Ana Sayfa > Manşet / Siyasət > Aqrar sektor: ənənəvi uğurlardan yeni hədəflərə

Aqrar sektor: ənənəvi uğurlardan yeni hədəflərə


Bu gün, 11:52. Yazar: azer
Aqrar sektor: ənənəvi uğurlardan yeni hədəflərə

Kənd təsərrüfatının inkişafı regionlarda sosial-iqtisadi fəallığın artırılması, yeni iş yerlərinin yaradılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illər həyata keçirilən dövlət proqramları nəticəsində kənd yerlərində müasir infrastruktur formalaşdırılıb, fermerlərin fəaliyyət imkanları genişlənib və aqrar sahəyə maraq artıb. Suvarma sistemlərinin yenilənməsi, kənd yollarının tikilməsi, logistika imkanlarının yaxşılaşdırılması və müasir texnologiyaların tətbiqi məhsuldarlığın yüksəlməsinə mühüm təsir göstərib. Eyni zamanda dövlət tərəfindən təqdim edilən subsidiya və güzəştlər kənd təsərrüfatının daha səmərəli təşkilinə şərait yaradaraq daxili bazarın yerli məhsullarla təminatını gücləndirib, ixrac imkanlarının genişlənməsinə əlavə təkan verib.

Regional inkişaf proqramlarının əsas məqsədi məhz insanların öz doğma torpaqlarında yaşaması, işləməsi və ənənəvi fəaliyyət sahələri ilə məşğul olması üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Bu siyasət nəticəsində bölgələrdə mühüm sosial və iqtisadi layihələr həyata keçirilib. Yeni yolların çəkilməsi, qazlaşdırmanın genişləndirilməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi kənd həyatının keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Eyni zamanda kəndlərdə xidmət sektorunun inkişaf etdirilməsi, turizm imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması regionların iqtisadi fəallığını artırıb.

Aqrar sektor inkişafında dövlət tərəfindən tətbiq olunan subsidiyalar və güzəştlər xüsusi əhəmiyyət daşıyır. Ölkədə tətbiq edilən çoxşaxəli subsidiya mexanizmləri dünya təcrübəsində nadir nümunələrdən hesab olunur. Fermerlərə yanacaq və gübrə güzəştlərinin verilməsi, güzəştli kreditlərin ayrılması, metodiki dəstəyin göstərilməsi aqrar istehsalın genişlənməsinə mühüm təkan verir. Bu siyasət kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə, istehsal xərclərinin azalmasına və fermerlərin maliyyə imkanlarının genişlənməsinə şərait yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir: “Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilməsi”.

Müşavirədə xarici investorların aqrar sahəyə cəlb olunması məsələsinə də xüsusi diqqət yetirildi. Bu gün ölkənin beynəlxalq nüfuzu və etibarlı tərəfdaş imici xarici investisiyalar üçün əlverişli şərait yaradır. Müxtəlif dövlətlərin şirkətlərinin əməkdaşlığa maraq göstərməsi kənd təsərrüfatında yeni imkanlar yaradır. Xarici investorların müasir texnologiyalar, innovativ yanaşmalar və yeni idarəetmə modelləri gətirməsi aqrar sektorun daha da modernləşməsinə mühüm töhfə verəcək. Müasir suvarma sistemlərinin tətbiqi, rəqəmsal idarəetmə texnologiyalarının genişləndirilməsi və yeni istehsal standartlarının tətbiqi məhsuldarlığın artmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradacaqdır.

Müşavirədə səsləndirilən statistik göstəricilər aqrar sahədə əldə olunan nailiyyətləri nümayiş etdirir. Tərəvəz istehsalı üzrə daxili tələbatın 107 faiz təmin olunması və yüz minlərlə ton məhsulun ixrac edilməsi kənd təsərrüfatının ixrac potensialının artdığını nümayiş etdirir. Meyvə və giləmeyvə sahəsində 140 faiz təminat səviyyəsi, yüz minlərlə ton məhsulun xarici bazarlara çıxarılması aqrar sahənin rəqabət qabiliyyətinin yüksəldiyini təsdiqləyir.

Fındıqçılıq üzrə qəbul edilən Dövlət Proqramı nəticəsində bu sahədə böyük irəliləyiş əldə olunub. Yeni bağların salınması və istehsalın genişlənməsi sayəsində ölkə qoz-fındıq məhsullarının ixracı üzrə dünyanın aparıcı dövlətləri sırasında yer alıb. Üzümçülük, bostan məhsulları və digər ənənəvi sahələrdə də istehsal həcminin artması kənd təsərrüfatının inkişaf dinamikasının göstəricidir.

Heyvandarlıq sahəsində də müsbət nəticələr əldə olunub. Mal əti, quş əti, qoyun-keçi əti, yumurta və digər məhsullar üzrə daxili istehsalın yüksəlməsi ərzaq təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Yumurta istehsalında daxili tələbatın tam ödənilməsi və ixrac imkanlarının formalaşması aqrar sektorun potensialını göstərən mühüm göstəricilərdən biridir. Bununla yanaşı, bəzi məhsullar üzrə idxaldan asılılığın qalması yeni investisiya imkanları yaradır. Bitki yağları, kərə yağı, balıq məhsulları və digər istiqamətlərdə daxili istehsalın artırılması həm yerli sahibkarlar, həm də xarici investorlar üçün geniş perspektivlər açır. Dövlət başçısının investorlara ünvanladığı mesajın əsas məqsədi məhz idxal olunan məhsulların daxildə istehsalını genişləndirmək və aqrar sahəyə daha çox sərmayə cəlb etməkdir.

Aqrar sahənin gücləndirilməsi yalnız iqtisadi məqsədlərlə məhdudlaşmır, eyni zamanda regionların davamlı inkişafına, sosial rifahın yüksəlməsinə və milli ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edir. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, fermerlərə göstərilən dəstək, müasir texnologiyaların tətbiqi və investisiya imkanlarının genişləndirilməsi kənd təsərrüfatının gələcək inkişafı üçün möhkəm zəmin formalaşdırır. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni təşəbbüslər bu sahənin ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən biri kimi mövqeyini daha da gücləndirəcəkdir.

Asif Əsgərov
Milli Məclisin deputatı

Geri dön