Ana Sayfa > Siyasət > Bakı növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi
Bakı növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdiBu gün, 15:45. Yazar: azer |
![]() Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın son illərdə beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslər platformasına çevrilməsinin daha bir mühüm nümunəsi oldu. Prezident İlham Əliyev forumun açılış mərasimində çıxışı zamanı diqqətə çatdırdı ki, tədbirdə 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu göstərici həm forumun miqyasını, həm də Azərbaycanın beynəlxalq nüfuzunu əks etdirən mühüm faktordur. COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbirin məhz şəhərsalma mövzusuna həsr olunması isə təsadüfi deyil. Çünki Azərbaycan artıq yalnız enerji və geosiyasi layihələrlə deyil, həm də müasir urbanizasiya və dayanıqlı inkişaf konsepsiyaları ilə diqqət çəkir. Azərbaycan tarixən Şərqlə Qərbin qovuşduğu məkan kimi fərqli sivilizasiyaların inteqrasiyasını özündə birləşdirib. Bu özəllik xüsusilə Bakının memarlıq simasında aydın görünür. İçərişəhərin qədim küçələrindən bir neçə addım sonra müasir şəhər həyatının ritmini hiss etmək mümkündür. Bir tərəfdə əsrlərin yaddaşını yaşadan qala divarları, digər tərəfdə isə müasir memarlığın simvoluna çevrilən geniş bulvarlar və yeni urbanistik məkanlar yerləşir. Vaxtilə üç kilometrlik əraziyə malik olan Bakı Bulvarının bu gün 15 kilometri aşması paytaxtın inkişaf dinamikasının göstəricisidir. XIX əsrdə Avropa memarlarının layihələndirdiyi tikililər isə şəhərin memarlıq palitrasını daha da zənginləşdirir. Bu harmoniya Bakının qədimliklə müasirliyi uğurla birləşdirən nadir şəhərlərdən biri olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması dövlətin bu sahəyə verdiyi strateji önəmin göstəricisi kimi qiymətləndirilir. Son illərdə BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi də Azərbaycanın beynəlxalq urbanizasiya gündəliyində fəal rol oynadığını göstərir. Prezident İlham Əliyevin forumda xüsusi vurğuladığı məsələlərdən biri Azərbaycanın qədim şəhərlərinin memarlıq irsi oldu. Şamaxıdakı VIII əsrə aid məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi siması, Qəbələ və Şəkinin zəngin abidələri, Kiş kəndində yerləşən qədim kilsə, Lahıcın əsrlər öncədən formalaşmış infrastruktur sistemi Azərbaycan xalqının yüksək memarlıq və mühəndislik düşüncəsinin nümunələridir. Bu faktlar göstərir ki, Azərbaycan ərazisində şəhərsalma ənənələri yalnız müasir dövrün məhsulu deyil, minilliklərə söykənən zəngin irsin davamıdır. Xüsusilə Lahıc nümunəsi diqqəti cəlb edir. On beş əsr əvvəl qurulmuş su və kanalizasiya sisteminin bu gün də işləməsi əcdadlarımızın texniki təfəkkürünün nə qədər yüksək olduğunu nümayiş etdirir. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması isə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanın tarixi abidələri yalnız muzey eksponatı kimi saxlanılmır, onlar yaşayır, qorunur və insanların gündəlik həyatının bir hissəsi olaraq qalır. Forumda müasir şəhərsalmanın əsas prinsiplərinə də xüsusi diqqət ayrıldı. Prezident İlham Əliyev Bakı Formula-1 yarışını nümunə göstərərək şəhər inkişafında həm cəsarətin, həm də ehtiyatlı yanaşmanın vacibliyini vurğuladı. Doğrudan da, sürətli inkişaf prosesində tarixi irsin qorunması əsas prioritetlərdən biri olaraq qalmalıdır. Bu yanaşma Bakının son illərdə keçdiyi inkişaf yolunda aydın görünür. Bu gün hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Otuz il ərzində işğal altında qalan ərazilərdə misli görünməmiş dağıntılar törədilib. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması dağıntının miqyasını əks etdirən ən sərt ifadələrdən biridir. Lakin cəmi beş il ərzində həyata keçirilən layihələr Azərbaycanın quruculuq potensialını bütün dünyaya nümayiş etdirib. Onlarla kilometr tunel, yüzlərlə körpü, yeni yollar, dəmir yolları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və üç beynəlxalq hava limanının tikilməsi Böyük Qayıdış Proqramının real nəticələridir. Bu gün artıq 85 mindən çox insan keçmiş məcburi köçkün həyatı yaşadıqları torpaqlara qayıdaraq normal həyata başlayıb. Dövlət yalnız yaşayış məntəqələrinin tikintisini deyil, həm də məşğulluğun təmin edilməsini prioritet hesab edir. Yeni sənaye zonalarının yaradılması insanların doğma torpaqlarında dayanıqlı yaşayışını təmin edən əsas amillərdən biridir. Bakıda ekoloji mühitin yaxşılaşdırılması istiqamətində görülən işlər də forum iştirakçılarının diqqətini çəkən mövzulardan oldu. Vaxtilə neft sənayesinin yaratdığı ağır ekoloji problemlərlə tanınan Qara şəhərin bu gün müasir Ağ şəhərə çevrilməsi urbanizasiya sahəsində uğurlu transformasiyanın nümunəsidir. Son 20 ildə paytaxtda yaradılmış yüz park və ictimai məkan, yenilənmiş yaşıllıq zonaları, ictimai nəqliyyatın modernləşdirilməsi və ekoloji şəhər konsepsiyası Azərbaycanın dayanıqlı inkişaf modelinə sadiqliyini nümayiş etdirir. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan yalnız regional deyil, qlobal miqyasda da inkişaf və modernləşmə sahəsində öz sözünü deyən ölkələrdən biridir. Bu forum şəhərsalmanın sadəcə tikinti prosesi deyil, tarixə hörmət, insan rifahı və gələcək nəsillərə məsuliyyət məsələsi olduğunu nümayiş etdirdi. Fərid Ramazanov, YAP Zaqatala rayon təşkilatının sədri. Geri dön |