28 May – Müstəqillik Günüdür. 1918-ci ilin o parlaq may günündə bəşəriyyətə bəyan olunan azadlıq sədası bu gün işğaldan azad edilmiş doğma torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın təməl marşı idi. XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan xalqı üçün milli oyanışın, mədəni tərəqqinin və siyasi dirçəlişin coşqun dövrü idi. Mütəfəkkir şəxsiyyətlərimizin, ziyalılarımızın və qabaqcıl insanların qəlbində alovlanan istiqlal arzusu hər bir vətəndaşın ruhuna nüfuz edirdi. Nəhayət, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən imzalanan İstiqlal Bəyannaməsi ilə xalqımız öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, təsadüfi bir tarixi hadisə deyil, milli şüurun məntiqi yekunu idi. Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaratdı. Avropanın mütərəqqi demokratik dəyərləri ilə zəngin Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə harmonik şəkildə birləşdirən Cümhuriyyət milli dövlətçilik ənənələrimizin ən uca zirvəsinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, bu qısa müddət ərzində əsrə bərabər mühüm fəaliyyətlər göstərdi, silinməz izlər qoydu. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Cümhuriyyət bütün ölkə vətəndaşlarına bərabər hüquqlar tanıyaraq irqi, milli, dini və sinfi bərabərsizliyi kökündən ortadan qaldırdı. Dövlət atributları və Azərbaycan vətəndaşlığı təsis olundu. Sürətlə qurulan Milli Ordu Qafqaz İslam Ordusu ilə çiyin-çiyinə verərək müqəddəs Bakımızı işğalçılardan azad etdi. 1918-ci ilin avqustunda qəbul edilən “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla təhsil ana dilində aparılmağa başladı. 1919-cu ilin sentyabrında isə ölkəmizin elmi elitasının təməli olan Bakı Dövlət Universiteti açıldı. Ali və orta təhsil müəssisələri, mədəniyyət ocaqları xalqın milli kimlik şüurunu özünə qaytarmağa xidmət etdi. Hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verildi. Elə Cümhuriyyətin yarandığı ilk gün – 28 mayda Ədliyyə Nazirliyi təsis olundu. Noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilərək hüquqi dövlətin sütunları möhkəmləndirildi. Cümhuriyyətin xarici siyasətinin başlıca hədəfi isə Paris Sülh Konfransında və dünyanın yeni siyasi nizamında müttəfiq dövlətlər tərəfindən tanınmaq idi. Atılan cəsarətli diplomatik addımlar sayəsində Azərbaycan beynəlxalq hüququn subyektinə çevrildi. Məhz bu beynəlxalq tanınma, 1920-ci ilin aprelində baş verən bolşevik işğalından sonra belə, Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən tamamilə silinməsinin qarşısını aldı. Böyük rəhbər, Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki, biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır. Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. 1920-ci ildə endirilən üçrəngli bayrağımız heç vaxt xalqımızın qəlbindən və yaddaşından silinmədi. XX əsrin sonlarında SSRİ-nin süqutu ilə Azərbaycan yenidən öz azadlığına qovuşmaq ərəfəsində olanda tarixi cəsarəti yenə böyük bir lider nümayiş etdirdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında, hələ Sovet İttifaqının mövcud olduğu mürəkkəb bir şəraitdə, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi qaldırıldı. Bu, xalqın müstəqilliyə gedən yolunun sarsılmaz təməli idi. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz rəsmən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bütün dünyaya bəyan etdi. Lakin daxili çəkişmələr, iqtisadi böhran və Ermənistanın torpaqlarımıza mənfur təcavüzü gənc müstəqil dövləti məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə bir ağır dönəmdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev öz siyasi iradəsi, qətiyyəti və fədakarlığı ilə dövlətimizi iflasdan xilas etdi, davamlı sabitliyin əsasını qoydu və azərbaycançılıq məfkurəsini milli yaddaşımıza əbədi həkk etdi. Onun xalqına bağlılığı Cümhuriyyətin irsinə verdiyi dəyərdə də görünürdü; 1998-ci ildə Cümhuriyyətin 80 illik yubileyinin dövlət səviyyəsində yüksək ehtiramla qeyd edilməsi məhz Ulu Öndərin imzaladığı sərəncamlarla gerçəkləşdi. Bu gün Ümummilli Liderin siyasi kursunu böyük uzaqgörənliklə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır. Cümhuriyyətimizin irsi və dövlətçilik ənənələrimiz bu gün ən ali səviyyədə uca tutulur. 2007-ci ildə Bakının İstiqlaliyyət küçəsində ucaldılan İstiqlal Bəyannaməsi abidəsi, dövlət başçısının sərəncamları ilə Cümhuriyyətin 90 və 100 illik yubileylərinin təntənəli şəkildə qeyd edilməsi bunun əyani sübutudur. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, həmin il “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi tariximizə verilən ən böyük qiymət idi. Həmçinin 1920-ci ildə parlament binasından endirilmiş o müqəddəs ilk üçrəngli bayrağımızın 2018-ci il mayın 24-də yenidən Vətənə qaytarılaraq Dövlət Bayrağı Muzeyinin baş eksponatına çevrilməsi tarixin ədalətli dönüşü idi. ![]() Hüquqi müstəvidə atılan ən mühüm addımlardan biri isə 2021-ci il 15 oktyabr tarixli “Müstəqillik günü haqqında” Qanun oldu. Bu qanunla mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Bu tarixi qərar, dövlət suverenliyimizin məhz 1918-ci ildə bərqərar olunması faktına söykənir və müasir Azərbaycanın Cümhuriyyətin tamhüquqlu varisi olduğunu bir daha qanunla möhürləyir. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq! Bu gün 28 May Müstəqillik Gününü fərqli bir qürur və coşqu ilə qeyd edirik. Çünki ötən illər ərzində atılan hər bir mütərəqqi addım, qazanılan hər bir uğur bir müqəddəs hədəfə – torpaqlarımızın düşmən tapdağından azad edilməsinə yönəlmişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun qanı və canı bahasına Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Cümhuriyyət qurucularının ruhu bu gün şaddır. Onların 107 il əvvəl yandırdığı istiqlal məşəli, bu gün azad nəfəs alan Şuşada, Xankəndidə, Laçında, Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qürurla dalğalanan üçrəngli bayrağımızın işığında gələcəyə doğru boylanır. 28 may tarixlərində dövlət başçısının öz doğma yurdlarına qayıdan laçınlılarla hər bir görüşü bu torpaqların əbədi sahibinə qovuşmasının, tarixi ədalətsizliklərə son qoyulmasının və Cümhuriyyət ideallarının həyatda tam reallaşmasının parlaq sübutudur. Azərbaycan Respublikası özünün sarsılmaz müstəqilliyi, dinamik inkişafı və müzəffər xalqı ilə əbədiyyət yolunda inamla irəliləyir. Cümhuriyyət yadigarı olan bayrağımız göylərdə dalğalandıqca xalqımızın azadlıq sədası dünyada hər zaman uca səslənəcəkdir. Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan! Geri dön |