Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan qlobal inkişaf gündəmini müəyyən edən dövlətlər sırasındadır
Azərbaycan qlobal inkişaf gündəmini müəyyən edən dövlətlər sırasındadırBu gün, 12:41. Yazar: azer |
![]() Müasir dünyada dövlətlərin gücü artıq yalnız onların iqtisadi imkanları və ya təbii sərvətləri ilə ölçülmür. Bu gün ölkələrin nüfuzu həm də qlobal proseslərə təsir etmək qabiliyyəti, yeni təşəbbüslər irəli sürməsi və beynəlxalq əməkdaşlıq məkanında etibarlı tərəfdaş kimi qəbul olunması ilə müəyyən edilir. Son illərdə Azərbaycanın keçdiyi inkişaf yolu da məhz bu reallığı aydın şəkildə nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi isə ölkənin qarşıya qoyduğu strateji məqsədləri və gələcəyə baxışını bir daha diqqət mərkəzinə çıxardı. Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib. Həmsöhbətimiz bildirib ki, müsahibədən görünən əsas məqamlardan biri Azərbaycanın beynəlxalq platformalarda artan roludur. Son illərdə ölkəmiz müxtəlif istiqamətlər üzrə qlobal əhəmiyyət daşıyan tədbirlərə ev sahibliyi edir. Bu proses təkcə təşkilati imkanların nümayişi deyil, həm də dövlətlər arasında qurulan etimadın göstəricisidir. Cənab Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətindən danışarkən bildirdi: "Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir." Əslində bu fikir bir sıra vacib məqamları özündə birləşdirir. Çünki hər hansı ölkəyə beynəlxalq tədbirin həvalə olunması sadəcə texniki məsələ deyil. Bu, həm də siyasi etimadın, təhlükəsizliyin və dövlətin qlobal əməkdaşlıq imkanlarının qiymətləndirilməsidir. Bu gün dünya sürətlə urbanizasiya mərhələsindən keçir. Böyük şəhərlər genişlənir, yeni yaşayış məkanları formalaşır və paralel olaraq tarixi irsin qorunması problemi aktuallaşır. Azərbaycan da bu məsələyə xüsusi yanaşma nümayiş etdirir. Dövlət başçısının fikri xüsusilə diqqət çəkdi: "Tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır." Bu yanaşmanın arxasında mühüm fəlsəfə dayanır. İnkişaf yalnız yeni binaların tikilməsi və müasir infrastrukturların qurulması ilə ölçülmür. Hər bir xalqın keçmişini yaşadan memarlıq nümunələri, mədəni dəyərləri və tarixi yaddaşı da qorunmalıdır. Müasirliklə milli kimliyin bir-birini tamamlaması dayanıqlı inkişaf modelinin əsas prinsiplərindən biridir. Müsahibədə xüsusi diqqət ayrılan mövzulardan biri də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri oldu. Bu gün həmin ərazilərdə görülən işlər təkcə bərpa layihələri deyil, həm də yeni inkişaf konsepsiyasının tətbiqi kimi qiymətləndirilir. Cənab Prezident İlham Əliyev vurğuladı: "Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq." Doğrudan da, son illərdə həyata keçirilən işlərin miqyası olduqca böyükdür. İşğal zamanı tamamilə dağıdılmış ərazilərdə yollar çəkilir, yaşayış kompleksləri salınır, məktəblər və sosial obyektlər tikilir, enerji sistemi yenidən qurulur. Rəqəmlər də görülən işlərin miqyasını açıq göstərir. Beş il ərzində on minlərlə insanın doğma yurdlarına qayıtması, yüzlərlə infrastruktur layihəsinin həyata keçirilməsi və alternativ enerji potensialının yaradılması yeni mərhələnin başlanğıcını nümayiş etdirir. Xüsusilə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri gələcəyin yaşayış modeli kimi diqqəti cəlb edir. Bu konsepsiyalar yalnız müasir texnologiyaların tətbiqini deyil, həm də insan həyatının daha rahat, təhlükəsiz və səmərəli təşkil edilməsini nəzərdə tutur. Müsahibənin mühüm hissələrindən biri də enerji təhlükəsizliyi məsələsinə həsr olundu. Son illərdə dünyada enerji bazarında baş verən dəyişikliklər yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olub. Bu dəyişikliklər fonunda Azərbaycanın rolu daha aydın görünür. Cənab Prezident İlham Əliyev qeyd etdi: "Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur." Bu göstərici Azərbaycanın enerji strategiyasının uzunmüddətli nəticəsidir. Vaxtilə təməli qoyulan layihələr bu gün Avropa üçün mühüm enerji mənbələrindən birinə çevrilib. Dövlət başçısının səsləndirdiyi digər fikir isə gələcək perspektivlərin hələ də geniş olduğunu göstərir: "Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik." Bu bəyanat Azərbaycanın enerji sektorunun inkişafının davam etdiyini və yeni imkanların formalaşdığını göstərir. Müsahibədə regional proseslər və geosiyasi vəziyyət də diqqətdən kənarda qalmadı. Dünyanın müxtəlif bölgələrində baş verən gərginliklər iqtisadi proseslərə də təsirsiz ötüşmür. Lakin Azərbaycanın uzunmüddətli strategiyası risklərin minimuma endirilməsi baxımından mühüm üstünlüklər yaradıb. Cənab Prezident İlham Əliyev bununla bağlı bildirdi: "Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik." Bu ifadə Azərbaycanın xarici siyasət xəttinin əsas fəlsəfəsini əks etdirir. Çünki müasir dünyada iqtisadi layihələrin uğuru yalnız maliyyə resursları ilə müəyyən olunmur. Qarşılıqlı etimad, tərəfdaşlıq münasibətləri və siyasi sabitlik də eyni dərəcədə vacibdir. Ümumilikdə “Euronews” müsahibəsi göstərdi ki, Azərbaycan yalnız bugünkü çağırışlara cavab verməyə çalışan ölkə deyil. Ölkə paralel şəkildə gələcəyin siyasi, iqtisadi və sosial reallıqlarına hazırlaşır. Qarabağda qurulan yeni həyat, enerji sahəsində genişlənən əməkdaşlıq və beynəlxalq platformalarda artan fəallıq Azərbaycanın uzunmüddətli inkişaf kursunun tərkib hissəsidir. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə əldə olunan uğurları davamlı modelə çevirməkdir. Çünki dövlətlərin tarixində elə mərhələlər olur ki, həmin dövrlər gələcək onilliklərin istiqamətini müəyyən edir. Görünən mənzərə onu göstərir ki, Azərbaycan məhz belə bir mərhələdən keçir-deyə E.Süleymanov fikrini tamamlayıb. Geri dön |