Ana Sayfa > Siyasət > “Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzu və regional diplomatiyaya dair mühüm mesajlar verdi”

“Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzu və regional diplomatiyaya dair mühüm mesajlar verdi”


Bu gün, 19:29. Yazar: azer
“Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzu və regional diplomatiyaya dair mühüm mesajlar verdi”

Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə Azərbaycanın beynəlxalq nüfuzu, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri, enerji təhlükəsizliyi və regional diplomatiya məsələlərinə dair mühüm mesajlar səsləndirdi. Müsahibənin əsas mövzularından biri Bakıda keçirilən Dünya Şəhərsalma Forumu – WUF13 oldu. Cənab Prezident forumun yüksək beynəlxalq iştirak səviyyəsini Azərbaycanın artan nüfuzunun göstəricisi kimi qiymətləndirdi. Dövlət başçısı qeyd etdi ki, “182 ölkənin təmsil olunması Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir”. Təsadüfi deyil ki, COP29-dan sonra WUF13 kimi qlobal platformanın Bakıda təşkili ölkənin şəhərsalma və dayanıqlı inkişaf sahəsində söz sahibi olduğunu təsdiqləyir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinə də toxunan Prezident İlham Əliyev Azərbaycanın “misilsiz təcrübə formalaşdırdığını” bildirərək vurğuladı ki, işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlər faktiki olaraq sıfırdan qurulur. Belə ki, son 5 ildə artıq 85 min insanın doğma torpaqlarına qayıdışı təmin olunub. . Bu rəqəm dövlətin “Böyük Qayıdış” proqramını prioritet istiqamət kimi davam etdirdiyini göstərir.

Müsahibədə diqqət çəkən məqamlardan biri də “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi idi. Prezident bildirdi ki, artıq əsas investisiyalar yaşayış məntəqələrinin qurulmasına yönəldilib və müasir şəhərsalma yanaşmaları tətbiq edilir. Qarabağda yaşıl enerji siyasətinin həyata keçirilməsi də Azərbaycanın gələcək inkişaf modelinin əsas hissəsidir. Dövlət başçımızın sözlərinə görə, “307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib”, eyni zamanda yüzlərlə meqavat gücündə Günəş enerjisi layihələri icra olunur. Bu, postmünaqişə dövründə ekoloji və texnoloji baxımdan müasir quruculuğun təsdiqidir. Enerji təhlükəsizliyilə bağlı suala cavab olaraq cənab Prezident Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bir daha bəyan etdi. Qeyd etdi ki, hazırda Azərbaycan təbii qazı 16 ölkəyə ixrac edir. “Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik”. Bu, Azərbaycanın enerji diplomatiyasını uğurla genişləndirdiyini və Avropa üçün etibarlı tərəfdaşa çevrildiyini göstərir.
Dövlət başçısı həmçinin yaxın gələcəkdə yeni yataqlardan qaz hasilatına başlanacağını açıqladı. Bu isə Azərbaycanın enerji ixrac imkanlarının daha da genişlənəcəyini göstərir. Avropa ilə əməkdaşlığın qarşılıqlı maraqlara əsaslandığını vurğulayan Prezident İlham Əliyev bildirdi ki, “Avropanın Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var”.

Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi. Prezident İlham Əliyev Yaxın Şərqdəki gərginliklərə toxunaraq Azərbaycanın enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsi sayəsində daha dayanıqlı mövqedə olduğunu qeyd etdi. O vurğuladı ki, “biz daim diplomatiyanın tərəfdarıyıq”. Rəsmi Bakı hesab edir ki, enerji layihələrinin uğuru qonşularla etibarlı münasibətlər və çoxtərəfli əməkdaşlıq mexanizmləri ilə mümkündür.
Geri dön