Ana Sayfa > Siyasət > Azərbaycanın kənd təsərrüfatının strateji yüksəlişi
Azərbaycanın kənd təsərrüfatının strateji yüksəlişiBu gün, 18:50. Yazar: azer |
![]() Müasir dünyada dövlətlərin gücü yalnız sənaye potensialı, hərbi imkanları və iqtisadi göstəriciləri ilə müəyyən edilmir. Ərzaq təhlükəsizliyi, daxili istehsal imkanları, kənd təsərrüfatının dayanıqlılığı və regionların tarazlı inkişafı artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Bu baxımdan cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm istiqamətlərini ortaya qoyur. Son iyirmi ildən artıq dövrdə Azərbaycanda həyata keçirilən Regional İnkişaf proqramları ölkənin iqtisadi xəritəsini əsaslı şəkildə dəyişdirib. Vaxtilə qaz, elektrik enerjisi, yol və su təchizatı problemləri ilə üzləşən bölgələr bu gün tamamilə fərqli inkişaf mərhələsinə qədəm qoyub. Regionlarda infrastrukturun qurulması kənd təsərrüfatının inkişafı üçün də etibarlı baza yaradıb. Çünki müasir kənd təsərrüfatı yalnız torpaq və əmək deyil, həm də inkişaf etmiş kommunikasiya və müasir xidmət sistemləri tələb edir. Bu gün ölkə üzrə qazlaşmanın yüksək səviyyəyə çatması, yeni magistral və kənd yollarının inşası, su anbarlarının və suvarma sistemlərinin yaradılması kəndin iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Taxtakörpü, Şəmkirçay, Göytəpə və digər mühüm layihələr yalnız infrastruktur layihələri deyil, eyni zamanda kənd təsərrüfatının gələcəyinə qoyulan investisiyadır. Kənd təsərrüfatı sektorunda dövlət dəstəyinin mühüm istiqamətlərindən biri subsidiyalar və güzəşt mexanizmləridir. Azərbaycanda tətbiq edilən subsidiya sistemi fermerlərin fəaliyyətini stimullaşdırmaqla yanaşı, istehsalın genişlənməsinə də ciddi təkan verir. Yanacaq, gübrə təminatı, güzəştli kreditlər və metodiki dəstək mexanizmləri kənd təsərrüfatının davamlı inkişafı üçün vacib alətlərdən hesab olunur. Son illərdə pambıqçılığın, baramaçılığın, üzümçülüyün, fındıqçılığın və digər ənənəvi sahələrin yenidən dirçəldilməsi həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Vaxtilə geriləyən və hətta sıradan çıxmaq təhlükəsi ilə üzləşən sahələr bu gün yenidən iqtisadi dövriyyəyə daxil edilir və minlərlə insanın məşğulluğuna xidmət edir. Bununla belə, cənab Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, əldə olunan uğurlara baxmayaraq, kənd təsərrüfatında son illər müşahidə edilən inkişaf tempi qənaətbəxş deyil. Məhz buna görə yeni Dövlət Proqramının hazırlanması qarşıya mühüm vəzifə kimi qoyulub. Bu proqram yalnız dövlət investisiyalarını deyil, həm də özəl sektorun geniş iştirakını nəzərdə tutur. Dünyada baş verən geosiyasi proseslər, müharibələr, nəqliyyat marşrutlarında yaranan problemlər və iqlim dəyişiklikləri ərzaq təhlükəsizliyinin əhəmiyyətini daha da artırıb. Bu gün artıq hər bir dövlət öz daxili istehsal imkanlarını gücləndirmək məcburiyyətindədir. Azərbaycan da bu çağırışlara uyğun siyasət həyata keçirir. Burada diqqəti cəlb edən əsas məsələlərdən biri kəndlərin sosial və iqtisadi cazibədarlığının artırılmasıdır. Məqsəd insanların kənddən şəhərə köçünün qarşısını almaq və əksinə, şəhərdən kəndlərə qayıdış üçün şərait yaratmaqdır. Bu isə yalnız kənd təsərrüfatının inkişafı ilə deyil, həm də kənd yerlərində sosial infrastrukturun müasirləşdirilməsi ilə mümkündür. Son illərdə rayonlarda müasir xəstəxanaların tikilməsi, minlərlə məktəbin yenidən qurulması və xidmət sektorunun genişləndirilməsi kənd həyatının keyfiyyətini əhəmiyyətli dərəcədə dəyişib. Yeni mərhələdə qarşıya qoyulan əsas hədəflərdən biri də torpaq ehtiyatlarından daha səmərəli istifadə olunmasıdır. Müasir texnologiyalar, peyk müşahidələri, süni intellekt və torpaq analizləri vasitəsilə hansı ərazidə hansı məhsulun daha yüksək səmərəlilik verəcəyinin müəyyənləşdirilməsi vacib məsələyə çevrilir. Bu yanaşma məhsuldarlığın artırılması ilə yanaşı, ixrac strategiyasının formalaşdırılmasına da xidmət edəcək. Su təminatı sahəsində həyata keçirilən layihələr də kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, yeni su anbarlarının yaradılması, Şirvan və Qarabağ kanallarının yenidən qurulması yüz minlərlə hektar torpağın dövriyyəyə daxil edilməsinə imkan verəcək. Bununla yanaşı, intensiv bağçılığın genişləndirilməsi, istixana komplekslərinin artırılması, kənd təsərrüfatı texnikası parkının yenilənməsi və soyuducu anbarların yaradılması da yeni inkişaf mərhələsinin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı mahiyyət etibarilə kənd təsərrüfatının yeni inkişaf modelini formalaşdıracaq. Bu proqram ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ixrac imkanlarının genişləndirilməsi və kənd yerlərində sosial rifahın daha da yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu gün qarşıda duran əsas məqsəd yalnız məhsul istehsalını artırmaq deyil. Əsas hədəf kəndi güclü iqtisadi məkana, kənd insanını isə inkişafın əsas iştirakçısına çevirməkdir. Azərbaycanın gələcək inkişafında kənd təsərrüfatının rolu artıq təkcə iqtisadi məsələ deyil, dövlət siyasətinin mühüm strateji xəttidir. Anar Abbasov, YAP Nərimanov rayon təşkilatının sədr müavini. Geri dön |