Ana Sayfa > Özəl > 32 ildən sonra doğma torpağa qovuşdu – Birinci Qarabağ müharibəsinin şəhidi Rəşadət Piriyev dəfn edildi

32 ildən sonra doğma torpağa qovuşdu – Birinci Qarabağ müharibəsinin şəhidi Rəşadət Piriyev dəfn edildi


Bu gün, 14:26. Yazar: vasif
32 ildən sonra doğma torpağa qovuşdu – Birinci Qarabağ müharibəsinin şəhidi Rəşadət Piriyev dəfn edildi


Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi Rəşadət Piriyev uzun illərdən sonra doğulduğu torpaqda dəfn olunub. Şəhidin nəşinin qalıqları mayın 22-də Yeni Daşkənd kəndinə gətirilərək böyük izdihamla torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində ailə üzvləri, yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Mərasim zamanı hərbi orkestr Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib, şəhidin xatirəsinə yaylım atəşi açılıb.

Bildirilib ki, Rəşadət Piriyev 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən ağır döyüşlərdə itkin düşüb və uzun illər onun taleyi barədə dəqiq məlumat olmayıb.

İllər sonra aparılan identifikasiya prosesi nəticəsində şəhidin nəşinin qalıqları müəyyən olunaraq ailəsinə təhvil verilib. Bu hadisə həm ailə üzvləri, həm də onu tanıyanlar üçün ağır, eyni zamanda qürurverici anlarla yadda qalıb.

Qeyd edək ki, şəhid Rəşadət Piriyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Rəşid Piriyevin qardaşıdır. Şəhidin xatirəsi mərasim iştirakçıları tərəfindən ehtiramla yad edilib.
Geri dön