Ana Sayfa > Siyasət > Bakıda yüksək vəzifəli rəsmilərin iclası keçiriləcək
Bakıda yüksək vəzifəli rəsmilərin iclası keçiriləcək16-03-2017, 17:01. Yazar: admin |
Sabah Bakıda “Asiyanın Qəlbi-İstanbul Prosesində” iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçiriləcək. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan və Əfqanıstanın xarici işlər nazirləri müavinlərinin həmsədrliyi ilə keçiriləcək iclasda görülmüş işlərlə bağlı hesabatların verilməsi və gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunması nəzərdə tutulur. Qeyd edək ki, “Asiyanın Qəlbi-İstanbul Prosesi” çoxtərəfli əməkdaşlıq və dialoq formatı kimi Türkiyənin təşəbbüsü ilə 2011-ci ilin 2 noyabr tarixində İstanbul şəhərində keçirilmiş Nazirlər Konfransında yaradılıb. Prosesin əsas məqsədi mərkəzində Əfqanıstan yerləşən regionda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə verməkdir. Prosesdə Azərbaycan da daxil olmaqla, 14 dövlət tamhüquqlu üzv, 17 dövlət və 12 beynəlxalq təşkilat isə dəstəkçi qismində iştirak edir. Azərbaycanın beynəlxalq nüfuzu və malik olduğu imkanlar nəzərə alınaraq, 2012-ci ildə bu prosesə dəvət edilib. Azərbaycan tərəfi regionda sülh, sabitlik və əmin-amanlığın təmin olunmasına dair maraqlarından çıxış edərək və Əfqanıstanla malik olduğu yaxın siyasi və iqtisadi əlaqələri nəzərə alaraq, prosesə qoşulub. İstanbul prosesinin daimi həmsədri Əfqanıstandır. Bununla yanaşı, prosesin illik əsasda dəyişən həmsədri var. Azərbaycanın proses çərçivəsində aktiv rolu, regionda inkişaf və sabitliyə verdiyi töhfələr nəzərə alınaraq, 2016-cı ilin 4 dekabr tarixində Hindistanın Amritsar şəhərində keçirilmiş “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin 6-cı Nazirlər Konfransında prosesə 2017-ci il üzrə həmsədrlik etmək Azərbaycana həvalə edilib. Proses çərçivəsində regionda sülh və sabitliyin təmin olunmasına dair müntəzəm siyasi müzakirələr aparılır və praktiki əməkdaşlığı təmin edən müxtəlif mexanizmlər fəaliyyət göstərir. Hazırda ölkəmiz İstanbul prosesi çərçivəsində Rusiya ilə birlikdə narkotik vasitələr əleyhinə işçi qrupa və Türkmənistanla birlikdə regional nəqliyyat dəhlizləri üzrə işçi qrupa həmsədrlik edir. Həmsədr qismində Azərbaycan il ərzində prosesinin əsas orqanları olan xarici işlər nazirlərinin konfransına və yüksək vəzifəli rəsmilərinin iclaslarına ev sahibliyi edəcək. AİA.az Geri dön |