Ana Sayfa > Gündəm > Esvatini Kralı SOCAR-ın Bakı Ali Neft Məktəbində olub

Esvatini Kralı SOCAR-ın Bakı Ali Neft Məktəbində olub


Bu gün, 09:50. Yazar: azer
Esvatini Kralı SOCAR-ın Bakı Ali Neft Məktəbində olub

Esvatini Kralı Əlahəzrət III Msvatinin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

Qonaqlar əvvəlcə BANM-in kampusu, müasir tədris infrastrukturu, laboratoriyaları və tələbələr üçün yaradılmış innovativ təhsil mühiti ilə tanış olub.

BANM-in rektoru Elmar Qasımov Kral III Msvatiyə Ali Məktəbin fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və tələbələrin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

Daha sonra Kral III Msvatinin BANM-in tələbə və əməkdaşları ilə görüşü keçirilib.

Görüşdə çıxış edən rektor Elmar Qasımov Esvatini Kralı III Msvati və nümayəndə heyətini Bakı Ali Neft Məktəbində görməkdən böyük şərəf duyduğunu, bu görüşün Ali Məktəb üçün tarixi əhəmiyyət daşıdığını bildirib.

Kral III Msvati çıxışında BANM-də olmaqdan məmnunluğunu ifadə edib, Ali Məktəbin müasir infrastrukturu və innovativ tədris mühitini yüksək qiymətləndirib. O, gələcəkdə Esvatinidən olan tələbələrin də BANM-də təhsil almalarının vacibliyini vurğulayaraq bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüşün sonunda Kral III Msvatiyə BANM-in “Fəxri qonaq” plaketi təqdim olunub.
Daha sonra Kral III Msvati Bakı Ali Neft Məktəbinin xatirə kitabına ürək sözlərini yazıb.
Geri dön