Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Azərbaycan xalqı Şərqdə ilk demokratik respublikanı yaradan xalq kimi tarixə düşmüşdür”

Azər Kərimli: “Azərbaycan xalqı Şərqdə ilk demokratik respublikanı yaradan xalq kimi tarixə düşmüşdür”


Bu gün, 11:15. Yazar: azer
Azər Kərimli: “Azərbaycan xalqı Şərqdə ilk demokratik respublikanı yaradan xalq kimi tarixə düşmüşdür”

“28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində dönüş nöqtəsi, milli iradənin və dövlətçilik əzminin ən parlaq ifadəsidir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti yalnız ölkəmiz üçün deyil, bütün Şərq və müsəlman dünyası üçün yeni siyasi model ortaya qoydu. İlk dəfə olaraq bu coğrafiyada demokratik, hüquqi və dünyəvi dövlət quruldu ki, bu da Azərbaycanın siyasi təfəkkürünün nə qədər qabaqcıl olduğunu göstərdi. Cümhuriyyətin elan edilməsi təsadüfi hadisə deyildi. XIX əsrin sonu – XX əsrin əvvəllərində formalaşan milli oyanış, ziyalıların fəaliyyəti və azadlıq ideyalarının geniş yayılması bu tarixi qərarın əsasını təşkil edirdi. 28 may tarixində qəbul edilmiş İstiqlal Bəyannaməsi Azərbaycan xalqının müstəqillik iradəsini rəsmiləşdirdi və onu beynəlxalq aləmə bəyan etdi. Bu sənəd təkcə hüquqi akt deyil, həm də milli kimliyin və siyasi özünüdərkin manifesti idi.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.

Millət vəkili qeyd edib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyət qısa müddətdə mühüm dövlət quruculuğu işləri həyata keçirdi: “İlk parlamentin yaradılması, hökumət institutlarının formalaşdırılması və qanunvericilik bazasının qurulması demokratik idarəçilik ənənələrinin əsasını qoydu. Parlament tərəfindən qəbul olunan qanunlar dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə yanaşı, sosial-iqtisadi və mədəni inkişafı da stimullaşdırdı. Xüsusilə diqqətəlayiq məqamlardan biri vətəndaş bərabərliyi prinsipinin tətbiqi idi. Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlara eyni hüquqlar verərək dini, milli və sosial ayrı-seçkiliyi aradan qaldırdı. Bu, region üçün son dərəcə mütərəqqi yanaşma idi və müasir Azərbaycan cəmiyyətində tolerantlıq ənənələrinin əsasını təşkil etdi. Eyni zamanda dövlət atributlarının – bayraq, vətəndaşlıq institutu və milli ordunun yaradılması dövlətçilik tariximizin yeni mərhələsini formalaşdırdı. Cümhuriyyətin xarici siyasəti də xüsusi əhəmiyyət kəsb edirdi. Yeni yaranmış dövlətin əsas məqsədlərindən biri beynəlxalq tanınmaya nail olmaq idi. Bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan dünya birliyi tərəfindən qəbul olundu və beynəlxalq hüququn subyektinə çevrildi. Bu amil sonrakı dövrlərdə dövlətçiliyimizin qorunması baxımından həlledici rol oynadı. Beləliklə, 28 May yalnız tarixi hadisə deyil, həm də müasir Azərbaycanın ideoloji və siyasi təməlinin başlanğıcıdır. Bu gün ölkəmizin qazandığı uğurlar, sabitlik və inkişaf məhz o dövrdə qoyulmuş möhkəm əsaslara söykənir. Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, o, Şərqdə ilk demokratik respublikanı yaradan xalq kimi tarixə düşmüşdür. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları isə birbaşa milli yaddaşın formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.

Geri dön