Ana Sayfa > Siyasət > Dövlətçilikdən geosiyasi gücə doğru
Dövlətçilikdən geosiyasi gücə doğruBu gün, 20:00. Yazar: azer |
![]() Tarix yalnız keçmişin xronologiyası deyil, həm də xalqların siyasi iradəsinin, milli düşüncəsinin və dövlət qurmaq qabiliyyətinin göstəricisidir. Bəzi tarixi hadisələr zamanın müəyyən bir dövrü ilə məhdudlaşmır, əksinə gələcək nəsillərin taleyinə və dövlətlərin inkişaf trayektoriyasına təsir edən siyasi məktəbə çevrilir. Azərbaycan xalqının tarixində 28 May – Müstəqillik Günü məhz belə hadisələr sırasındadır. Bu tarix yalnız bir dövlətin yaradılması deyil, həm də Azərbaycan xalqının beynəlxalq siyasi münasibətlər sistemində müstəqil subyekt kimi çıxış etmək iradəsinin bəyanı idi. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti yalnız ölkəmizin tarixində deyil, bütövlükdə Şərq və müsəlman dünyasının siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Həmin dövrdə regionun böyük hissəsi imperiyaların siyasi təsiri altında olduğu halda, Azərbaycan xalqı demokratik idarəetmə modelinə əsaslanan parlament respublikası yaratmaqla müasir dövlətçilik ənənələrinin əsasını formalaşdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını sırf tarixi hadisə kimi qiymətləndirmək düzgün olmazdı. Bu hadisə eyni zamanda ciddi siyasi və geosiyasi məna daşıyırdı. Çünki Cümhuriyyətin qurulması Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək hüququnu beynəlxalq ictimaiyyət qarşısında siyasi reallığa çevirdi. Xalq ilk dəfə olaraq öz gələcəyini müstəqil şəkildə müəyyən etmək imkanını əldə etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əsaslarını belə xarakterizə etmişdir: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır." Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi yalnız hüquqi sənəd deyildi. Bu sənəd müstəqil dövlət quruculuğunun siyasi proqramı idi. Burada xalq hakimiyyəti, demokratik prinsiplər, hüquq bərabərliyi və milli suverenlik anlayışları öz əksini tapmışdı. Həmin dövr üçün kifayət qədər mütərəqqi hesab edilən bu prinsiplər Azərbaycan dövlətçilik tarixinin gələcək istiqamətlərini müəyyənləşdirdi. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox mühüm siyasi nəticələr əldə etdi. Parlamentin yaradılması, dövlət idarəçilik institutlarının formalaşdırılması, milli ordunun qurulması, dövlət atributlarının qəbul edilməsi və beynəlxalq diplomatik əlaqələrin genişləndirilməsi qısa zaman ərzində həyata keçirilmiş strateji addımlar idi. Xüsusilə xarici siyasət sahəsində həyata keçirilən tədbirlər diqqət çəkirdi. Gənc dövlətin əsas məqsədi beynəlxalq səviyyədə tanınmaq və qlobal siyasi sistemdə öz yerini müəyyən etmək idi. Azərbaycan Xalq Cümhuriyyətinin siyasətində dövlətin yalnız hərbi və iqtisadi əsaslarla inkişaf etdirilməsi deyil, həm də milli intellektual potensialın formalaşdırılması prioritet məsələlərdən biri idi. Təhsil sisteminin yenilənməsi, məktəblərin milliləşdirilməsi, Bakı Dövlət Universitetinin yaradılması və milli hüquq sisteminin formalaşdırılması dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi idi. Cənab Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu belə qiymətləndirmişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı." Lakin dünya siyasi tarixində olduğu kimi, Azərbaycanın da müstəqillik yolu mürəkkəb və çətin sınaqlarla müşayiət olundu. 1920-ci ildə Cümhuriyyətin süqutu Azərbaycan xalqını dövlət müstəqilliyindən məhrum etsə də, milli dövlətçilik ideyasını məhv edə bilmədi. Müstəqillik arzusu xalqın düşüncəsində və milli yaddaşında yaşamağa davam etdi. 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə yaranmış mürəkkəb vəziyyət dövlətçiliyin gələcəyini təhlükə altına salmışdı. Daxili siyasi qarşıdurmalar, iqtisadi böhran və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkəni ciddi risklərlə üz-üzə qoymuşdu. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi tarixində dönüş nöqtəsinə çevrildi. Onun rəhbərliyi altında ölkədə sabitlik təmin edildi, dövlət idarəetməsi gücləndirildi və milli maraqlara əsaslanan inkişaf strategiyası müəyyən olundu. Ulu Öndərin məşhur fikri bu gün də dövlətçilik siyasətinin əsas fəlsəfəsi kimi qəbul edilir: "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi." Bu siyasi kurs cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirildi. Azərbaycanın iqtisadi potensialı artdı, beynəlxalq siyasi mövqeyi möhkəmləndi, enerji təhlükəsizliyi sahəsində strateji layihələr reallaşdırıldı və ölkəmiz regionun aparıcı siyasi aktorlarından birinə çevrildi. Məhz düşünülmüş siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bu gün Azərbaycan yalnız müstəqil dövlət deyil, həm də regional və beynəlxalq proseslərə təsir göstərən siyasi güc mərkəzidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!" Bu gün 28 May Müstəqillik Günü təkcə tarixi yaddaşın qorunması deyil, həm də dövlətçilik siyasətinin uğurlu davamının rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu siyasi təməllər müasir Azərbaycanın güclü dövlət modelində yeni məzmun qazanmışdır. Bir əsr əvvəl istiqlal ideyasını siyasi reallığa çevirən Azərbaycan xalqı bu gün həmin ideyanı daha böyük siyasi və geosiyasi gücə çevirməyi bacarmışdır. Dövlətçilik tariximizin əsas məntiqi də məhz bundan ibarətdir: güclü milli iradə, uzaqgörən siyasət və dəyişməz müstəqillik prinsipi. Rəşad Əsgərov, “Kompleks qazma işləri” trestinin YAP ”Dəniz Neftçiləri” ərazi partiya təşkilatının sədri. Geri dön |