Ana Sayfa > Manşet / Siyasət > Çoxəsrlik dövlətçilik ənənəsi və milli azadlıq ruhunun təntənəsi
Çoxəsrlik dövlətçilik ənənəsi və milli azadlıq ruhunun təntənəsiBu gün, 12:55. Yazar: azer |
![]() 28 May – Müstəqillik Günü xalqımızın tarixində azadlıq, milli iradə və dövlətçilik ənənələrinin ən parlaq təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bütün Şərq və müsəlman aləmi üçün mühüm dönüş nöqtəsi oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əsrlər boyu formalaşmış milli dövlətçilik düşüncəsinin və azadlıq ideallarının məntiqi nəticəsi idi. XIX əsrin sonlarından başlayaraq xalqımızın ziyalıları, maarifçiləri və ictimai xadimləri milli oyanış prosesinə böyük töhfələr vermiş, müstəqillik arzularını gücləndirmişdilər. Məhz bu milli düşüncə nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz müstəqil dövlətini yaratmağa nail olmuşdur. Xalq hakimiyyəti prinsiplərinə əsaslanan yeni dövlət sistemi quruldu. Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlara bərabər hüquqlar verdi, milli və dini ayrı-seçkiliyə son qoydu. Bu faktor həmin dövr üçün olduqca mütərəqqi addım idi. Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi də cümhuriyyətin demokratik dəyərlərə sadiqliyinin göstəricisi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti mühüm dövlətçilik ənənələrinin əsasını formalaşdırdı. Parlament, hökumət və dövlət idarəçiliyi sistemi yaradıldı, milli ordu quruldu, üçrəngli dövlət bayrağı qəbul edildi. Qısa müddət ərzində hüquqi dövlət quruculuğu istiqamətində mühüm qanunlar qəbul olundu, iqtisadi və mədəni sahələrdə islahatlar həyata keçirildi. Xalq Cümhuriyyəti təhsil və maarif sahəsinə də xüsusi diqqət ayırırdı. Ana dilində təhsilin təşkili istiqamətində mühüm qərarlar qəbul edildi, milli məktəblərin yaradılmasına başlanıldı. 1919-cu il sentyabrında Bakı Dövlət Universitetinin təsis olunması xalqımızın elm və təhsil tarixində mühüm hadisəyə çevrildi. Bu addım milli kadr potensialının formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyırdı. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət sahəsində fəaliyyəti də xüsusi əlamətdardır. Yeni yaradılmış dövlətin beynəlxalq aləmdə tanınması məqsədilə dünyanın bir sıra dövlətləri ilə diplomatik münasibətlər quruldu. Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti dövlətimizin maraqlarını müdafiə edərək Azərbaycanın beynəlxalq hüququn subyekti kimi tanınmasına nail oldu. Bu amil sonrakı dövrlərdə dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu yüksək qiymətləndirərək bildirirdi ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb siyasi böhranla üzləşmişdi. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik təmin edildi, dövlətçilik əsasları möhkəmləndirildi və milli inkişaf strategiyası müəyyən olundu. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində xalqımızın milli mənlik şüuru daha da gücləndi, dövlətçilik ənənələri qorundu və inkişaf etdirildi. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik ənənələrinin qorunması və təbliği baxımından mühüm addım kimi tarixə düşüb. Dövlətimizin beynəlxalq nüfuzu artıb, iqtisadi imkanları genişlənib və xalqımız tarixi Zəfərə nail olub. İşğaldan azad olunmuş torpaqlarda üçrəngli bayrağımızın dalğalanması Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının yaşadığını və dövlətçilik ənənələrinin uğurla davam etdirildiyini nümayiş etdirir. 2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanunla 28 May tarixinin Müstəqillik Günü kimi qeyd olunması dövlətçilik tariximizə verilən yüksək dəyərin ifadəsidir. Bu qərar müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bir daha təsdiqləyir. 28 May – Müstəqillik Günü milli qürur və iftixar mənbəyidir. Bu tarix xalqımızın azadlıq uğrunda mübarizəsinin, milli birlik və həmrəyliyinin təntənəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsi daim ehtiramla yad edilir və onların yaratdığı dövlətçilik ənənələri bu gün müstəqil Azərbaycanın inkişaf yolunda uğurla yaşadılır. Müstəqilliyimiz əbədi, dövlətçiliyimiz sarsılmazdır. Heydər Əsədov Milli Məclisin deputatı Geri dön |