Ana Sayfa > Gündəm > WUF13 Azərbaycanın müasir şəhərsalma modelini dünyaya təqdim edir

WUF13 Azərbaycanın müasir şəhərsalma modelini dünyaya təqdim edir


Bu gün, 20:36. Yazar: azer
WUF13 Azərbaycanın müasir şəhərsalma modelini dünyaya təqdim edir

Bu günlərdə Bakı mötəbər beynəlxalq tədbirə - Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edir. Mayın 17-dən başlayan WUF13 müasir urbanistik meyarların inkişafına, bu sahədə yeni əməkdaşlıqların yaranmasına və təcrübə mübadilələrinə xidmət edən tədbirlərlə əlamətdardır. Forumun mövzusu isə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”dir.

Ümumdünya Şəhərsalma Forumu (WUF) müasir dünyanın üzləşdiyi ən aktual məsələlərdən birinin - sürətli urbanizasiyanın dövlətlərə, şəhərlərə, iqtisadiyyatlara təsirlərinin araşdırılması və tənzimlənməsi məqsədilə 2001-ci ildə BMT tərəfindən təsis edilib. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan bu Forum dayanıqlı şəhərsalma problemlərinin həllinə həsr olunan yüksəksəviyyəli, açıq və inklüziv platformadır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi isə Azərbaycana olan beynəlxalq etimadın və respublikamızın müasir şəhərsalma və urbanizasiya təcrübəsinin qlobal səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir. WUF13-də 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyata alınması isə bu tədbirə olan yüksək beynəlxalq maraqdan xəbər verir. Bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və paytaxtımızı daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri görmək imkanını qazanacaqlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev bildirib.

O qeyd edib ki, WUF13 müasir urbanistik meyarların inkişafına, bu sahədə yeni əməkdaşlıqların yaranmasına və təcrübə mübadilələrinə xidmət edən tədbirlərlə davam edir. 13-cü Sessiyanın respublikamızın şəhərsalma sahəsindəki tarixi irsinin və müasir uğurlarının təqdimatı baxımından ən mühüm hadisəsi isə Prezident İlham Əliyevin açılış mərasimində etdiyi çıxışdır. Dövlətimizin başçısı nitqində xalqımızın zəngin şəhərsalma tarixinə, milli memarlıq irsinə, müasir şəhərsalma siyasətinin əsas istiqamətlərinə, urbanizasiya təcrübəsinə, Qarabağ və Şərqi Zəngəzurun quruculuğuna, Böyük Qayıdış proqramının həyata keçirilməsinə nəzər saldı. Ölkə Prezidentinin toxunduğu hər bir məsələ Azərbaycan xalqının şəhərsalma və memarlıq ənənələrinin, bu sahədə müasir dövrdə əldə edilən uğurlarımızın mükəmməl təqdimatı oldu.

“Azərbaycan tarixinin qədimliyini və zənginliyini təsdiq edən amillərdən biri xalqımızın şəhərsalma və memarlıq irsidir. Tarix boyu mövcud olmuş dövlətlərimiz, əhatə etdiyimiz coğrafiya, karvan yollarının ərazilərimizdən keçməsi şəhərlərin də yaranmasına və inkişafına mühüm təsir göstərib. Gəncə, Bakı, Naxçıvan, Qəbələ, Şəki, Şuşa, Lənkəran kimi şəhərlərimizin tarixi Azərbaycanda köklü şəhərsalma irsinin olduğunu nümayiş etdirir. Bu şəhərlərdə həm də xalqımızın milli memarlıq ənənələri formalaşıb və inkişaf edib. WUF13-ün açılış mərasimində Azərbaycanın coğrafi və mədəni baxımdan Şərqlə Qərbin qovuşuğunda yerləşdiyini xüsusi vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bu, ölkəmizin memarlığında öz əksini tapıb. Dövlətimizin başçısının dediyi kimi, biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq.

Bu gün Azərbaycanda inkişafın əsas xüsusiyyətlərindən biri şəhərsalmanın müasir çağırışlar əsasında həyata keçirilməsidir. Xüsusən Bakıda görülən işlər, bir vaxtlar “Qara şəhər” adlandırılan ərazinin “Ağ şəhər” kimi yenidən qurulması, “Sea Breeze” layihəsi, habelə Bibiheybət və Böyükşorun simasının tamamilə yenilənməsi respublikamızın həyata keçirdiyi nümunəvi şəhərsalma fəaliyyətinin göstəriciləridir”, - deyə Xanlar Fətiyev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan dövlətinin qarşısında dayanan əsas milli hədəflərdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Təsadüfi deyil ki, çıxışında Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına da xüsusi diqqət çəkərək, bunun hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri olduğunu bir daha bəyan etdi. Eyni zamanda, dövlətimizin başçısı Ağdamın Xirosima ilə müqayisə olunmasına diqqət çəkərək bu şəhərin timsalında ermənilər tərəfindən şəhərlərimizin dağıdılmasının faciəvi miqyasını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Ümumiyyətlə, torpaqlarımızın işğaldan azad edilməsi respublikamızda şəhərsalma fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri də yeniləyib. Artıq altıncı ildir ki, Azərbaycan dövləti özünün imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını müasir çağırışları rəhbər tutan məskunlaşma və şəhərsalma prinsipləri əsasında bərpa edir. Bu ərazilərdəki bütün şəhərlər müfəssəl Baş planlar əsasında yenidən qurulur. Baş planların hər birində şəhərin özünəməxsusluğu və coğrafi xüsusiyyətləri nəzərə alınıb. Ötən müddətdə Füzuli, Cəbrayıl, Şuşa, Zəngilan, Ağdamda görülən işlər şəhərsalmanın, o cümlədən kəndlərin yenidənqurulması ilə bağlı həyata keçirilən layihələr məskunlaşmanın parlaq nümunələridir. Prezident İlham Əliyevin nitqində işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı diqqətə çatdırdığı məqamlar, o cümlədən, 85 mindən artıq vətəndaşımızın bu ərazilərdə yaşaması, işləməsi və təhsil alması Azərbaycanın müasir urbanizasiya təcrübəsinin mühüm göstəriciləridir.

“Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində etdiyi çıxış Azərbaycanın milli-mənəvi dəyərlərə və müasir prinsiplərə əsaslanan şəhərsalma və məskunlaşma siyasətini beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Dövlətimizin başçısının vurğuladığı məqamlar respublikamızda həyata keçirilən quruculuq proseslərinin milli kimliyin qorunması, ekoloji tarazlıq və innovativ idarəetmə prinsipləri əsasında formalaşdırıldığını aydın şəkildə ortaya qoyur. Bütün bunlar həm də Azərbaycanın dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini, sağlam, komfortlu və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasəti aydın şəkildə əks etdirir. Bu baxımdan, Azərbaycanın inkişaf təcrübəsi beynəlxalq səviyyədə nümunəvi model kimi böyük maraq doğurur.

Ümumilikdə, Prezidentin səsləndirdiyi fikirlər Azərbaycanın qlobal çağırışlara cavab verən, müasir və inklüziv inkişaf modelinə malik dövlət kimi mövqeyini daha da gücləndirmiş oldu”, - deyə deputat vurğulayıb.
Geri dön