Ana Sayfa > İqtisadiyyat > Azərbaycanın London Fond Birjasında olmamasının

Azərbaycanın London Fond Birjasında olmamasının


Bu gün, 13:32. Yazar: Subhan
Azərbaycanın London Fond Birjasında olmamasının

Özbəkistan ilk dəfə olaraq milli aktivin səhmlərini London Fond Birjasında satışa çıxarıb. Özbəkistan Milli İnvestisiya Fondu (UzNIF) 13 böyük dövlət şirkətini birləşdirir. Bildirilir ki, səhmlərə tələb təklifi dörd dəfədən çox üstələyib. Mərasimdə Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva iştirak edib və tədbiri ölkə üçün strateji əhəmiyyətli adlandırıb.

aia.az xəbər verir ki, Özbəkistanın London birjasında ilk dəfə milli aktivlərini satışa çıxarması regionda yeni iqtisadi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Lakin bu fonda diqqət çəkən əsas suallardan biri Azərbaycanın niyə hələ belə bir addım atmamasıdır. Ekspertlər hesab edir ki, Azərbaycanın bu istiqamətdə geri qalması bir neçə struktur amillə bağlıdır. İlk növbədə, ölkənin əsas iqtisadi gücü sayılan SOCAR kimi dövlət şirkətləri hələ də tam açıq və beynəlxalq standartlara uyğun korporativ idarəetmə modelinə keçməyib. Bu isə xarici investorların cəlb olunmasını çətinləşdirir.

Digər tərəfdən, Özbəkistanda olduğu kimi vahid investisiya platformasının – yəni müxtəlif dövlət aktivlərini birləşdirən fond modelinin Azərbaycanda mövcud olmaması da əsas səbəblərdən sayılır. Analitiklər bildirir ki, aktivlərin parçalanmış şəkildə idarə olunması onların qlobal bazarlara çıxışını məhdudlaşdırır.
Bununla yanaşı, yerli kapital bazarının kifayət qədər inkişaf etməməsi beynəlxalq bazarlara inteqrasiyanı ləngidir.

İqtisadçılar qeyd edir ki, Azərbaycanın uzun illər enerji gəlirlərinə arxalanması xarici investisiyaya olan ehtiyacı azaldıb və nəticədə bu sahədə islahatlar daha ehtiyatlı şəkildə aparılıb. Bununla belə, mütəxəssislər hesab edir ki, ölkənin enerji, nəqliyyat və telekommunikasiya sektorları investorlar üçün kifayət qədər cəlbedicidir. Lazımi islahatlar həyata keçiriləcəyi təqdirdə Azərbaycanın da gələcəkdə beynəlxalq fond bazarlarında çıxış etməsi mümkündür.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a açıqlamasında bu istiqamətdə olan bəzi problemlərdən söz açdı:

“Azərbaycan dünya iqtisadiyyatının və maliyyə sisteminin bir parçasıdır. Bu doğrudan da belədir. Lakin elə problemlər var ki, onları həll etmədən bu müstəvilərdə tam və dolğun şəkildə təmsil olunmaq mümkün deyil. Bu sırada dayanan əsas məsələlərdən biri də qiymətli kağızlar bazarının mükəmməl fəaliyyətinin təmin edilməsidir. Lakin təəssüf ki, bu sahədə biz yetərincə geridə qalırıq. Bakı Fon Birjasının fəaliyyəti zəifdir. Birjada elektron ticarət infrastrukturu müasir tələblərə cavab verəcək səviyyədə təşkil edilib, dövlət istiqraz bazarı normal işləyir və aktivdir. Lakin səhm bazarı çox kiçik və zəifdir. Bunun əsas səbəbi bazarda likvidliyin çox aşağı olmasıdır. Yəni siz bu bazarda aldığınız səhmi satmaq istəsəniz bunu o qədər də asanlıqla edə bilməyəcəksiniz. Çünki bizdə səhm bazarı çox zəifdir. Bazarın zəif olmasını şərtləndirən əsas səbəblər isə böyük şirkətlərin açıq hesabat vermək istəməməsidir. Dünya standartlarına cavab verən bazarlarda investor səhmini almaq istədiyi şirkətin maliyyə durumu, risklərini, aparılan auditin nəticələrini və bütövlükdə şirkətin necə idarə edildiyini görə bilir. Bizdə isə investor bu məlumatları tam, dolğun şəkildə əldə edə bilmir. Ölkə daxilində Fond Birjasının bu səviyyədə fəaliyyət göstərdiyi bir şəraitdə Azərbaycan şirkətlərinin səhmlərinin tezliklə beynəlxalq birjalarda satışa çıxarılması real görünmür. Bu istiqamətdə daha çox iş görülməlidir. İlk növbədə səhmlərimizin xarici fondlar üçün vacib olan yüksək likvidliyini, hüquqi təhlükəsizliyi və bazarın şəffaflığını təmi etməliyik”.

aia.az
Geri dön