Ana Sayfa > Siyasət > WUF13: Azərbaycanın qlobal liderliyi

WUF13: Azərbaycanın qlobal liderliyi


Bu gün, 14:17. Yazar: azer
WUF13: Azərbaycanın qlobal liderliyi

Dünya tarixinin müxtəlif inkişaf mərhələlərində dövlətlərin qüdrəti əsasən onların sərhədləri, hərbi potensialı və iqtisadi imkanları ilə qiymətləndirilib. Müasir dövrdə isə daha bir vacib meyar ön plana çıxır – insanların yaşayış səviyyəsi, şəhərlərin necə planlaşdırılması və gələcəyin hansı prinsiplər üzərində qurulması. Artıq şəhərlər yalnız insanların məskunlaşdığı ərazilər deyil; onlar iqtisadi fəallığın, ictimai münasibətlərin, innovativ düşüncənin və mədəni dəyərlərin bir araya gəldiyi strateji mərkəzlərə çevrilib. Belə bir zamanda Bakının Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasına ev sahibliyi etməsi xüsusi siyasi və strateji əhəmiyyət daşıyır.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı yalnız tədbir iştirakçılarına ünvanlanmış nitq kimi deyil, həm də müasir Azərbaycanın inkişaf yolunu, şəhərsalma baxışını və gələcəyə dair strateji yanaşmasını əks etdirən konseptual mövqe kimi dəyərləndirilə bilər. Dövlət başçısının çıxışında diqqəti cəlb edən ilk məqamlardan biri tədbirin geniş beynəlxalq miqyası idi. Dünyanın 182 ölkəsindən 45 mindən çox iştirakçının Bakıda toplaşması təkcə Forumun ölçüsünü deyil, Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal əməkdaşlıq platformasına çevrildiyini göstərən mühüm göstəricidir.

Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin sayı ardıcıl şəkildə artır. Bu, ölkəmizin yalnız regional deyil, eyni zamanda qlobal proseslərin fəal iştirakçısı olduğunu nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin çıxışında Forumu COP29-dan sonra keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi xarakterizə etməsi də Azərbaycanın artıq qlobal gündəmdə mühüm mövqeyə sahib olduğunu göstərən əhəmiyyətli mesaj idi. Azərbaycanın coğrafi mövqeyi və tarixi missiyası ilə bağlı səsləndirdiyi fikirlər xüsusi maraq doğururdu. Azərbaycan əsrlər boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və ticarət yollarının kəsişdiyi məkanda yerləşib. Tarix boyu Şərqlə Qərb arasında körpü funksiyasını yerinə yetirən ölkəmiz bu missiyanı müasir dövrdə də uğurla davam etdirir. Bu tarixi rolun memarlıq və şəhərsalma sahəsində əks olunması da maraqlı yanaşma kimi diqqət çəkirdi. Dövlət başçısı Bakının qədim və müasir elementlərini eyni çərçivədə təqdim etməklə şəhər inkişafının əsas fəlsəfəsini ifadə etmiş oldu. İçərişəhərin qədim küçələrindən müasir urbanistik mühitə keçid əslində keçmişlə gələcəyin harmoniyasını nümayiş etdirən canlı nümunədir.

Bu gün dünyanın bir çox ölkələrində sürətli urbanizasiya prosesi tarixi və mədəni irsin zədələnməsi ilə müşayiət olunur. Müasir tikililərin inşası bəzən şəhərlərin tarixi yaddaşını arxa plana keçirir. Azərbaycanın yanaşması isə fərqli istiqaməti ortaya qoyur. Burada məqsəd yalnız yeni yaşayış məkanları formalaşdırmaq deyil, eyni zamanda milli kimliyi və tarixi dəyərləri qoruyub saxlamaqdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən cari ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu istiqamətin dövlət siyasətində xüsusi yer tutduğunu nümayiş etdirir. Bu qərar şəhərsalma siyasətində yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər.

