Ana Sayfa > Manşet / Siyasət > Aqrar inkişaf Azərbaycanın dayanıqlı iqtisadi siyasətinin əsas istiqamətlərindəndir

Aqrar inkişaf Azərbaycanın dayanıqlı iqtisadi siyasətinin əsas istiqamətlərindəndir


Bu gün, 09:56. Yazar: azer
Aqrar inkişaf Azərbaycanın dayanıqlı iqtisadi siyasətinin əsas istiqamətlərindəndir

May ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Dövlətimizin başçısının müşavirədə səsləndirdiyi fikirlər təkcə aqrar sahənin cari vəziyyətinin dəyərləndirilməsi baxımından deyil, həmçinin ölkəmizin kənd təsərrüfatına dair gələcək inkişaf siyasətinin proqram xarakterli ifadəsi kimi böyük strateji əhəmiyyət daşımaqdadır. Cənab Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi fikirlər bir daha göstərdi ki, aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illər ölkəmizdə kənd təsərrüfatının müasir əsaslarla inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, regionlarda məşğulluğun artırılması və kənd əhalisinin sosial rifahının yüksəldilməsi məqsədilə mühüm addımlar atılır.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycanda aqrar sahənin inkişafına dövlət qayğısı son onilliklər ərzində ardıcıl və məqsədyönlü siyasət olaraq həyata keçirilmişdir. Prezident İlham Əliyevin dövlətimizə rəhbərliyin ilk vaxtlarından etibarən kənd təsərrüfatının inkişafının sürətləndirilməsi prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının bir sıra vergilərdən azad edilməsi, fermer və sahibkarlar üçün güzəştli kredit mexanizmlərinin yaradılması, subsidiya sisteminin tətbiqi, habelə lizinq yolu ilə müasir texnikaların istehsalçılara çatdırılması aqrar sektorun inkişafına ciddi təkan vermişdir.

Dövlət başçısı çıxışında qeyd edib: “Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir. Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi.”Prezident İlham Əliyevin bu fikirləri onu göstərir ki, regionların inkişafı və kənd təsərrüfatının gücləndirilməsi uzun illərdir ardıcıl şəkildə həyata keçirilən strateji dövlət siyasətinin əsas istiqamətlərindəndir. 2004-cü ildən etibarən qəbul edilən regional inkişaf proqramları nəticəsində ölkənin bütün bölgələrində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, kəndlərin siması dəyişib, insanların yaşayış şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Dövlət başçısı vurğulayıb: “2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi.”Həqiqətən də, vaxtilə qaz, elektrik enerjisi, yol və su təminatı ilə bağlı ciddi problemlərin yaşandığı bölgələrdə bu gün müasir infrastruktur formalaşdırılıb. Yeni yolların çəkilməsi, elektrik və qaz təchizatının yaxşılaşdırılması, suvarma sistemlərinin qurulması kənd təsərrüfatının inkişafına mühüm təkan verib. Fermerlərin fəaliyyəti üçün əlverişli şərait yaradılıb, aqrar istehsalın həcmi artıb, məhsulların bazarlara çıxışı asanlaşıb.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi digər mühüm məqamlardan biri də kənd təsərrüfatının gələcək inkişaf perspektivləri ilə bağlı olub. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi aqrar sahəyə göstərilən diqqətin davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Bu Dövlət Proqramı kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqi, məhsuldarlığın artırılması, emal sənayesinin inkişafı, ixrac potensialının genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda balıqçılıq və akvakultura sahələrinin inkişafı iqtisadiyyatın şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və regionların sosial-iqtisadi inkişafına əlavə töhfə verəcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan kəndi yenilənir, aqrar sahə isə ölkə iqtisadiyyatının dayanıqlı və strateji istiqamətlərindən birinə çevrilir. Görülən işlər kənd əhalisinin rifahının yüksəldilməsinə, regionların inkişafına və ölkəmizin iqtisadi gücünün daha da möhkəmlənməsinə xidmət edir. Millət vəkili Tamam Cəfərova belə deyib.
Geri dön