Ana Sayfa > Ölkə > Muxtar Babayevdən qlobal çağırış: “Yeni şəhər modeli qurulmalıdır”

Muxtar Babayevdən qlobal çağırış: “Yeni şəhər modeli qurulmalıdır”


Bu gün, 14:02. Yazar: vasif
Muxtar Babayevdən qlobal çağırış: “Yeni şəhər modeli qurulmalıdır”


“Hazırda dünya əhalisinin 55 faizdən çoxu şəhərlərdə yaşayır. 2050-ci ilə qədər isə bu rəqəmin 70 faizə çatacağı gözlənilir. Bu, böyük dəyişiklik deməkdir”.

aia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev WUF13 çərçivəsində “Mənzil sahəsinə qlobal investisiya yanaşmasının yenidən qiymətləndirilməsi” mövzusunda xüsusi sessiyada çıxışı zamanı bildirib.

O diqqətə çatdırıb ki, 2040-cı ilə qədər 1,4 milyarddan çox insanın iqlim risklərinə yüksək dərəcədə məruz qalan alçaq sahil şəhərlərində yaşayacağı proqnozlaşdırılır:

“Şəhərlər qlobal istixana qazı emissiyalarının 70 faizdən çoxuna səbəb olur və dünya resurslarının təxminən 75 faizini istehlak edir. Hava çirklənməsi isə dünyada hər il təxminən 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur. Bunun nəticəsində səhiyyə xərcləri, məhsuldarlığın azalması və ətraf mühitə dəyən zərərlər səbəbindən milyardlarla dollarlıq iqtisadi itkilər yaranır. Bu gün dünyada binalarda istifadə olunan elektrik enerjisinin təxminən 20 faizi soyutma sistemlərinin payına düşür. Qlobal miqyasda isə binalar yekun enerji istehlakının 30 faizini və enerji ilə bağlı emissiyaların təxminən 25 faizini təşkil edir”.

Muxtar Babayev bildirib ki, BMT-Habitat təşkilatının məlumatına görə, şəhər ərazilərində yaşıl zonaların payı 1990-cı ildəki təxminən 20 faizdən 2025-ci ildə 14 faizdən aşağı səviyyəyə düşüb:

“Eyni zamanda mövcud tendensiyalar davam edərsə, 2030-cu ilə qədər təxminən 3 milyard insan adekvat mənzil imkanından məhrum qala bilər. Düşünürəm ki, bu rəqəmlər hazırkı tendensiyanı aydın şəkildə göstərir və daha ağıllı, dayanıqlı şəhər yanaşmalarının nə qədər vacib olduğunu ortaya qoyur. Bu səbəbdən enerji səmərəliliyi, su istehlakının azaldılması, resurslardan düzgün istifadə və ekoloji tikinti standartları ilə bağlı xüsusi proqramların hazırlanması vacibdir. Xüsusilə soyutma sistemləri böyük enerji sərfiyyatına səbəb olduğundan bu istiqamətdə yeni həllərə ehtiyac var”.
Geri dön