Ana Sayfa > Gündəm > Deputat Asif Əsgərov şəhid ailələri ilə görüşüb

Deputat Asif Əsgərov şəhid ailələri ilə görüşüb


Bu gün, 11:51. Yazar: azer
Deputat Asif Əsgərov şəhid ailələri ilə görüşüb

Qurban bayramı münasibətilə millət vəkili Asif Əsgərov Zaqatala rayonunda şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb, bayram münasibətilə qurban paylarının hazırlanmasında iştirak edib.

Bayramın mənəvi dəyərlərini yaşatmaq məqsədilə Aşağı Tala kəndində yerləşən kəsim məntəqəsində qurbanlar kəsilərək paylanma üçün hazırlanıb. Şəhid ailələri, qazilər və aztəminatlı ailələr olmaqla ümumilikdə 200-ə yaxın ailəyə qurban əti paylanılıb. Millət vəkili bildirib ki, Qurban bayramı insanları həmrəylik, mərhəmət və paylaşmaq ətrafında birləşdirən müqəddəs bayramlardan biridir. Bu gündə edilən duaların və göstərilən diqqətin cəmiyyətimizdə milli-mənəvi dəyərlərin daha da möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.

Daha sonra yaxın ərazidə yaşayan şəhid ailələri ilə çay süfrəsi ətrafında görüş keçirilib, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, dualar edilib. Görüş zamanı şəhid ailələrinin müraciətləri və onları narahat edən məsələlər diqqətlə dinlənilib. Qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumlarla birlikdə müvafiq addımların atılacağı qeyd olunub.
Millət vəkili Asif Əsgərov qeyd edib ki, şəhid ailələri və qazilərə göstərilən diqqət dövlət siyasətinin əsas istiqamətlərindən biridir və onların yanında olmaq hər bir vətəndaşın mənəvi borcudur.

Sonda göstərilən yüksək diqqət və qayğıya görə şəhid ailələri və yardım göstərilən ailələr prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini xüsusi vurğulayıblar.
Geri dön