Ana Sayfa > Siyasət > Asəf Salmanov: Demokratik dövlət nümunəsi
Asəf Salmanov: Demokratik dövlət nümunəsiBu gün, 12:14. Yazar: azer |
![]() 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi, şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət nümunəsi yaratdı. Bununla da xalqımız öz istiqlaliyyətini elan edərək, müstəqillik əzmini nümayiş etdirdi və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdi. Beləliklə müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya bəyan etdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Milli ordu quruldu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu. Lakin, Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin təcavüzünə məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, xalqın istiqlal ideyası yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Bəli, müasir, müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin təbirincə desək: “1991-ci ildə dövlət istiqlaliyyətini bərpa edən xalqımız qısa müddət fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin zəngin ənənələrindən istifadə edərək, bu tarixi irsin əsasında müstəqil Azərbaycan dövlətini yaratmışdır”. Bu gün Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı yüksək səviyyədə inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Möhtərəm Prezidentimizin tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə xüsusi önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Respublika Günü 1991-cı ildən - dövlət müstəqilliyinin bərpasından sonra - dövlət bayramı kimi qeyd olunur. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü adlanır. Bu gün dünyada müstəqil, suveren Azərbaycan güclü, qüdrətli, qalib bir ölkə kimi tanınır. Ulu Öndərimiz Heydər Əliyevin qurub yaratdığı müasir, müstəqil Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir, dünyadakı mövqelərini daha da möhkəmləndirir. Böyük fəxr və qürur hissi keçiririk ki, Xalq Cümhuriyyətinın yadigarı olan üçrəngli bayrağımız bu gün ölkəmizin bütün ərazilərində əzəmətlə dalğalanır və qəti əminik ki, müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir. Asəf Salmanov YAP Qazax rayon təşkilatının əməkdaşı Geri dön |