Ana Sayfa > Manşet / Siyasət > "Azərbaycanın şəhərsalma modelinə unikal yanaşması var"
"Azərbaycanın şəhərsalma modelinə unikal yanaşması var"Bu gün, 15:23. Yazar: azer |
![]() AZƏR BADAMOV: "QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN BƏRPASI ZAMANI TARİXİ YADDAŞIN QORUNMASINA OLDUQCA HƏSSAS YANAŞIRIQ" Azərbaycan mühüm bir beynəlxalq tədbirə - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edir. BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan Hökumətinin birgə təşkil etdikləri tədbir "Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunub. Ümumdünya Şəhərsalma Forumu 2001-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi qərar əsasında hər iki ildən bir keçirilir. Tədbirin ilk sessiyası 2002-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilib. Məlumdur ki, hazırda urbanizasiya dünya üçün ən aktual problemlərdən birinə çevrilib. Qeyd olunan mövzu hazırda dünya üçün aktuallıq kəsb edir. Şəhərləşmənin sürətlənməsi bir çox çağırışların meydana gəlməsinə, problemlərin yaranmasına səbəb olur. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. BMT-nin proqnozlarına əsasən, yaxın 25 il ərzində bu göstərici 70 faizə çatacaq. Bu da təbii ki, şəhərlərin daha çox yüklənməsi, ekoloji tarazlığın pozulması, yaşıllıqların azalması, nəqliyyat problemlərinin artması, üstəgəl, kənd yerlərinin boşalması deməkdir. BMT-nin statistikasına görə, hazırda dünyada təxminən 2,8 milyard insan qeyri-qənaətbəxş şəraitdə yaşayır, 300 milyondan çox insanın daimi yaşayış yeri yoxdur, 1,1 milyard insan isə gecəqondularda məskunlaşıb. Təbii ki, bu problemlər digər çətinliklər də yaradaraq, ümumilikdə insanların sosial təminatına mənfi təsir edir. WUF13-ə bütün dünyadan böyük maraq özünü göstərdi. 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi, sessiyalarda aktiv iştirakçılıq, müzakirələr də bunu göstərir. Bakı sesssiyası nələrlə yadda qalacaq, qeyd edilən problemlərin həllində hansı rolu oynaya biləcək? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov "525"ə müsahibəsində mövzu ilə bağlı ətraflı danışıb. - Azər müəllim, Ümumdünya Şəhərsalma Forumu 2002-ci ildən bu yana keçirilir. Sizin fikrinizcə, bu forum ötən illər ərzində qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail ola bilib? - Bu gün dünyada davamlı şəhərləşmə prosesi gedir. Bu proses qlobal çağırışlar kontekstində şəhərlərin, habelə kəndlərin transformasiyasına da əsaslı təsir göstərir. Bu proses milli irsin qorunub saxlanılmasına mənfi təsir etməməlidir. Bunun üçün təbii ki, lazım olan addımlar paralel olaraq atılmalıdır. Dövlətlər, xalqlar bu məsələdə ciddi addımlar atmalıdırlar ki, fundamental dəyərlər zərər çəkməsin, korlanmasın. Bu prosesdə ekoloji tarazlığın qorunub saxlanılması da diqqət edilməli əsas məqamlardan biridir. Vurğulamaq lazımdır ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) dayanıqlı inkişaf konsepsiyaları ilə bağlı qarşımızda olduqca mühüm çağırışlar müəyyənləşdirir. Bu çağırışlara təktərəfli qaydada cavab verilməsi, demək olar ki, mümkün deyil. Buna görə də dövlətlər və bütün maraqlı tərəflər gücünü bir yerə qoymalıdırlar və bu istiqamətdə koordinasiyalı fəaliyyət həyata keçirə bilsinlər. - Bakının ev sahibliyi etdiyi WUF13-ü fərqli edən nədir? - WUF13 olduqca böyük və əhəmiyyətli bir tədbirdir. Hər şeydən öncə qeyd olunmalıdır ki, Azərbaycan ilk dəfə deyil ki, belə bir böyük tədbirə ev sahibliyi edir. Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi etməsi ilə bağlı kifayət qədər təcrübəsi var. Azərbaycan bundan əvvəl COP29 kimi böyük və irimiqyaslı bir tədbirə ev sahibliyi etdi. Ölkəmiz bu tədbiri son dərəcədə uğurlu şəkildə yekunlaşdırdı. Məhz Azərbaycanın səyi ilə COP29-da mühüm nəticələr əldə olundu və bu, tarixi bir konfrans oldu. Ölkəmiz, eyni zamanda həm təşkilati məsələlərlə bağlı uğur modeli formalaşdırmağı bacardı, həm də Azərbaycan xalqının mədəni simasını bir daha dünyaya təqdim etmiş oldu. WUF13 tədbiri də yüksək səviyyədə təşkil edilib. Ümumiyyətlə, Azərbaycan mühüm beynəlxalq tədbirlərin təşkilində əhəmiyyətli təcrübəyə malikdir. WUF13 günlərində iştirakçılar mediaya açıqlamalarında ilk növbədə təşkilatçılığa diqqət çəkirlər. Həmçinin WUF13 çərçivəsində