Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "Azərbaycanın artan nüfuzu yeni beynəlxalq münasibətlər sistemində özünü göstərir"

Səttar Möhbalıyev: "Azərbaycanın artan nüfuzu yeni beynəlxalq münasibətlər sistemində özünü göstərir"


Bu gün, 10:19. Yazar: azer
Səttar Möhbalıyev: "Azərbaycanın artan nüfuzu yeni beynəlxalq  münasibətlər sistemində özünü göstərir"

Azərbaycan son illər yalnız regional proseslərin iştirakçısı deyil, həm də qlobal gündəliyin formalaşmasına təsir göstərən dövlətlər sırasında mövqeyini gücləndirir. Cənab Prezident İlham Əliyevin mayın 18-də “Euronews” televiziyasına verdiyi müsahibə də məhz bu yeni siyasi və iqtisadi reallıqların mühüm istiqamətlərini əhatə etdi. Müsahibədə şəhərsalma, Qarabağın yenidən qurulması, enerji təhlükəsizliyi və regional diplomatiya kimi məsələlər Azərbaycanın gələcək inkişaf xəritəsinin əsas komponentləri kimi təqdim olundu.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, müsahibənin diqqət çəkən məqamlarından biri Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsi ilə bağlı cənab Prezidentin fikirləri oldu. Dövlət başçısı forumun əhəmiyyətini vurğulayaraq bildirdi: "Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir." Bu fikir təkcə beynəlxalq tədbirin miqyası ilə bağlı deyil. Burada daha geniş siyasi mesaj mövcuddur. Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin sayı və miqyası artmaqdadır. COP29-dan sonra WUF13 kimi genişmiqyaslı tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Cənab Prezident İlham Əliyev müsahibədə xüsusi olaraq şəhərlərin modernləşdirilməsi ilə tarixi irsin qorunması arasında balans məsələsinə toxundu: "Tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır." Bu yanaşma müasir urbanizasiya siyasətində mühüm prinsip hesab edilir. Dünyanın bir çox şəhərlərində sürətli inkişaf tarixi dəyərlərin itirilməsinə səbəb olur. Azərbaycan isə yeni şəhərsalma modelində inkişaf və milli irs anlayışlarını paralel şəkildə təqdim etməyə çalışır. Müsahibənin əsas hissələrindən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı idi. Cənab Prezident İlham Əliyevin təqdim etdiyi rəqəmlər görülən işlərin miqyasını aydın şəkildə ortaya qoydu. Dövlətmizin başçısı qeyd etdi: "Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq." Bu ifadə əslində Azərbaycanın münaqişədən sonrakı inkişaf modelinin siyasi mahiyyətini açıqlayır. Çünki burada söhbət yalnız dağıdılmış yaşayış məntəqələrinin bərpasından getmir. Burada tamamilə yeni sosial-iqtisadi sistemin yaradılması nəzərdə tutulur. Cənab Prezidentin səsləndirdiyi göstəricilər də diqqətəlayiqdir. Beş ildən artıq müddətdə 85 mindən çox insanın doğma torpaqlarına qayıdışı təmin olunub, 307 meqavat hidroenerji gücü istifadəyə verilib, 340 meqavat gücündə Günəş enerjisi layihələri inşa edilir, 75 kilometr tunelin 70 kilometri istifadəyə verilib, 500 körpünün 435-i artıq tikilib. Bu rəqəmlər göstərir ki, Qarabağda həyata keçirilən proses klassik bərpa modeli deyil. Burada "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında tamamilə yeni yaşayış modeli qurulur.

Millət vəkili onu da bildirib ki, cənab Prezident İlham Əliyev bu təcrübənin beynəlxalq əhəmiyyətinə də toxundu: "Hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər." Bu fikir Azərbaycanın artıq yalnız təcrübə öyrənən deyil, təcrübə ixrac edən ölkəyə çevrilmək iddiasını ortaya qoyur. Müsahibənin mühüm hissələrindən biri enerji siyasəti ilə bağlı idi. Son illərdə qlobal enerji təhlükəsizliyi məsələlərinin kəskinləşməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb. Cənab Prezident İlham Əliyev qeyd etdi: "Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur." Azərbaycanın enerji diplomatiyasının uğuru uzunmüddətli strategiyanın nəticəsi kimi təqdim edilir. Xüsusilə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsindən sonra Avropa bazarında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb. Diqqət çəkən digər məqam cənab Prezidentin gələcək perspektivlərlə bağlı açıqlaması oldu: "Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik." Bu açıqlama Azərbaycanın enerji potensialının hələ tam istifadə edilmədiyini göstərir və ölkənin Avropanın enerji təhlükəsizliyində rolunun daha da artacağını deməyə əsas verir.
Müsahibədə regional təhlükəsizlik məsələləri də xüsusi yer aldı. Yaxın Şərqdə baş verən hadisələr və Hörmüz böhranı fonunda cənab Prezident İlham Əliyev Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi şaxələndirmə siyasətinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı bildirdi: "Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik." Bu fikir Azərbaycanın xarici siyasət kursunun əsas mahiyyətini açıqlayır. Çünki enerji layihələri yalnız iqtisadi layihələr deyil, eyni zamanda, siyasi və diplomatik əməkdaşlıq mexanizmləridir. Cənab Prezidentin fikrincə, gələcəkdə qlobal enerji xəritəsində yeni dəyişikliklər baş verə bilər: "Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq." Bu açıqlama Azərbaycanın gələcək geosiyasi roluna dair mühüm mesaj hesab edilə bilər.
Ümumilikdə cənab Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi göstərdi ki, Azərbaycan öz inkişaf modelini üç əsas sütun üzərində qurur: müasir şəhərsalma, enerji təhlükəsizliyi və çoxşaxəli diplomatiya. Qarabağın yenidən qurulması, Avropanın enerji təhlükəsizliyinə töhfə və regional sabitlik təşəbbüsləri artıq Azərbaycanın yalnız regional deyil, qlobal aktor kimi çıxış etdiyini nümayiş etdirir-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Geri dön