Cənab Prezidentin çıxışında Azərbaycanın müxtəlif bölgələrinin və qədim şəhərlərinin xatırlanması da diqqət çəkən mühüm məqamlardan biri idi. Şamaxı, Gəncə, Şəki, Naxçıvan, Qəbələ və Lahıc barədə səsləndirilən fikirlər sadəcə tarixi məlumat xarakteri daşımırdı. Burada əsas məqsəd Azərbaycanın zəngin mədəni irsini və çoxəsrlik dövlətçilik ənənələrini beynəlxalq auditoriyaya təqdim etmək idi. Xüsusilə Lahıc nümunəsi maraqlı məqam kimi ön plana çıxırdı. Əsrlər öncə qurulmuş və bu günə qədər fəaliyyət göstərən kommunikasiya sistemləri göstərir ki, şəhərsalma və mühəndislik düşüncəsi xalqımızın tarixində mühüm yer tutub. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri idi. Bu hissə çıxışın siyasi və humanitar baxımdan ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirilə bilər. İşğal nəticəsində ağır dağıntılara məruz qalmış şəhər və kəndlərin yenidən qurulması hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biridir. Dövlət başçısının Ağdamla bağlı səsləndirdiyi fikirlər dağıntıların miqyasını aydın şəkildə ortaya qoyurdu. Lakin burada əsas məqam keçmişdə baş verənlərlə kifayətlənmək deyil, gələcəyə doğru inamla addımlamaqdır. Azərbaycan dağıdılmış ərazilərin yenidən qurulması ilə yanaşı, həmin məkanlarda yeni yaşayış və inkişaf modeli formalaşdırır.

Böyük Qayıdış Proqramı bu baxımdan yalnız infrastruktur layihəsi hesab edilə bilməz. Bu proqram həm də sosial ədalətin bərpası, insanların doğma torpaqlarına qayıdışı və milli həmrəyliyin möhkəmləndirilməsi missiyasını daşıyır. Tunellərin, yolların, hava limanlarının, məktəblərin, xəstəxanaların və sənaye zonalarının yaradılması göstərir ki, həyata keçirilən siyasət təkcə fiziki bərpadan ibarət deyil. Burada əsas hədəf dayanıqlı və müasir yaşayış mühitinin formalaşdırılmasıdır.

Bakıda həyata keçirilən ekoloji yenilənmə ilə bağlı idi. Vaxtilə neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşmiş ərazilərin müasir şəhər mühitinə çevrilməsi diqqətəlayiq nümunə kimi dəyərləndirilə bilər. Qara şəhərin Ağ şəhərə çevrilməsi Azərbaycanın şəhərsalma siyasətinin uğurlu nəticələrindən biri hesab olunur. Burada yalnız yeni tikililər inşa edilməyib, eyni zamanda insan yaşayışı üçün sağlam və komfortlu mühit yaradılıb.
Formula-1 nümunəsi də xüsusi maraq doğururdu. Liderlərin həm cəsarətli, həm də ehtiyatlı olmalı olduğunu vurğulayan bu yanaşma əslində müasir inkişaf strategiyasının əsas fəlsəfəsini ifadə edirdi. Çünki inkişaf yalnız sürətlə irəliləmək demək deyil. İnkişaf eyni zamanda düzgün istiqamət seçmək, tarixi dəyərləri qorumaq və insan faktorunu əsas prioritetə çevirməkdir.

Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu bir daha göstərdi ki, gələcəyin uğurlu dövlətləri yalnız güclü iqtisadiyyat formalaşdıran ölkələr olmayacaq. Gələcəyin qalibləri insan üçün rahat, təhlükəsiz və dayanıqlı yaşayış mühiti yaradan dövlətlər olacaq. Azərbaycan isə həyata keçirdiyi layihələr və ortaya qoyduğu inkişaf modeli ilə bu istiqamətdə inamla irəlilədiyini nümayiş etdirir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı.

Geri dön