bir sıra tematik sessiyalar keçirilir, bu sessiyalar zamanı da akademik dairələr, beyin mərkəzləri və bu mövzularla birbaşa bağlılığı olan şəxslər və təsisatlar öz fikirlərini bölüşürlər. Deməli, həmin bu tədbir həm də fikir mübadiləsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. - Azərbaycan dünyada çoxtərəfliliyə töhfə verən bir ölkədir. Sizin də qeyd etdiyiniz kimi, daha əvvəl də bir çox belə tədbirlərə uğurla ev sahibliyi edib. Sonuncu COP29 buna ən uğurlu nümunədir. Bu baxından WUF13 hansı nəticələri vəd edir? - Təbii ki, Azərbaycan Şəhərsalma Forumunu keçirməklə dünyanın diqqətini bir daha ölkəmizə, bütövlükdə Cənubi Qafqaza istiqamətləndirməyi bacardı. Bölgədə dayanıqlı sülhün təmin edilməsi istiqamətində fundamental addımlar atılır, sülhün memarı Azərbaycandır. Bu baxımdan Azərbaycan xalqı bir daha öz mədəni simasını dünyaya nümayiş etdirir. Bəli, Azərbaycan dünyada çoxtərəfliliyə töhfə verən bir ölkədir. Əməkdaşlıq platformalarının genişləndirilməsi, habelə diplomatiyanın əsas götürülməsi vacib amillərdən biridir. Cənab Prezident İlham Əliyev bu günlərdə "Euronews" telekanalına müsahibə verərkən də diplomatiyanın önəminə bir daha diqqət çəkdi. Azərbaycan danışıqlar masası ətrafında bütün problemlərin həll ediləcəyinə inanan, bunun üçün çalışan ölkədir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan daim diplomatiyanın tərəfdarıdır, diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın. Dövlət başçısı əlavə etdi ki, bu baxımdan Azərbaycanın təcrübəsi faydalı ola bilər. - Dünyada gedən şəhərləşmə prosesinin mənfi, yoxsa müsbət tərəfləri daha çoxdur? - Təbii ki, şəhərləşmə prosesinin həm mənfi, həm də müsbət tərəfləri var. Biz bu istiqamətdə müsbət tərəflərin tərəzidə ağırlıq qazanması üçün çalışmalıyıq. Azərbaycan sözdə deyil, əməldə bu istiqamətdə addımlar atır. 30 ilə yaxın zaman çərçivəsində torpaqlarımızın işğal altında olmasına baxmayaraq, Azərbaycan bölgəni yenidən qurur və yaradır. Habelə burada müasir texnologiyaları tətbiq edərkən həm də bölgəni yaşıl enerji sahəsi olaraq yenidən qurur ki, bu da ekoloji tarazlığın qorunmasına olduqca böyük töhfə verir. - Azərbaycanın şəhərsalma modeli, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı bərpa modeli bu forumda ətraflı təqdim edildi. Bu model dünya üçün nə dərəcədə nümunə ola bilər? - Şəhərsalma modeli ilə bağlı Azərbaycanın unikal yanaşması mövcuddur. Qarabağ və Şərqi Zəngəzur yenidən qurularkən tarixi yaddaşımızın, milli-mənəvi irsimizin pozulmamasına olduqca həssas yanaşırıq. Bu istiqamətdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva olduqca düşünülmüş addımlar atırlar. Şəhərlərin və kəndlərin Baş planı hazırlanarkən vaxtilə məcburi köçkün və qaçqın adlandırdığımız insanların fikirlərinə böyük önəm verilir. Bu isə dövlətimizin bu insanların illər ərzində keçirmiş olduğu hisslərə verdiyi dəyərdən xəbər verir. Bu gün əgər Ağdamı Xirosima ilə müqayisə edirlərsə, düşünürəm ki, Azərbaycana vurulmuş ziyanın miqdarı göz önündədir. Biz işğaldan sonra minalanma problemindən də ciddi əziyyət çəkən tərəfik. Demək olar ki, bərpa və quruculuq işləri mina probleminə görə gecikir ki, bununla bağlı da beynəlxalq ictimaiyyət konkret addımlar atmalıdır. Böyük Qayıdış proqramı icra edilir. Bu Qayıdış proqramı çərçivəsində artıq 85 min insan öz doğma yurd-yuvasına geri dönüb. Prezident bildirdi ki, Azərbaycan şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırıb. Azad olunmuş ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları üzrə layihələr həyata keçirilir. Yenidənqurmanın ilk illərində əsas sərmayə infrastrukturun yaradılmasına yatırılıb. Hazırda isə əsas sərmayələr yaşayış sahələrinin tikintisinə yönəldilib. Dövlət başçısının söylədiyi kimi, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər. Hesab edirəm ki, bütövlükdə bu cür tədbirlərin Azərbaycanda keçirilməsi bir tərəfdən ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir edirsə, digər tərəfdən regionumuzda dayanıqlı sülhün inkişafına töhfə verir, habelə xarici investorların bölgəyə marağını artırır. Şübhəsiz ki, əgər xarici investisiya bölgəyə yatırılarsa, bu amilin özü də dayanıqlı sülhə xidmət edəcək. Pərvanə SULTANOVA Geri dön |