Ana Sayfa > Siyasət > Manaf Manafov: "Ümumdünya Şəhərsalma Forumu dünyanın ən nüfuzlu platformalarından biridir"
Manaf Manafov: "Ümumdünya Şəhərsalma Forumu dünyanın ən nüfuzlu platformalarından biridir"Bu gün, 14:01. Yazar: azer |
![]() Müasir dövrdə şəhərlər artıq yalnız insanların yaşadığı məkan anlayışı ilə məhdudlaşmır. Onlar iqtisadi potensialın, texnoloji yeniliklərin, ictimai münasibətlərin, mədəni müxtəlifliyin və dövlətlərin gələcək inkişaf prioritetlərinin formalaşdığı əsas mərkəzlərə çevrilib. XXI əsr urbanizasiya əsri kimi xarakterizə olunur və bu proses yeni çağırışlarla yanaşı, fərqli yanaşmaların tətbiqini də zəruri edir. Məhz belə bir mərhələdə Bakının Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasına ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinin və qlobal gündəliyin mühüm iştirakçılarından birinə çevrilməsinin növbəti bariz nümunəsi hesab oluna bilər. Bunları aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib. ![]() Fikirlərini davam etdirən hakim partiya təmsilçisi qeyd edib ki, Bakıda keçirilən Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı yalnız tədbir iştirakçılarına ünvanlanmış nitq xarakteri daşımırdı. Bu çıxış əslində müasir Azərbaycanın inkişaf konsepsiyasını, şəhərsalmaya yanaşmasını, tarixi irsə münasibətini və gələcək perspektivlərini əks etdirən strateji baxış idi. Dövlət başçısının çıxışında ilk diqqət çəkən məqamlardan biri Forumun geniş beynəlxalq miqyası ilə bağlı oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin qlobal əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Bu statistika sadəcə rəqəmlər toplusu deyil. O, Azərbaycanın beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinin real göstəricisidir. Son illər ərzində Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi əsas platformalardan biri kimi çıxış edir. Dövlət başçısının Ümumdünya Şəhərsalma Forumunu COP29-dan sonra ikinci böyük beynəlxalq tədbir kimi dəyərləndirməsi də bu həqiqətin təsdiqi idi. Bu gün Azərbaycan təkcə beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə deyil, eyni zamanda qlobal məsələlərin müzakirə olunduğu və qərarların formalaşmasına töhfə verən mühüm mərkəzlərdən biri kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycanın coğrafi mövqeyi və tarixi missiyası barədə səsləndirilən fikirlər də xüsusi diqqət doğururdu. Azərbaycan tarix boyu Şərqlə Qərbi birləşdirən mədəni və sivilizasiya körpüsü rolunu oynayıb. Dövlət başçısı bu məqamı memarlıq nümunələri vasitəsilə daha aydın şəkildə ifadə etdi. Bakının qədim İçərişəhərindən qısa məsafədə müasir şəhər mühitinə keçidin mümkün olması əslində Azərbaycanın inkişaf modelinin əsas fəlsəfəsini göstərir. Buradakı əsas yanaşma ondan ibarətdir ki, müasirlik keçmişin inkarı üzərində deyil, tarixi irsin qorunması və inkişaf etdirilməsi əsasında qurulmalıdır. Bu gün dünya şəhərlərinin üzləşdiyi əsas problemlərdən biri sürətli urbanizasiya fonunda tarixi irsin zədələnməsidir. Bir çox ölkələrdə modernləşmə prosesi qədim memarlığın və milli kimliyin zəifləməsi ilə nəticələnib. Azərbaycanın yanaşması isə fərqli model təqdim edir: inkişaf və tarixi-mədəni irsin qorunması paralel şəkildə həyata keçirilməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən cari ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətə dövlət səviyyəsində verilən yüksək önəmin göstəricisidir. Bu addım eyni zamanda şəhərsalmanın gələcək inkişaf strategiyasında prioritet mövqeyə malik olduğunu nümayiş etdirir. Ölkə Prezidenti çıxışında Azərbaycanın qədim şəhərlərinə və zəngin tarixi irsinə xüsusi yer ayrılması da diqqət çəkən mühüm məqamlardan biri idi. