Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Aqrar sektor iqtisadi şaxələndirmənin və milli təhlükəsizliyin mühüm sütunlarından birinə çevrilir”

Azər Kərimli: “Aqrar sektor iqtisadi şaxələndirmənin və milli təhlükəsizliyin mühüm sütunlarından birinə çevrilir”


Bu gün, 18:52. Yazar: azer
Azər Kərimli: “Aqrar sektor iqtisadi şaxələndirmənin və milli təhlükəsizliyin mühüm sütunlarından birinə çevrilir”

“Prezident İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan aqrar siyasətdə yeni mərhələyə daxil olur. Son illərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və dövlət dəstəyi hesabına kənd təsərrüfatında ciddi dönüş əldə olunsa da, artıq əsas diqqət keyfiyyət artımına, məhsuldarlığın yüksəldilməsinə və aqrar iqtisadiyyatın daha çevik idarə olunmasına yönələcək. Dövlət başçısının çıxışında xüsusi diqqət çəkən məqamlardan biri kənd təsərrüfatının ölkənin ümumi iqtisadi təhlükəsizliyinin əsas elementlərindən biri kimi təqdim olunması oldu. Bu yanaşma təsadüfi deyil. Dünyada baş verən müharibələr, logistika zəncirlərinin pozulması, enerji böhranı və iqlim dəyişiklikləri bir çox ölkələri ərzaq təminatı baxımından ciddi çətinliklərlə üz-üzə qoyub. Belə bir şəraitdə Azərbaycan üçün daxili istehsalın gücləndirilməsi artıq yalnız iqtisadi deyil, həm də strateji məsələdir.”

Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.


Millət vəkili Prezident İlham Əliyevin çıxışında yer alan aqrar sahədə texnologiyaların tətbiqi ilə bağlı məqamların əhəmiyyətini xüsusi vurğulayıb: “Hesab edirəm ki, dövlət başçısının çıxışında mühüm istiqamətlərdən biri də aqrar sahədə texnologiyaların tətbiqi ilə bağlı idi. Torpaq analizlərinin aparılması, peyk imkanlarından və süni intellektdən istifadə olunması ilə bağlı səsləndirilən fikirlər göstərir ki, Azərbaycan kənd təsərrüfatında rəqəmsal transformasiya mərhələsinə daxil olur. Bu, xüsusilə vacibdir. Çünki müasir dövrdə kənd təsərrüfatında uğur yalnız geniş torpaq sahələri ilə deyil, yüksək texnologiya və düzgün idarəetmə ilə müəyyən edilir. Çıxışda diqqət çəkən digər vacib məsələ də kəndlərin sosial inkişafı ilə aqrar inkişafın paralel aparılması idi. Son 20 ildə regionlarda qazlaşdırma, elektrik təchizatı, yol infrastrukturu, məktəb və xəstəxana tikintisi istiqamətində görülən işlər artıq yeni sosial reallıq yaradıb. Dövlət başçısının “şəhərlərdən kəndlərə qayıdış” tezisi də məhz bu strategiyanın davamı kimi qiymətləndirilə bilər. Əslində, urbanizasiya ilə bağlı qlobal problemlərin fonunda Azərbaycanın yanaşması kifayət qədər fərqli görünür. Bir çox ölkələr kəndlərin boşalmasının qarşısını almaqda çətinlik çəkdiyi halda, Azərbaycan regionlarda həyat şəraitini yaxşılaşdırmaqla kənd əhalisini iqtisadi proseslərin aktiv iştirakçısına çevirməyə çalışır. Bu isə uzunmüddətli dövrdə həm sosial sabitlik, həm də ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Müşavirədə yeni Dövlət Proqramının 2026-2030-cu illəri əhatə edəcəyinin açıqlanması isə göstərir ki, hökumət aqrar sektorda daha sürətli nəticələr əldə etməyi hədəfləyir. Proqramın qısamüddətli və konkret hədəflər üzərində qurulması icra mexanizmlərinin daha effektiv olacağına işarə edir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda kənd təsərrüfatı yalnız ənənəvi məşğulluq sahəsi kimi dəyərləndirilmir. Aqrar sektor artıq iqtisadi şaxələndirmənin, regional inkişafın, ixrac strategiyasının və milli təhlükəsizliyin mühüm sütunlarından birinə çevrilir. Yeni mərhələnin əsas fərqi isə dövlət dəstəyi ilə yanaşı, özəl sektorun və innovativ yanaşmaların daha fəal rol alacaq olmasıdır” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Geri dön