Ana Sayfa > Özəl > YAP Zəngilan və Qubadlı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

YAP Zəngilan və Qubadlı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib


Bu gün, 17:08. Yazar: azer
YAP Zəngilan və Qubadlı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Mayın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Zəngilan və Qubadlı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş “28 May - Müstəqillik Günü: Azərbaycanın dövlətçilik tarixi” mövzusunda tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi keçdiyi şərəfli yoldan bəhs edib. O, müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin olduğunu vurğulayaraq, 1991-ci ildə yenidən suverenliyini bərpa etmiş müasir Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə tarixin ağır sınaqlarından uğurla keçdiyini, inkişaf yoluna qədəm qoyaraq inamla irəlilədiyini diqqətə çatdırıb. Təhmasib Rüstəmov həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsində Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyini, zəngin enerji resursları ilə qlobal siyasətdə mühüm rol oynadığını qeyd edib.

Daha sonra çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərin xilaskarlıq missiyası sayəsində böhrandan çıxaraq inkişaf yoluna qədəm qoyduğunu bildirib. O, müasir müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin hüquqi varisi elan edilməsini, 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı qanunla 28 May tarixinin Müstəqillik Günü kimi qeyd olunmasını xüsusi vurğulayıb, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin dövlət müstəqilliyimizin sarsılmazlığının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Tədbirdə Zəngilan rayon 23 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Camal Zeynalov, Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin direktoru, ərazi partiya təşkilat sədri Savalan İmanov, Zəngilan rayon Tarixdiyarşünaslıq muzeyinin direktoru, ərazi partiya təşkilat sədri Nərmin Fərəcli, eləcə də fəal partiya üzvü İlkanə Məmmədli çıxış ediblər. Natiqlər 28 May Müstəqillik Gününün tariximizə qızıl hərflərlə yazıldığını, hər bir vətəndaş üçün qürur mənbəyi olduğunu vurğulayıblar. Prezident İlham Əliyevin “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik. Əminəm ki, müstəqillik yolunda inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!” fikirlərinin bu gün tam reallığa çevrildiyi qeyd olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Geri dön