Ana Sayfa > Manşet / Siyasət > 28 May – Müstəqillik Günü: Şərqin ilk demokratik respublikası və milli dövlətçilik tariximizin şanlı səhifəsi

28 May – Müstəqillik Günü: Şərqin ilk demokratik respublikası və milli dövlətçilik tariximizin şanlı səhifəsi


Bu gün, 12:53. Yazar: azer
28 May – Müstəqillik Günü: Şərqin ilk demokratik respublikası və milli dövlətçilik tariximizin şanlı səhifəsi

28 May – Müstəqillik Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutur. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız xalqımız üçün deyil, bütün Şərq və müsəlman aləmi üçün mühüm tarixi hadisə idi. Çünki məhz həmin gün Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası quruldu. Bu hadisə xalqımızın azad yaşamaq əzmini, milli dövlətçilik ənənələrinə sadiqliyini və müstəqil dövlət qurmaq iradəsini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təsadüfi hadisə deyildi. XIX əsrin sonu və XX əsrin əvvəllərində xalqımızın qabaqcıl ziyalıları, maarifçiləri və mütəfəkkirləri milli oyanış ideyalarını geniş yayaraq azadlıq və istiqlal düşüncələrinin formalaşmasına mühüm töhfələr verdilər. O dövrdə yaranmış milli dirçəliş ruhu 1918-ci ildə müstəqil dövlətin qurulması ilə nəticələndi. Həmin il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbul olunması xalqımızın milli mənlik şüurunu daha da gücləndirdi və öz müqəddəratını təyin etməyə qadir olduğunu təcəssüm etdirdi.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu istiqamətində olduqca mühüm addımlar atdı. İlk parlament və hökumət yaradıldı, dövlət atributları təsis edildi, milli ordu formalaşdırıldı, dövlət bayrağı qəbul olundu, Azərbaycan vətəndaşlığı institutu yaradıldı. Dövlət idarəçiliyində demokratik prinsiplər əsas götürüldü, bütün vətəndaşlara milli, dini və irqi mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verildi. Bu amillər həmin dövr üçün olduqca mütərəqqi və nümunəvi yanaşma idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən islahatlar elm, təhsil və mədəniyyət istiqamətlərini də əhatə edirdi. 1918-ci ildə qəbul edilən qərarla məktəblərdə tədrisin ana dilində aparılmasına başlanıldı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında Qanun qəbul edildi. Bu ali təhsil ocağının fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Həmin amillər milli kadr hazırlığının və maarifçilik siyasətinin inkişafına böyük təkan verdi. Eyni zamanda, məhkəmə və ədliyyə sistemi formalaşdırıldı, dövlət idarəçiliyinin hüquqi əsasları yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət kursunun əsas məqsədi yeni yaranmış dövləti beynəlxalq aləmdə tanıtmaq idi. Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti bu istiqamətdə uğurla fəaliyyət göstərdi. Dünyanın bir sıra dövlətləri ilə diplomatik münasibətlər quruldu. 1920-ci ildə Azərbaycanın beynəlxalq hüququn subyekti kimi tanınması dövlətimizin hüquqi-siyasi mövqeyinin möhkəmlənməsinə mühüm zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu yüksək dəyərləndirərək qeyd edirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır”.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın rəsmi dövlət bayrağı kimi qaldırılması müstəqilliyə aparan yolun başlanğıcı oldu. Bu cəsarətli addım xalqımızın azadlıq arzularının və milli iradəsinin ifadəsi idi. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci ilin İstiqlal Bəyannaməsinə istinad olunaraq müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Bununla da tarixi dövlətçilik ənənələrinin hüquqi və siyasi davamlılığı bir daha təsdiq olundu.

XX əsrin sonlarında xalqımız yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz ağır siyasi böhranla üzləşdi. Məhz belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərdi. Sabitlik təmin olundu, dövlət strukturları formalaşdırıldı, milli maraqlara əsaslanan siyasi kurs müəyyən edildi. Ulu Öndərin rəhbərliyi ilə milli dövlətçilik ənənələri daha da inkişaf etdirildi, xalqımızın tarixi yaddaşı və milli mənlik şüuru gücləndirildi. Ümummilli Lider vurğulayırdı ki, müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın nüfuzlu və söz sahibi olan dövlətlərindən birinə çevrilib. Ölkəmizin iqtisadi gücü artıb, beynəlxalq mövqeləri möhkəmlənib, sosial rifah istiqamətində mühüm layihələr həyata keçirilib. Dövlətimizin başçısı tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Şərqdə ilk parlamentli respublikanın tarixi irsinə verilən yüksək dəyərin ifadəsidir.

Prezident İlham Əliyevin dediyi kimi, müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan! Bu fikir müasir Azərbaycanın siyasi iradəsini, dövlətçilik əzmini və gələcəyə inamını ifadə edir. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətini dövründə əsası qoyulan istiqlal yolunu bu gün də uğurla davam etdirir.

2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanuna əsasən, 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. Müasir Azərbaycan öz tarixi köklərinə, milli dəyərlərinə və Azərbaycan Xalq Cümhuriyyətinin ideallarına sadiqdir. 28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, milli birlik və həmrəyliyinin, dövlətçilik ənənələrinin təntənəsidir. Bu müqəddəs tarix xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə milli qürur və vətənpərvərlik nümunəsi kimi ötürüləcəkdir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı
Geri dön