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Lahıc barədə səsləndirilən fikirlər ölkəmizin mədəni və memarlıq tarixinin təqdimatı olmaqla yanaşı, tarixi yaddaşın qorunmasının vacibliyinə yönələn mühüm mesaj idi. Xüsusilə Lahıc nümunəsi xüsusi məna daşıyır. Əsrlər öncə formalaşdırılmış mühəndislik və kommunikasiya sistemlərinin bu günədək işlək qalması əcdadlarımızın yüksək intellektual və yaradıcılıq potensialının göstəricisidir. Bu fakt bir daha təsdiqləyir ki, şəhərsalma ənənəsi xalqımız üçün yeni anlayış deyil, dərin tarixi köklərə söykənən zəngin irsdir. Dövlət başçısı çıxışında mühüm yer tutan məsələlərdən biri də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı idi. Dövlət başçısı beynəlxalq auditoriyanın diqqətini işğal dövründə törədilmiş dağıntılara yönəltdi. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması işğal illərində törədilən dağıntıların miqyasını ifadə edən ən təsirli nümunələrdən biri kimi səsləndi. Burada diqqət çəkən əsas məqam yalnız viran qoyulmuş şəhərlərin vəziyyətinin nümayiş etdirilməsi deyildi. Əsas mesaj ondan ibarət idi ki, Azərbaycan dağıdılmış əraziləri yenidən həyata qaytarır. Hazırda reallaşdırılan Böyük Qayıdış Proqramı təkcə tikinti layihəsi deyil, həm də sosial, iqtisadi və humanitar məzmun daşıyan genişmiqyaslı milli proqramdır. Beş il ərzində tikilən tunellər, körpülər, hava limanları, yollar, məktəblər, xəstəxanalar və digər infrastruktur layihələri müasir dövrün diqqətəlayiq inkişaf nümunələrindən biri sayıla bilər. Bu prosesin əsas cəhətlərindən biri də insan amilinə verilən xüsusi önəmdir. Çünki şəhərlər yalnız tikililərdən ibarət deyil. İnsanların yaşayışı, məşğulluğu, rahatlığı və sosial rifahı şəhər inkişafının əsas elementlərini təşkil edir. Müsahibimiz qeyd edib ki, cənab Prezident İlham Əliyev çıxışında insanların doğma torpaqlarına qayıdışı ilə yanaşı, onların məşğulluq imkanlarının təmin olunmasının da vacibliyini xüsusi vurğuladı. Bu yanaşma göstərir ki, həyata keçirilən siyasətin mərkəzində insan dayanır. Bakının ekoloji inkişafı ilə bağlı çıxışda səslənən fikirlər də mühüm əhəmiyyət kəsb edirdi. Dövlət başçısı xatırlatdı ki, şəhər uzun illər neft sənayesinin təsiri səbəbindən ciddi ekoloji problemlərlə üzləşib. Vaxtilə çirklənmənin simvolu hesab olunan Qara şəhərin müasir Ağ şəhərə çevrilməsi Azərbaycanın urbanizasiya siyasətinin uğurlu nəticələrindən biridir. Bu, sadəcə müəyyən bir ərazinin yenidən qurulması deyil, bütöv şəhər mühitinin dəyişdirilməsi və yeni həyat modelinin formalaşdırılması deməkdir. Son illərdə Bakıda salınan parklar, yaşıllıq zolaqları, ictimai məkanlar, müasir nəqliyyat sistemi və ekoloji layihələr şəhərin inkişafına yeni nəfəs gətirib. Prezident İlham Əliyevin Formula-1 yarışları ilə bağlı etdiyi maraqlı müqayisə də çıxışın yaddaqalan məqamlarından biri oldu. Dövlət başçısının qeyd etdiyi kimi, liderlər inkişaf məsələlərində həm sürətli, həm də ehtiyatlı olmalıdırlar. Bu fikir müasir idarəçilik fəlsəfəsinin qısa və dolğun ifadəsi kimi səsləndi. İnkişaf qaçılmazdır, lakin həmin inkişaf milli irsin, tarixi yaddaşın və insan amilinin qorunması ilə müşayiət edilməlidir. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyası bir daha göstərdi ki, şəhərlər gələcəyin əsas inkişaf platformalarıdır. Forum çərçivəsində səsləndirilən fikirlər və aparılan müzakirələr Azərbaycanın şəhərsalma sahəsində formalaşdırdığı yanaşmanın beynəlxalq səviyyədə maraq doğurduğunu nümayiş etdirdi. Bu gün Azərbaycan yalnız yeni yollar, binalar və infrastruktur layihələri həyata keçirmir. Azərbaycan eyni zamanda gələcəyin sosial məkanını, insan yönümlü inkişaf modelini və dayanıqlı yaşayış konsepsiyasını formalaşdırır. Məhz buna görə də Bakıdan verilən mesajlar yalnız bugünün deyil, gələcəyin şəhərlərinə və gələcəyin dünyasına ünvanlanan çağırışlar kimi qiymətləndirilə bilər.-deyə Manaf Manafov fikirlərini yekunlaşdırıb. Geri dön |