Ana Sayfa > Siyasət > WUF13: Azərbaycanın qlobal nüfuzunun bariz nümunəsidir

WUF13: Azərbaycanın qlobal nüfuzunun bariz nümunəsidir


Bu gün, 12:16. Yazar: azer
WUF13: Azərbaycanın qlobal nüfuzunun bariz nümunəsidir

Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal gündə artan mövqeyinin növbəti mühüm göstəricisi kimi ön plana çıxır. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, şəhərsalma sahəsində fəaliyyət göstərən ekspertlərin və beynəlxalq təşkilat rəhbərlərinin qatıldığı bu tədbir Azərbaycanın artıq yalnız regional deyil, həm də qlobal səviyyədə strateji müzakirələrə ev sahibliyi edən mühüm məkan olduğunu bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin forumun açılış mərasimində etdiyi çıxış isə ölkənin inkişaf fəlsəfəsini və gələcəyə dair baxışlarını aydın şəkildə ortaya qoydu.

Cənab Prezident İlham Əliyev qeyd etdi ki, müasir dövrdə şəhərsalma anlayışı artıq yalnız memarlıq və infrastruktur məsələləri ilə məhdudlaşmır, təhlükəsizlik, sosial rifah, ekologiya, iqtisadi dayanıqlılıq və insan kapitalı ilə sıx bağlı olan strateji sahəyə çevrilir. Dövlət başçısı Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunu diqqətə çatdırmaqla yanaşı, şəhərsalma siyasətinin milli prioritetlərlə necə uyğun şəkildə həyata keçirildiyini də nümayiş etdirdi. Forumun Bakıda keçirilməsi də təsadüfi qərar deyil. Son illərdə paytaxtımız mühüm beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu mərkəzə çevrilib. COP29, Qlobal Bakı Forumu və digər mötəbər tədbirlərdən sonra WUF13-ün də Bakıya həvalə olunması beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi etimadın bariz nümunəsidir. Bu, eyni zamanda ölkəmizdə mövcud olan siyasi sabitliyin, təhlükəsizlik mühitinin və müasir infrastruktur potensialının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Prezident İlham Əliyevin çıxışında diqqət mərkəzində olan əsas məsələlərdən biri də azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin beynəlxalq auditoriyaya təqdim edilməsi idi. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr artıq təkcə milli inkişaf proqramı kimi deyil, həm də müasir urbanizasiya yanaşmasının uğurlu nümunəsi kimi qəbul olunur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji zonalarının yaradılması və ekoloji prinsiplərin ön plana çəkilməsi Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm istiqamətlərindəndir.

Azərbaycanın bu gün həyata keçirdiyi şəhərsalma siyasəti postmünaqişə mərhələsinin yeni modelini formalaşdırır. Uzun illər işğal altında qalmış ərazilərin qısa müddət ərzində müasir yaşayış məkanlarına çevrilməsi dövlət idarəçiliyinin effektivliyini aydın şəkildə nümayiş etdirir. Burada məqsəd yalnız yolların, binaların və kommunikasiya xətlərinin inşası deyil. Əsas hədəf insanların təhlükəsiz, rahat və müasir həyat şəraitinə qovuşmasını təmin etməkdir. Forum çərçivəsində səsləndirilən fikirlər onu da göstərdi ki, Azərbaycan beynəlxalq əməkdaşlıq platformalarında artıq təşəbbüs irəli sürən və yeni ideyalar təqdim edən ölkə kimi çıxış edir. Əgər əvvəlki dövrlərdə Azərbaycan daha çox enerji təhlükəsizliyi və nəqliyyat layihələri ilə tanınırdısa, bu gün şəhərsalma, yaşıl inkişaf və dayanıqlı urbanizasiya istiqamətlərində də nümunəvi model kimi beynəlxalq diqqət qazanır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.

Geri dön