Ana Sayfa > Siyasət > 28 May – şərəfli tariximiz
28 May – şərəfli tariximizBu gün, 10:34. Yazar: azer |
![]() 28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində mühüm dönüş yaradan, milli iradənin və dövlətçilik ideyasının ən möhtəşəm təzahürlərindən biri kimi xüsusi yer tutur. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti təkcə ölkəmizin deyil, bütövlükdə Şərq və müsəlman aləminin siyasi tarixində yeni idarəçilik modeli formalaşdırdı. İlk dəfə bu regionda demokratik, hüquqa əsaslanan və dünyəvi dövlət yaradıldı ki, bu da Azərbaycan xalqının siyasi düşüncəsinin nə qədər müasir və qabaqcıl olduğunu nümayiş etdirdi. Cümhuriyyətin meydana gəlməsi təsadüfi proses deyildi. XIX əsrin sonları və XX əsrin əvvəllərində güclənən milli özünüdərk, maarifçi ziyalıların fəaliyyəti və azadlıq ideyalarının geniş yayılması həmin tarixi qərarın əsas dayaqlarını təşkil edirdi. 28 mayda qəbul olunan İstiqlal Bəyannaməsi Azərbaycan xalqının azad yaşamaq iradəsini hüquqi müstəviyə çıxardı və onu dünya ictimaiyyətinə bəyan etdi. Bu sənəd yalnız hüquqi məzmun daşımırdı, eyni zamanda milli kimliyin və siyasi özünüdərkin parlaq ifadəsi idi. Yalnız 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində əhəmiyyətli dövlət quruculuğu tədbirləri reallaşdırdı. İlk parlamentin təsis olunması, dövlət idarəetmə institutlarının formalaşdırılması və qanunvericilik sisteminin yaradılması demokratik idarəçilik ənənələrinin bünövrəsini qoydu. Parlament tərəfindən qəbul edilən qanunlar yalnız dövlət müstəqilliyinin möhkəmləndirilməsinə deyil, həm də sosial, iqtisadi və mədəni tərəqqinin sürətlənməsinə xidmət edirdi. Ən mühüm yeniliklərdən biri vətəndaş bərabərliyi prinsipinin təmin olunması idi. Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlara bərabər hüquqlar tanıyaraq dini, milli və sosial ayrı-seçkiliyə son qoymağa çalışdı. Bu yanaşma region üçün son dərəcə müasir və irəlidəgedən addım idi və bugünkü tolerantlıq mühitinin formalaşmasında mühüm rol oynadı. Bununla yanaşı, dövlət rəmzlərinin – bayrağın, vətəndaşlıq institutunun və milli ordunun yaradılması milli dövlətçilik tariximizin yeni səhifəsini açdı. Cümhuriyyətin xarici siyasət xətti də xüsusi əhəmiyyət daşıyırdı. Yeni qurulan dövlətin əsas məqsədlərindən biri beynəlxalq səviyyədə tanınmaq idi. Bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan dünya birliyi tərəfindən qəbul edildi və beynəlxalq hüququn tamhüquqlu subyektinə çevrildi. Bu amil sonrakı mərhələlərdə dövlətçiliyin qorunması və beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsi baxımından mühüm rol oynadı. Beləliklə, 28 May yalnız keçmişdə baş vermiş tarixi hadisə deyil, eyni zamanda müasir Azərbaycan dövlətinin ideoloji və siyasi təməlinin başlanğıcı hesab olunur. Bu gün ölkəmizin əldə etdiyi nailiyyətlər, sabitlik və inkişaf həmin dövrdə yaradılmış möhkəm əsaslarla sıx bağlıdır. Azərbaycan xalqı haqlı olaraq qürur duyur ki, Şərqdə ilk demokratik respublikanı yaradan xalq kimi tarixdə özünəməxsus yer tutmuşdur. 1991-ci il 18 oktyabr tarixində qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci ilin 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğu təsbit edilmişdir. XX əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində öz suverenliyini qoruyub möhkəmləndirə bildi. Mürəkkəb siyasi və iqtisadi şəraitdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi üçün ardıcıl addımlar atdı, ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasına nail oldu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, siyasi, iqtisadi və sosial islahatların həyata keçirilməsi uğurla davam etdirilir, iqtisadi inkişafın dayanıqlılığı təmin olunur və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülür. 2007-ci il mayın 25-də paytaxt Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə ucaldılmış İstiqlal Bəyannaməsi abidəsinin açılış mərasimi keçirildi və Prezident İlham Əliyev həmin tədbirdə iştirak etdi. Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik və 100 illik yubileylərinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamlar milli yaddaşın qorunması və tariximizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi isə Şərqdə ilk parlamentli respublikanın tariximizdə tutduğu yüksək mövqeyin və dövlətçilik ənənələrinə verilən böyük dəyərin bariz nümunəsi kimi qiymətləndirilir. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri. Geri dön |